Azərbaycanda 21 yanvarın kriminal xronikası

Azərbaycanda 21 yanvarın kriminal xronikası

23 Yanvar 2012 11:45
Bəyəndim (0) Bəyənmədim (0)
Həmin gün ölkəmizdə 39 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi

21.01.2012

Yanvarın 20-də saat 12.30 radələrində Gəncə şəhərində müəyyən edilməmiş avtomaşınla şəhər sakini İradə Həsənova vurulmuşdur. Nəticədə piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.01.2012

Yanvarın 21-də saat 23.40 radələrində Yasamal rayonu ərazisində Gəncə şəhər sakini Ceyhun Feyzullayevin idarə etdiyi "Hyundai" və sürücüsü hadisə yerindən qaçmış "VAZ-2104" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "VAZ-2104" markalı avtomaşının sərnişinlərindən Xırdalan şəhər sakini Rəşad Məmmədov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Müşfiq Məmmədova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Binəqədi rayonu ərazisində yaşayan Nazim Hüseynovun dəm qazından boğulmuş meyiti tapılmışdır

21.01.2012

Yanvarın 21-də Binəqədi rayonundakı 3-cü Mədənin ərazisində tikilmiş evdə orada yaşayan Nazim Hüseynovun dəm qazından boğulmuş meyiti tapılmışdır.

Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində keçən qaz xəttində təbii qazın sızması nəticəsində partlayış baş vermişdir

21.01.2012

Yanvarın 21-də saat 14.30 radələrində Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində yaşayan Ələmdar Əliyevə məxsus evin altından keçən qaz xəttində təbii qazın sızması nəticəsində partlayış baş vermişdir. Nəticədə evin tavanında, divarlarında çatlar əmələ gəlmiş, qapı və pəncərə çərçivələri dağılmış, orada usta işləyənlər Bakı şəhər sakini Saydın Rəhimov və Lənkəran rayon sakini Rafiq Şükürov isə xəsarət almışlar.

Yasamal rayonu ərazisində yaşayan Səadət Caidovnaya məxsus mənzildə yanğın baş vermişdir

21.01.2012

Yanvarın 21-də saat 17.30 radələrində Yasamal rayonu ərazisində yaşayan Səadət Caidovnaya məxsus mənzildə yanğın baş vermişdir. Nəticədə yanar konstruksiyalar və oradakı xalça yanmış, S.Caidovna isə aldığı yanıq xəsarətindən ölmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş Samir Soltanovun digər cinayət əməli müəyyən edilmişdir

21.01.2012

Oğurluq etdiyinə görə Xətai RPİ əməkdaşları tərəfindən tutulmuş Samir Soltanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il sentyabrın 9-da Elnarə Hüseynovanın mənzilindən 5000 manat pul, 1 ədəd mobil telefon və qızıl əşyaları oğurlaması da DİN-in Kriminalistik Təhqiqatlar İdarəsi və Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən müəyyən edilmişdir.

Rasim Musayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Şəki şəhər sakini Vidadi Məmmədov tutulmuşdur

21.01.2012

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Rasim Musayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Şəki şəhər sakini Vidadi Məmmədov tutulmuşdur.

Xətai rayon ərazisində yaşayan Pavel Serbin spirtli içki içməsi nəticəsində ölmüşdür

21.01.2012

Yanvarın 21-də Xətai rayon ərazisində yaşayan Pavel Serbin nənəsinin mənzilində olarkən spirtli içki içməsi nəticəsində ölmüşdür.

Astara rayon sakini Naib Əsgərov yaşadığı evdə dəm qazından zəhərlənərək ölmüşdür

21.01.2012

Yanvarın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində kirayədə yaşayan Astara rayon sakini Naib Əsgərov yaşadığı evdə dəm qazından zəhərlənərək ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

21.01.2012

Yanvarın 21-də Sumqayıt şəhər sakini Arzu Abbasova, Abşeron rayon sakinləri Şükür İslamov, Şəhanə Haqverdiyeva, Dilarə Hüseynquliyeva, Ramilə Hüseynova və Ramidə Cəfərova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Lənkəran rayon sakini Aytəkin Kəlbizadə dəm qazından boğularaq ölmüşdür

21.01.2012

Yanvarın 21-də Sumqayıt şəhəri ərazisindəki "Qu Gölü" motelində, orada istirahət edən Lənkəran rayon sakini Aytəkin Kəlbizadə dəm qazından boğularaq ölmüşdür.

O.M.