İstintaq materialından: Məktub yetişmədi

İstintaq materialından: Məktub yetişmədi

23 Yanvar 2012 15:47
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Bakı şəhəri Mehdiabad qəsəbəsində baş verib

BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Eqamberdiyev Sultanjon Jumabayeviçin məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Sultanjon Eqamberdiyev qeyri-rəsmi arvadı olan Samirə Mikayılovanın xalatının cibindən başqa şəxsə ünvanlanmış sevgi məktubu taparaq götürüb. Bununla bağlı aralarında dəfələrlə mübahisə və dava-dalaş düşüb. Növbəti dəfə - 17 iyul 2011-ci ildə yenidən ər-arvad arasında qalmaqal yaşanıb. Qadın ərindən sözügedən məktubu ya qaytarmasını, ya da yandırmasını tələb edib. Arvadının dedikləri ilə razılaşmadıqda, qadın ondan ayrılmaq istədiyini, bundan sonra kiminlə istərsə görüşəcəyini bildirib. Qısqanclıqdan gözü dönən ər arvadının dediklərindən daha da əsəbiləşərək ondan intiqam almaq qərarına gəlib. Bu məqsədlə də o, masanın üzərində olan mətbəx bıçağını götürərək Samirə Mikayılovanın qarın və döş qəfəsindən 2 dəfə vuraraq ona ağır dərəcəli bədən xəsarəti yetirib. Kəskin qanitirmə nəticəsində Samirə Mikayılova dünyasını dəyişib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Eqamberdiyev Sultanjon Jumabayeviç - 1972-cı ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olub. Əvvəllər məhkum edilməyib. Orta təhsillidir. Subaydır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır. AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Gecə vaxtı arvadımın maşından düşdüyünü gözlərimlə gördüm"

Təqsirləndirilən şəxs qismində dindirilən Sultanjon Eqamberdiyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 1993-cü ildən Samirə Mikayılova ilə ər-arvad kimi yaşadığını, lakin rəsmi nikahları olmadığını göstərib: "Birgə yaşadığımız dövrdə 3 uşağımız olub. Mən şəxsi evlərdə ustalıqla məşğul olurdum. 2011-ci ilin mart-aprel aylarından Samirə ilə aramızda maddi çətinlik üzündən tez-tez mübahisəmiz düşürdü. Təxminən 2011-ci ilin mayında axşam vaxtı Samirəni qarşılamaq üçün evdən küçəyə çıxanda bir avtomobilin küçəyə dönərək dayandığını və işıqlarını söndürdüyünü gördüm. 15-20 dəqiqədən sonra avtomobil işə salınaraq bizim evin qabağına sürüldü. Orada bir az qaranlıq yerdə avtomobil yenə 15-20 dəqiqə dayandıqdan sonra həmin maşından arvadım Samirə düşdü.

"Arvadımdan şübhələnməyə başlamışdım"

Evdə bu məsələni aydınlaşdırmaq üçün Samirədən kiminlə gəldiyini, həmin maşının sürücüsünün kim olduğunu soruşdum. Samirə dedi ki, maşını sürən onun müdiri Rəşaddır, gec olduğuna görə onu özü evə gətirib. Bundan sonra arvadımdan şübhələnməyə başlamışdım. Ondan dəfələrlə işdən çıxmağını tələb etmişdim. Hətta bu barədə Samirənin bizimlə qonşuluqda yaşayan qardaşı Habilə və valideynlərinə də danışmışdım.

"Paltarının cibindən sevgi məktubu tapdım"

13 iyul 2011-ci ildə evdə Samirənin paltarının cibindən müdiri Rəşada yazılmış sevgi məktubu tapdım. Həmin məktubda Samirə Rəşada onu necə sevdiyini, ürəyinin ancaq ona aid olduğunu, ondan yadigar uşaq istədiyini və s. sözlər yazmışdı. Bu barədə Samirə ilə danışanda o, mənə, "səni qısqandırmaq üçün yazmışam, Rəşadla aramızda heç bir şey olmayıb, o kağız boş bir şeydir", -dedi. Samirə mənə həmin məktubu yandırmağım üçün yalvar-yaxar etməyə başladı.

Samirəyə dedim ki, əgər Rəşadla əlaqəni birdəfəlik kəssə, ailəsinə bağlı qalsa, heç kimə bir söz deməyəcəyəm, hər şeyi yaddan çıxardacağam. Samirə də hər şeyi unudacağını, lakin məktubu tez bir zamanda yandırmağımı dedi. Ona məktubu yandırmayacağımı, özümdə saxlayacağımı bildirdim.

