Azərbaycanda 24 yanvarın kriminal xronikası

Azərbaycanda 24 yanvarın kriminal xronikası

25 Yanvar 2012 16:03
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.
7 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.

Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

24.01.2012
Yanvarın 24-də saat 19.30 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində Gəncə şəhər sakini Oqtay Hümbətov "QAZ-33021" markalı avtomaşını idarə edərkən kənd sakini Cəmilə Bənnayevanı vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

24.01.2012
Yanvarın 24-də saat 20.00 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elnurə Məmmədbaxışlı vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Masallı rayonunun Kürdəbaz kənd sakini Əhliman Səmədovun meyiti tapılmışdır

24.01.2012
Yanvarın 24-də Masallı rayonunun Qarğalıq kəndi ərazisindən keçən kanalda, Kürdəbaz kənd sakini Əhliman Səmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.

Balaxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Babayevin evinə baxış zamanı 1 ədəd tapança aşkar edilərək götürülmüşdür

24.01.2012
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Babayevin evinə baxış zamanı oradan qanunsuz olaraq saxladığı 1 ədəd "Makarov" markalı tapança aşkar edilərək götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Zaur Əhmədovdan 0,167 qram heroin götürülmüşdür

24.01.2012
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də 194 saylı xətt avtobusunda, Bakı şəhər sakini Musa Əliyevin cibindən mobil telefonunu oğurlanmış şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əhmədov tutulmuş, ondan 0,167 qram heroin götürülmüşdür.

Sumqayıt şəhər sakini Sərdar Məmmədalıyev tapdığı 6,85 kqram olan ağ civəni təhvil vermişdir

24.01.2012
Yanvarın 24-də Sumqayıt şəhər sakini Sərdar Məmmədalıyev şəhər ərazisindəki parkda abadlıq işləri aparan zaman tapdığı plastik qabın içərisində çəkisi 6 kiloqram 850 qram olan ağ civəni Sumqayıt ŞPİ 3-cü PB-yə təhvil vermişdir.

Novruzbəy Ağayevi qətlə yetirməkdə şübhəli bilinən Qusar rayon Gədəzeyxur kənd sakini Kamil Vəlimətov tutulmuşdur

24.01.2012
Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Novruzbəy Ağayevi qarət məqsədi ilə qətlə yetirmiş Gədəzeyxur kənd sakini Kamil Vəlimətov tutulmuşdur. K.Vəlimətov izahatında hadisəni törədərkən, həmin evdə müvəqqəti yaşayan İradə İsrafilovaya da bıçaq və lezviya ilə xəsarət yetirməsini, iplə boğmasını və ölməsini zənn edərək, hadisə yerindən getməsini bildirmişdir. İ.İsrafilova verilmiş izahatı təsdiqləmişdir.

Quldurluq etməkdə şübhəli bilinən Zəngilan rayon sakini Oruc Mehdiyev, Bakı şəhər sakinləri Rövşən Rəfiyev və Bəhruz Məmmədov tutulmuşlar

24.01.2012
Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 30-da Gürcüstan vətəndaşı Eldar Musayevə qarşı zor tətbiq edərək 78500 dollar pulunu almış Zəngilan rayon sakini Oruc Mehdiyev, Bakı şəhər sakinləri Rövşən Rəfiyev və Bəhruz Məmmədov tutulmuşlar.

Dəm qazından zəhərlənmiş Sabunçu rayonu ərazisində yaşayan Allahyar Məmmədov xəstəxanada ölmüşdür

24.01.2012
Yanvarın 24-də Sabunçu rayonu ərazisində yaşayan Allahyar Məmmədov evindən dəm qazından zəhərlənərək xəstəxanaya aparılmış və orada ölmüşdür.

O.M.