İstintaq materialından: Qısqanclığın acı faciəsi

İstintaq materialından: Qısqanclığın acı faciəsi

25 Yanvar 2012 12:06
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Əli Bayramlı (Şirvan) şəhərində baş verib

BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Şirvan şəhər sakini Zaur Əmənovun məhkəmə istintaqı başa çatıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Zaur Əmənov 26 oktyabr 2007-ci ildə saat 20:00 radələrində Əli Bayramlı (Şirvan) şəhərində yerləşən "Yeganə" şadlıq sarayında əvvəllər yaxın münasibətlərdə olduğu Məlahət Baxışovanın əri Sabir Baxışovla rastlaşıb. Sonuncu onu arvadına qısqandığını deyərək, onların intim münasibətində olduqlarından şübhələndiyini bildirib. Yayılmış şayiələrin yalan olması barədə and içmək üçün Sabir Baxışov Zaur Əmənovu öz evlərinə aparmağa çalışıb. Zaur Əmənov Sabir Baxışovun tələbi ilə onunla birlikdə şadlıq sarayını tərk edib. Qısqanc ər tərəfindən öldürülə biləcəyini güman edən Zaur Əmənov onu "qabaqlayıb". Belə ki, o, siqaret alacağını bəhanə edərək Sabir Baxışovdan aralanaraq tanışı Ramin Həsənovun satıcı işlədiyi ərzaq malları dükanına girərək, ondan kolbasa doğramaq bəhanəsi ilə mətbəx bıçağı əldə edərək cibində gizlədib. Bundan sonra Sabir Baxışovla birlikdə yoluna davam edib. Yolda Sabir Baxışov yenə də ona inanmadığını deməklə hədə-qorxu gəlib. Bu zaman Zaur Əmənov cibində gizlətdiyi bıçağı çıxararaq Sabir Baxışovun qarın nahiyəsindən bir dəfə zərbə endirib. Sonuncunun haray salıb camaatı köməyə çağırdığından qorxaraq hadisə yerindən qaçıb. Sabir Baxışovun harayına gələn qonşuları və yaxınları onu xəstəxanaya çatdırmalarına və orada ona tibbi yardım göstərilməsinə baxmayaraq, o, xəstəxanaya çatdırılandan az sonra baş vermiş kəskin qan itirmədən dünyasını dəyişib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Əmənov Zaur Teyyub oğlu - 1980-ci ildə Əli Bayramlı (Şirvan) şəhərində anadan olub. Əvvəllər məhkum edilib. Subaydır. Ali təhsillidir. Əli Bayramlı şəhəri T.İsmayılov küçəsində yaşayır. AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

Təqsirləndirilən şəxs qismində dindirilən Zaur Əmənov ifadəsində göstərib ki, Sabir Baxışovun arvadı Məlahətlə 2003-cü ildə tanış olub, sonradan bu tanışlıq sonuncunun təklifi və təşəbbüsü ilə intim münasibətlərə çevrilib: "Məlahətin təklifi ilə dəfələrlə müxtəlif yerlərdə, o cümlədən, Məlahətin evində görüşmüşük. 2005-ci ilin Novruz bayramında Məlahət evlərində məni əri Sabirlə tanış etdi. Sonralar qohumumu işə düzəltdiyinə görə Sabirlə münasibətlərimiz daha da yaxşılaşdı. Sabir və Məlahət mənə müxtəlif işlərdə köməklik ediblər.

"MƏLAHƏTLƏ ARAMIZDA OLANLARI İNKAR ETDİM"

2007-ci ilin iyul ayından başlayaraq Sabir məni arvadına qısqanmağa başladı, parkda bizi bir yerdə gələrkən gördükdə isə iradını bildirdi. Məlahətlə aramızda olan münasibətləri Sabirdən gizlətdim. Məlahət isə ərinə boş-boş danışdığını söylədi. Bundan bir müddət sonra Sabir mənimlə parkda rastlaşanda bu söhbəti təzələyib üzümə tüpürdü, mən isə Məlahətlə aramızda olanları inkar etdim. Həmin vaxtdan Məlahət müxtəlif bəhanələr gətirməklə mənimlə münasibətlərini pozmağa başladı. 2007-ci ilin sentyabr ayında isə guya onu telefonda təhqir etdiyimə görə Əli Bayramlı ŞPŞ-nə şikayət etdi. Bu səbəbdən də Məlahətlə və onun əri Sabirlə əlaqələrimi kəsdim.

