İstintaq materialından: Qanla sonuclanan ailə dramı

İstintaq materialından: Qanla sonuclanan ailə dramı

23 Yanvar 2012 17:02
Bəyəndim (0) Bəyənmədim (0)
Spirtli içkinin növbəti qurbanı Şəki sakini oldu

BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Şəki şəhər sakini Elçin Rüstəmzalovun məhkəmə istintaqı keçirilib. Təqsirləndirilən şəxs ölümə sui-qəsddə ittiham olunub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Elçin Rüstəmzalov ötən il oktyabrın 15-dən 16-na keçən gecə saat 00:20 radələrində sərxoş vəziyyətdə qonşusu Mustafa Məmmədovu qətlə yetirmək istəyib. Bu məqsədlə daşyonan balta götürərək Mustafa Məmmədovun yaşadığı həyətə gəlib. Ev sahibəsi Mehparə Məmmədovanı söyüb, Mustafa Məmmədovun isə üstünə hücum çəkərək sonuncunu balta ilə vurmağa cəhd göstərib. Lakin Mustafa Məmmədov baltanı onun əlindən ala bilib.

Hadisənin səhəri günü Mehparə Məmmədova polis şöbəsinə gedərək Elçin Rüstəmzalovun hərəkətindən şikayət edib. Bundan hiddətlənən Elçin Rüstəmzalov növbəti dəfə bıçaqla silahlanıb. Oktyabrın 16-da saat 19:00 radələrində Elçin Rüstəmzalov şikayət etdiyinə görə Mehparə Məmmədovadan qisas almaq üçün sonucunun yaşadığı evə gəlib. O, Mehparə Məmmədovaya bıçaqla iki zərbə vurub, həmin vaxt Mehparənin səsinə Elçinin öz anası Həqiqət Əliyeva həyətə gəlib və qonşusunu oğlunun əlindən almağa çalışıb. Ortalığa girərkən o da oğlunun bıçaq zərbəsinə tuş gəlib. Hər iki yaralı xəstəxanaya götürülüb və həyatları xilas edilib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Rüstəmzalov Elçin Zahid oğlu - 1974-ci ildə Şəki şəhərində anadan olub. Əvvəllər məhkum edilib. Ailəlidir. Orta təhsillidir. Himayəsində bir azyaşlı uşağı var. Şəki şəhəri Novruz küçəsi 40 saylı evdə yaşayır. AR CM-nin 29,120.1, 29,120.2.3, 29,120.2.7 və 29,120.2.10 maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

Təqsirləndirilən şəxs qismində dindirilmiş Rüstəmzalov Elçin ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən təxminən 10 gün əvvəl yaşadığı evinin həyətində arvadı Şəlaləyə acıqlandığı üçün öz anası ilə arasında mübahisə düşüb:

- Səs-küyə qonşumuz Mehparə bizə gəldi və həyətə girən kimi "ay oğraş nə səs-küy salmısan?" deyə mənə acıqlandı. Mən ona bir neçə dəfə dedim ki, çıx get, sənlik deyil. Mehparənin əri Mustafadan və oğlu Turaldan xahiş elədim ki, onu götürüb həyətdən çıxsınlar. Onlar Mehparəni həyətdən çıxarmağa çalışsalar da, o çıxmadı, mənimlə mübahisə etməyə başladı. Mən əsəbiləşib həyətdəki stolun üstündəki su dolçasını götürüb Mehparəyə tərəf tulladım. Dolça anamın başına dəydi. Sonra polis əməkdaşları gəlib məni polis şöbəsinə apardılar.

Oktyabrın 15-də tanışım Sahiblə adını bilmədiyim bir nəfərin həyətində fəhləlik edib 16-na keçən gecə evə qayıdarkən Mustafanın darvazasının yanına çatanda həyətlərindən danışıq səsləri eşitdim. Torbamda olan daşyonan baltanı çıxarıb onların qapılarını döyməyə başladım. Məqsədim o idi ki, Mehparədən nəyə görə yolda-izdə dalımca ağlına gələni danışmasının səbəbini aydınlaşdırım. Qapını açdılar, Mustafa gəlişimin səbəbini soruşdu. Mən də səbəbini dedim. Mustafa məndən soruşdu ki, söhbətə baltayla gəlirlər? Mən də bildirdim ki, başqa niyyətim yoxdur, sadəcə, işdən gəlirəm, baltayla da işdə daş yonmuşam. İşdə qoyub gəlməli deyildim ki. Onda Mehparə baltanı məndən istədi, mən də verdim.