"Ürəyim kiminlə istəyirsə, onunla da gəzəcəm"

17 iyul 2011-ci ildə səhər saat 09 radələrində evdə arvadım Samirə və böyük qızım Şəhla ilə səhər yeməyi yeyərkən işə getmək üçün yolpulum olmadığını, kimdəsə 1-2 manat varsa mənə vermələrini xahiş etdim. Bu zaman Samirə qışqırmağa başladı, özünün iş tapıb işləyəcəyini, uşaqlara özünün baxacağını deyərək, mənim evdən çıxıb getməyimi tələb etdi. Həmin vaxt qızım Şəhla digər otaqda idi. Otağın qapısını bağladım ki, qızım heç nə eşitməsin. Samirəyə özünə iş axtarmamasını dedim. O, yenə də hay-küy salaraq ürəyi kiminlə istəyirsə, onunla da gəzəcəyini dedi.

"Bıçağı sinəsinə sapladım"

Bu sözlərə dözə bilməyib bərk əsəbiləşdim. Ayağa qalxaraq masanın üstündəki mətbəx bıçağını əlimə götürdüm, divanda oturmuş Samirənin saçlarından tutaraq qarnından vurmaq istədim. Lakin Samirə əli ilə mənə müqavimət göstərdi. Samirənin sinəsindən bıçaqla vurdum və bıçağı sinəsinə sancılmış vəziyyətdə qoydum. Səsə qızım Şəhla digər otaqdan çıxaraq anasının sinəsindəki bıçağı gördü və dartıb çıxartdı. Bundan sonra Samirənin valideynlərinin evinə qaçıb xəbər verdi. Samirənin anası, qardaşı arvadı, sonra isə digər qohumları gəldilər. Polisə zəng vurdular. Çox keçmədi ki, polislər yaşadığımız evə gələrək məni polis şöbəsinə apardılar.

Samirəni öldürməyimin səbəbi mənə qarşı etdiyi xəyanətdən əl çəkmək istəməməsi olub. Samirəni qısqandığım üçün qətlə yetirmişəm. Hazırda törətdiyim cinayət əməlindən səmimi peşmançılıq çəkirəm.

"Qızımın hansı səbəbdən öldürülməsini bilmirəm"

Zərərçəkmiş şəxs qismində dindirilən Maqsud Mikayılov ifadəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yarımçıq məktəb tikilisinin ərazisində yaşadığını göstərib: "Əslən Zəngilan rayonundanıq. Məcburi köçkün kimi Mehdiabadda məskunlaşmışıq. Mərhum Samirə mənim doğma qızımdır. Sultanjon Eqamberdiyev qızım Samirə ilə qeyri-rəsmi nikahla evli olublar. 17 iyul 2011-ci ildə səhər saat 07:40 radələrində oğlum Habillə evdən çıxıb qəsəbədə böyük oğlum üçün aldığımız torpaq sahəsinə işləmək üçün getmişdik. Evdən çıxandan 15-20 dəqiqə sonra Habilə zəng olunaraq Sultanjonun Samirəni bıçaqla vurduğu xəbəri verildi. Əvvəl düşündüm ki, yüngül xəsarətdir. Ona görə də Habil evə tək qayıtdı ki, təcili tibbi yardım çağırsın, Samirəni xəstəxanaya aparsınlar. Amma Habil evdən İmrana zəng edərək Sultanjonun Samirəni bıçaqla vurub öldürdüyünü dedi. Bundan sonra İmranla mən Samirənin evinə gəldik. Həmin vaxt artıq həyətdə xeyli camaat, eləcə də polis işçiləri yığılmışdılar. Sultanjonun qızımı hansı səbəbdən öldürməsini bilmirəm".

"Bıçağı çıxardıb yerə tulladım"

Şahid qismində dindirilən Şəhla Eqamberdiyeva ifadəsində hadisə baş verən gün səhər yeməyi hazırladığını göstərib: "Səhər saat 08 radələrində mətbəx otağında səhər yeməyi hazırlayırdım. Atamla anam evdə idilər. Bacım Nisə mağazaya getmişdi, Gülnisə isə nənəmgildə qalmışdı. Nənəmgil bizə bitişik evdə yaşayırdılar. Atam işə getməli, əvvəlki işlərinə görə gecikmiş maaşlarını almalı idi. Yol pulu olmadığına görə məndən 1-2 manat pulum olub-olmadığını soruşdu. Ona pulum olmadığını dedim və yataq otağına keçdim. Həmin vaxt atamla anam nəsə sakit səslə danışırdılar. Yalnız anamın "məktubu qaytar, yandırım məktubu" sözlərini eşidirdim. Yataq otağına keçən kimi atam otağın qapısını bağladı. 1-2 dəqiqə sonra anamın qışqırıq səsini eşidib mətbəxə qaçdım. Qapını açanda anamın sinəsinə mətbəxdə işlətdiyimiz bıçağın sancıldığını gördüm. Qorxumdan tez anamın sinəsindəki bıçağı çıxardıb yerə atdım və nənəgilə qaçdım. Nənəm tez bizə gəldi. Daha sonra dayım, babam və digər qohumlarımız gəldilər.