Ötən ilin oktyabr ayının 26-da orta məktəbdə paralel sinifdə oxuduğum Elnur Almazovun "Yeganə" şadlıq evində keçirilən toy mərasimində iştirak edərkən təsadüfən Sabirlə rastlaşdım. Sabir məni çoxdan axtardığını, söhbət etmək istədiyini bildirib qoluma girərək məni aşağı düşürtdü. Biz söhbət edə-edə "Şirvan klub"un qarşısındakı parka gəldik.

"MƏNİ HƏDƏLƏYİR, BAŞIMA OYUN AÇACAĞINI DEYİRDİ"

Sabir arvadı Məlahətlə gəzdiyimə görə mənə iradını bildirdikdə, and-aman edib hər şeyi gizlətdim, Məlahətlə yaxınlıq etmədiyimi bildirdim. Sabir mənə inanmayaraq onlara getməyi və belə halın olmadığı haqda Məlahətin yanında Qurana and içməyi təklif etdi və məni özü ilə evlərinə getməyə vadar etdi. Yolda Sabir tez-tez əlini cibinə salıb məni hədələyir, başıma oyun açacağını deyirdi. Sabirin mənə qarşı nə isə edə biləcəyini fikirləşib siqaret almaq bəhanəsi ilə yaxınlıqdakı dükana girdim, orada bir məhəllədə yaşadığım Ramin adlı oğlandan kolbasa doğramaq bəhanəsi ilə mətbəx bıçağı götürüb cibimə qoydum və Sabirlə getməkdə davam etdim. Sabir yolboyu məndən əl çəkmir, söyüb sillə ilə vururdu. Onu sakitləşdirməyə çalışsam da, məni hədələməkdə davam edirdi. 20 saylı məktəbin yanına çatanda Sabirgilin yaşadığı binaya gedən ara yolda o, əlini növbəti dəfə cibinə saldı, Sabirin təhqirlərinə və hədələrinə dözməyərək əsəbiləşdim, cibimdən bıçağı çıxarıb qarın nahiyəsinə zərbə endirdim. Sabir bərkdən çığırmağa başladıqda qorxub evimizə tərəf qaçdım.

"SABİRİ ÖLDÜRMƏK FİKRİNDƏ OLMAMIŞAM"

Yolda bıçağı çöllüyə tullayıb evə gəldim, pencəyimi dəyişib gödəkcəmi geyinəndən sonra anama məni tutacaqlarını deyib evdən çıxdım, yenidən şadlıq evinə gəldim. Toyda 103-ü yığıb Sabirin xəstəxanada öldüyünü öyrəndim. Gecəni evə getməyib Sabirin yaşadığı binanın yaxınlığındakı tikintisi tamamlanmamış binada gizləndim. Lakin artıq polis tərəfindən axtarıldığımı və tutulacağımı başa düşərək ertəsi gün Əli Bayramlı ŞPŞ ilə telefon əlaqəsi yaradaraq özümü və cinayətdə istifadə etdiyim bıçağı təqdim etmək istədiyini dedim. Döyüləcəyimdən qorxaraq qardaşım Elman və inandığım adam kimi Əli Bayramlı ŞPŞ-nin rəis müavini Natiq Əliyevin gəlməsini xahiş etdim. Qardaşım Elman və Natiq Əliyev gələndən sonra Sabiri vurduğum bıçağı tulladığım yerdən götürərək onlarla birlikdə Əli Bayramlı ŞPŞ-nə gəldim və bıçağı təqdim etdim. Sabiri öldürmək fikrində olmamışam, zərbə təsadüfən onun qarnından tutub".

