Azərbaycanda 23 yanvarın kriminal xronikası

Azərbaycanda 23 yanvarın kriminal xronikası

24 Yanvar 2012 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 60 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

8 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.

Qusar rayon sakini N.Ağayevin küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır

23.01.2012

Yanvarın 23-də Qusar rayonunun Gədəzeyxur kəndində kənd sakini Novruzbəy Ağayevin küt alətlə qətlə yetirilmiş meyiti evində tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Qusar RPŞ tərəfindən aparılır.

Binəqədi rayonu ərazisində yaşayan Q.Həsənov ailə münaqişəsi zəminində arvadına bıçaqla xəsarət yetirmişdir

23.01.2012

Yanvarın 23-də Binəqədi rayonu ərazisində yaşayan Qəhrəman Həsənov ailə münaqişəsi zəminində arvadı Zabitəyə bıçaqla xəsarət yetirmişdir. Q.Həsənov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Xətai rayonu ərazisində "Toyota Prado" markalı avtomaşınla Bakı şəhər sakini X.Novruzova vurulmuşdur

23.01.2012

Yanvarın 23-də saat 07.25 radələrində Xətai rayonu ərazisində Ucar rayon sakini Elşən Rüstəmov "Toyota Prado" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Xanımgül Novruzovanı vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Sabirabad rayonu ərazisində N.Əliyev avtomaşını idarə edərkən iki piyadanı vurmuşdur

23.01.2012

Yanvarın 23-də saat 13.00 radələrində Sabirabad rayonunun Cavad kəndi ərazisində rayon sakini Nizami Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən Yarməmməd İsmayıllını və Əlibala Qədirovu vurmuşdur. Xəsarət almış Ə.Qədirov xəstəxanaya aparılarkən yolda ölmüş, Y.İsmayılova isə tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Bakı şəhər sakini İ.Soltanlı saxta əsginasları satarkən tutulmuşdur

23.01.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsgəndər Soltanlı 700 ədəd saxta 100 dollarlıq əsginası 4000 manata satarkən tutulmuşdur.

Yanvarın 22-də T.Şahbazovun evindən oğurluq etmiş iki Bakı şəhər sakini tutulmuşdur

23.01.2012

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Tofiq Şahbazovun evindən oğurluq etmiş Bakı şəhər sakinləri Cavid Əliyev və Samirə Əzizova tutulmuşlar.

Oğurluqda şübhəli bilinərək saxlanılmış Sumqayıt şəhər sakini N.Dadaşovdan heroin götürülmüşdür

23.01.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nəriman Dadaşov polisə gətirilmiş, onun üstünə baxış zamanı 1,501 qram heroin, 12 ədəd pul kisəsi və 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür.

Şirvan şəhəri ərazisində şəhər sakini A.Novruzov su arxına düşərək boğulmuşdur

23.01.2012

Yanvarın 23-də Şirvan şəhəri ərazisində şəhər sakini Ağabala Novruzov ehtiyatsızlığından su arxına düşərək boğulmuşdur.

Goranboy rayonu ərazisindəki meşə zolağında iki nəfər mina partlayışından xəsarət almışdır

23.01.2012

Yanvarın 23-də Goranboy rayonunun Qaraçinar kəndi ərazisindəki meşə zolağında, Şəfəq kənd sakini Qəmbər Abbasov və Kəlbəcər rayon sakini Məmməd Vəliyev minalanmış sahəyə düşmüşlər. Baş vermiş partlayışdan xəsarət almış Q.Abbasov və M.Vəliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Masallı rayon sakini P.İsmayılova nəfəs yolunda qida qalması nəticəsində ölmüşdür

23.01.2012

Yanvarın 23-də Masallı rayonunun Xıl kənd sakini Pərvanə İsmayılova nəfəs yolunda qida qalması nəticəsində xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.

Sumqayıt şəhər sakini T.Məmmədova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

23.01.2012

Yanvarın 23-də Sumqayıt şəhər sakini Turanə Məmmədova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Arvadı Bəstini ehtiyatsızlığı nəticəsində öldürmüş Xocalı rayon sakini Ramil Xəlilov könüllü olaraq təslim olmuşdur

23.01.2012

Yanvarın 23-də Oğuz rayonunda yaşayan Xocalı rayon sakini Ramil Xəlilovun sərxoş halda tüfəngdən açdığı atəşdən arvadı Bəsti ölmüşdür. R.Xəlilov könüllü olaraq Oğuz RPŞ-yə gəlmiş, hadisə zamanı istifadə etdiyi 1 ədəd "Tula" markalı ov tüfəngini təhvil verərək, izahatında hadisəni ehtiyatsızlığı nəticəsində törətdiyini bildirmişdir.

Kağız üzərində qalmış qanun nə vaxtsa kağıza yazılan cinayət işinə çevrilə bilər...

Murad Şahməmmədov

O.M.