"Anam məktubu atamın götürdüyünü başa düşdü"

Hadisədən təxminən 5 gün qabaq evdə anamın nəsə məktub yazdığını, ondan nə yazmasını soruşdum. Anam əli ilə məktubun üstünü tutub mənə əhəmiyyətli bir şey olmadığını dedi. Mən də digər otağa keçib televizora baxdım. Bu zaman anam məktubu yazıb bitirərək, mən olan otağa keçib, gizlicə döşəyin arasına qoydu. Sonra evdən çıxıb anasıgilə getdi. Mən məktubu götürüb oxudum. Məktub "Salam Rəşka" sözü ilə başlayırdı. Məktub sevgi məktubu idi. Məktubu oxuyanda əsəbiləşdim və halım dəyişdi. Anam evə gələrkən mənim əsəbi olduğumu görüb nə baş verdiyini soruşdu. Anamdan, "bu nə məktubdur, kimə yazmısan" - deyə soruşduqda, anam mənə acıqlandı, məktubu yandıracağını dedi. İki gündən sonra anam məndən xalatın cibindən həmin məktubu götürüb-götürmədiyimi soruşdu. Mən də ona məktubu görmədiyimi dedim. Anam məktubu atamın götürdüyünü başa düşdü.

Bundan sonra anam atama zəng edərək xalatın cibindən məktub götürüb-götürmədiyini soruşdu. Atam axşam işdən gələndə anamla bu barədə danışmağa başladılar. Həyətdə oturduğum üçün onların nə danışdığını eşitməmişəm. Bu zaman anam çıxıb mənə, "gəl atana denən həmin məktub kimindir", - dedi. Mən də atama yalandan məktubu salonda işləyən bir qızın yazdığını və Samirəyə saxlamaq üçün verdiyini bildirdim. Atama bu cür deməyimi anam məndən xahiş etmişdi. Lakin atam mənə inanmadı. Sonrakı günlərdə də valideynlərim məktubla bağlı mübahisələr edirdilər".

"Bizim aramızda heç bir münasibət olmayıb"

Şahid qismində dindirilən Rəşad İmanov ifadəsində Samirə Mikayılovanın 2011-ci ilin may ayında onlara məxsus olan un məmulatları bişirilən sexə gələrək maddi imkansızlıqdan şikayət edib iş axtardığını söylədiyini göstərib: "Qardaşım Fərhad Samirəni işə götürdü. Samirə 15-16 gün işlədikdən sonra əri onun işləməsini istəmədiyi üçün işdən çıxartdı. 17 iyul 2011-ci ildə isə əmim oğlu mənə keçmiş işçimiz Samirənin əri tərəfindən bıçaqlanaraq öldürüldüyünü xəbər verdi. Samirənin nə səbəbə görə öldürülməsini bilmirəm. O, bizim sexdə işlədiyi müddətdə 3 dəfə maşınla evlərinə aparmışam. Lakin biz heç vaxt tək olmamışıq. Samirə ilə mənim aramda heç bir münasibət olmayıb. Mənim adıma yazılmış məktub barədə də məlumatım yoxdur.

16 iyul 2011-ci ildə tanımadığım mobil telefon nömrəsindən Samirə Mikayılova mənim istifadə etdiyim mobil telefona zəng edərək, "ərim məndən soruşub ki, səninlə hər-hansı əlaqəm var, yoxsa yox. Mən də demişəm ki, səninlə heç bir əlaqəm yoxdur. Bundan sonra ərim mənə and içdirib, mən də and içmişəm ki, səninlə heç bir münasibətim, əlaqəm yoxdur. İndi ola bilsin ki, sənin yanına gəlib mənimlə hər-hansı əlaqən olub-olmamasını soruşsun və sənə də and içdirsin. Xahiş edirəm, ərim deyəni elə, biabırçılıq olmasın", - dedi . Ondan soruşdum ki, nə məsələdir, nə üçün mənim adım ortada hallanır? Samirə dedi ki, özü də bilmir. Dedim ki, problem yoxdur, qoy gəlsin, söhbət edərik. Lakin Samirənin əri mənim yanıma gəlmədi. Səhəri gün Sultanjonun Samirəni evdə bıçaqla vurub öldürdüyünü eşitdim".

QEYD: Məhkəmənin hökmü ilə Eqamberdiyev Sultanjon Jumabayeviç 9 il müddətinə azadlıqdan məhrum edilib.