Baltanı əlimdən verən kimi Mustafa və Mehparə məni itələyə-itələyə həyətdən çıxarmağa başladılar. Mən də çıxıb getdim evimə. Səhəri gün eşitdim ki, Mustafagil baltanı aparıb polis şöbəsinə veriblər və şikayət ərizəsi yazıblar ki, guya mən baltayla onların üstünə hücum çəkmişəm. Bu haqsızlığa dözməyərək həmin gün axşam saatlarında bıçaq götürərək Mustafanın evinə yollandım. Qapını Mehparə açdı, xahiş elədim ki, Mustafanı çağırsın. Dedi ki, evdə yoxdur. Mən ondan soruşdum ki, nəyə görə baltanı aparıb polisə vermisiniz. O isə məni söyməyə və səs-küy yaratmağa başladı, bu vaxt anam da səsə qaça-qaça gəldi. Mehparə məni söydüyü üçün onu bıçaqla vurmaq istəyəndə anam araya girdi, ona görə də bıçaq anama dəydi. Sonra Mehparəni də bıçaqla vurdum. Qonşular və qardaşım Yalçın hadisə yerinə gəldiyindən mən bıçağı həyətə tullayıb küçəyə çıxdım, əvvəlcə çayçıya getdim, çay içib polisə getmək üçün küçəyə çıxanda gördüm ki, özləri dalımca gəliblər. Mustafanı və Mehparəni öldürmək niyyətim olmayıb".

Zərərçəkmiş şəxs qismində dindirilmiş Mustafa və Mehparə Məmmədovlar ifadələri ilə təsdiqləyiblər ki, Elçin Rüstəmzalov onları balta ilə qətlə yetirməyə cəhd edib. Lakin onlar bu cəhdin qarşısını ala biliblər. Mustafa Məmmədov ifadəsində göstərib ki, qonşusu Elçin Rüstəmzalov ilə onların arasında bir müddətdir münasibətlər pisləşib. Buna səbəb isə Elçinin mütəmadi olaraq anasını döyməsi, qonşuların isə onların ailə işlərinə müdaxilə etməsi olub:

- 15 oktyabr 2007-ci ildə gecə vaxtı Elçin əlində balta sərxoş vəziyyətdə həyətimə gələrək, arvadımı və məni nalayiq söyüşlərlə təhqir etdi, sonra üstümə hücum çəkərək, "səni bu balta ilə öldürəcəm" deyib iki əli ilə baltanı yuxarı qaldırıb başıma endirərkən sağ əlimlə baltanın sapından yapışıb kənara atdım. Həmin vaxt səs-küyə gələn arvadım Mehparənin köməyi ilə Elçini zorla həyətdən çıxartdıq. Səhəri günü Mehparə polis şöbəsinə gedib Elçinin hərəkətlərindən şikayət ərizəsi verdi və baltanı polisə təqdim etdi. 16 oktyabr 2007-ci ildə bağda işləyib evə qayıtdım, yorğun olduğum üçün yatdım, gecə saat 24:00-da yuxudan oyandım. Həmin vaxt oğlum Turaldan və gəlinimdən Elçinin öz anası Həqiqəti, mənim arvadım Mehparəni bıçaqla vurmasını eşitdim.

Zərərçəkmiş şəxs qismində dindirilmiş Mehparə Məmmədova ifadəsində göstərib ki, qonşusu Elçin dəfələrlə öz evlərində anası ilə mübahisə edib onu döyəndə, onları ayırıb, Elçini nizam-intizama dəvət edib:

- 15 oktyabr 2007-ci ildə Elçin həyətimizə gələrək nalayiq söyüşlər söydü, ərimin üstünə cumaraq onu baltayla vurmaq istədi. Lakin Mustafa Elçinin biləyindən bərk tutub sıxdığı üçün balta yerə düşdü. Biz Elçini çox çətinliklə həyətdən çıxartdıq. Səhəri günü baltanı polis şöbəsinə təqdim edərək Elçinin hərəkətləri barədə şikayət ərizəsi yaxdım. Ertəsi gün küçədə olarkən Elçinin ünvanıma nalayiq söyüşlər söyə-söyə gəldiyini görüb heç bir əhəmiyyət vermədim və həyətə girib tövləni təmizləməyə başladım. Bu vaxt Elçin arxamca həyətə girərək Mustafanı çağırdı. Onu həyətdən çıxarmaq istəyərkən şalvarının arxa belindən bıçağı çıxarıb "səni indi bununla öldürəcəm" deyərək məni vurmağa çalışdı. Bu vaxt Elçinin anası Həqiqət araya girdi. Elçin qabağında dayanmış anasını əvvəl təpiklə vurdu, sonra isə "ikinizi də öldürəcəm" deyərək əlindəki bıçaqla onun başına zərbə endirdi. Yerə yıxılmış Həqiqəti əyilib yerdən qaldırmaq istəyəndə Elçin arxadan mənim bel nahiyəmə bıçaqla vurdu, növbəti zərbəni endirmək istəyəndə bıçağı onun əlindən zorla aldım. Hazırda Elçinə qarşı iddia və tələbim yoxdur, onu bağışlayıram.

Zərərçəkmiş qismində dindirilənlərdən biri təqsirləndirilənin öz anası Həqiqət Əliyeva olub. Həqiqət Əliyeva ifadəsində göstərib ki, oğlu Elçinin ailəsi onun evində yaşayır. Elçin 2007-ci ildə Rusiyadan qayıtdıqdan sonra sərxoşluqla məşğul olduğundan həm arvadı, həm də anası ilə tez-tez dalaşıb:

- Elçin arvadı ilə yola getmirdi, arvadından tələb edirdi ki, uşaqları da götürüb atasının evinə qayıtsın. Məndən və atasından pul tələb edirdi, biz pul verməyəndə məni də, atasını da döyüb-söyürdü. Hadisədən təqribən 10 gün əvvəl Elçin yenə evə sərxoş gəldi. Həmişəki kimi dava-dalaş saldı, sonra da mal tövləsini yandırdı, məni döydü. Qonşum Mehparə mənim qışqırıq səsimə həyətə gəldi. Məni Elçinin əlindən alanda Elçin onun üstünə qışqırdı, dedi ki, ailə işimizə qarışma. Mən həmin gün polis şöbəsinə gedib Elçinin məni döyməsi və tövləni yandırması barədə şikayət ərizəsi yazdım. Ancaq heç bir tədbir görmədilər. Əksinə, oğlum bundan xəbər tutub məni daha tez-tez döyməyə başladı.

Oktyabrın 15-dən 16-na keçən gecə Elçin sərxoş vəziyyətdə evə gəldi, çay içib, həyətə çıxdı, sonra balta götürüb getdi. Bir neçə dəqiqədən sonra eşitdim ki, Mehparənin qapısı möhkəm çırpılır. Sonra Mehparənin, Mustafanın və Elçinin səsi gəldi. Başa düşdüm ki, Elçin yenə aləmi qarışdırıb bir-birinə. Mehparə qışqırırdı ki, sənə nə pisliyimiz keçib ki, üstümüzə baltayla gəlmisən? Sonra başa düşdüm ki, Elçini küçəyə tulladılar. Sabahı gün axşam saatlarında Elçin yenə sərxoş vəziyyətdə evə gəldi. Bir neçə dəqiqə həyətdə dayanandan sonra küçəyə çıxdı. Bir azdan Mehparəgilin həyətində səs-küy qopdu. Mən bilirdim ki, Mustafa evdə yoxdur, ona görə də cəld onlara qaçdım. Gördüm ki, Elçin Mehparənin yaxasından yapışıb, onu bıçaqla vurmaq istəyir. Mehparə isə həyətdə o tərəf bu tərəfə qaçaraq süpürgə ilə özünü müdafiə etməyə çalışır. Mən Mehparəni onun əlindən almaq istəyəndə bıçaq başımdan dəydi, bıçağı tutmaq istəyəndə isə əllərim kəsik-kəsik oldu, yerə yıxıldım, Elçin Mehparəyə iki dəfə bıçaq zərbəsi vurdu. Oğluma qarşı heç bir iddia və tələbim yoxdur.

QEYD: Məhkəmənin hökmü ilə Elçin Rüstəmzalov 12 il müddətinə azadlıqdan məhrum edilib.

SON SÖZ ƏVƏZİ

Odur ki, spirtli içki haram buyurulub...

İnarə Rafiqqızı

O.M.