Zərərçəkmiş şəxs qismində dindirilən Nizami Məmmədov (mərhumun qardaşı) ifadəsində göstərib ki, 26 oktyabr 2007-ci il tarixdə qardaşı arvadı Məlahət ona zəng edərək qardaşı Sabirin Zaur Əmənov tərəfindən qətlə yetirildiyini xəbər verib: "Dərhal qardaşımgilə gəldim, orada məlum oldu ki, Sabir "Yeganə" şadlıq evindən toydan çıxıb evinə gələrkən Zaur tərəfindən bıçaqlanıb, xəstəxanaya aparılsa da, kəskin qan itirmədən ölüb".

"ONUN MƏNİM BARƏMDƏ DEDİKLƏRİ AĞ YALANDIR"

Şahid qismində dindirilən Məlahət Baxışova ifadəsində göstərib ki, hadisə baş verən gün əri Sabir tanışları Mirzəcan Almazovun oğlunun toy məclisinə gedib. Saat 21:00 radələrində qızı Ülkər atasına zəng vurub və Sabir ona şadlıq sarayından çıxdığını deyib. Az sonra qonşuları İlkin onun mobil telefonuna zəng edərək məktəbin yanında Sabirin ürəyi getdiyini deyib: "Təcili yardıma zəng vurdum, qızım Ülkərlə və qonşularımla birlikdə oraya getdim, Sabirin stulda oturduğunu gördüm. Sabirin üst başında qan görmədiyim üçün heç nədən şübhələnmədim və ona təcili yardımın gələcəyini bildirib təsəlli verdim. Qonşularım Fikrət, Zinhar və Sədxan, habelə qızım Ülkər Sabiri maşına mindirib xəstəxanaya apardılar. Evə qayıdıb paltarımı dəyişərək xəstəxanaya gəldikdə Sabirin öldüyünü bildim. Ülkər dedi ki, yolda atası Zaur Əmənovun onu bıçaqla vurduğunu deyib.

Zaurla Sabirin arasında əvvəllər mübahisə olduğunu görməmişəm. Sabirin məni Zaura qısqanması barədə məlumatım olmayıb. Zaurla intim münasibətdə olmamışam və bu barədə sonuncunun dedikləri yalandır".

Şahid qismində dindirilən Ramin Həsənov ifadəsində göstərib ki, Zaur Əmənovu məhəllə uşağı kimi tanıyıb. 26 oktyabr 2007-ci ildə Zaur Əmənov onun işlədiyi dükana gələrək kolbasa doğramaq üçün bıçaq lazım olduğunu deyib və o, da heç nədən şübhələnmədən mağazada istifadə etdikləri qara dəstəkli mətbəx bıçağını ona verib: "Zaur bıçağı götürüb mağazadan çıxdı, lakin sonradan bıçağı qaytarmadı. Ertəsi gün Zaurun tutulduğunu eşitdim və bildim ki, Zaur həmin bıçaqla Sabir Baxışov adlı şəxsi qətlə yetirib".

"ZAURUN ATAMI HANSI SƏBƏBDƏN ÖLDÜRDÜYÜNÜ BİLMİRƏM"

Şahid qismində dindirilən Ülkər Baxışova ifadəsində göstərib ki, hadisə baş verən gün atası Sabir toya gedib. Saat 21 radələrində İlkin adlı qonşuları anasına zəng vuraraq atasının 20 saylı məktəbin yanında ürəktutması olduğunu bildirəndən sonra anası və qonşuları ilə birlikdə oraya qaçıblar: "Atam stulda oturmuşdu, ətrafına çoxlu adam yığışmışdı. Ondan nə olduğunu soruşanda atam "məni Zaur vurdu" dedi. Tez maşın tutaraq atamı xəstəxanaya apardıq. Lakin atam aldığı xəsarətdən keçindi. Zauru anamın tanışı kimi tanımışam. Zaurun atamı hansı səbəbdən öldürdüyünü bilmirəm".

QEYD: Məhkəmənin hökmü ilə Zaur Əmənov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

O.M.