Azərbaycanda 14 yanvarın kriminal xronikası

Azərbaycanda 14 yanvarın kriminal xronikası

16 Yanvar 2012 12:59
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 42 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 22-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

4 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.01.2012

Yanvarın 14-də saat 12.30 radələrində Hacıqabul rayonu ərazisində rayon sakinləri Məhəmməd Əmirovun idarə etdiyi "Mercedes", Toğrul Əzizlinin idarə etdiyi "VAZ-2106" və Sabirabad rayon sakini Əli Rüstəmovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Əzizli orada ölmüşdür.

Xaçmaz rayonunun Yalama kəndi ərazisində yol-nəqliyyat hadisəsi

14.01.2012

Yanvarın 14-də saat 18.00 radələrində Xaçmaz rayonunun Yalama kəndi ərazisində Bakı şəhər sakini Qəşəm Həsənov "Toyoto-Prado" markalı avtomaşını idarə edərkən Ləcət kənd sakini Ənvər Abbasovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.01.2012

Yanvarın 14-də saat 20.10 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Rasim Əliyev "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu dirəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini Namiq Zeynalov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Cəlilabad rayon sakini Kənan Ağayev 2,151 kq heroini könüllü olaraq polisə təhvil vermişdir

14.01.2012

Yanvarın 13-də metronun "20 Yanvar" stansiyasının yaxınlığında Cəlilabad rayon sakini Kənan Ağayev 2 kiloqram 151 qram heroini könüllü olaraq polisə təhvil vermiş və narkotik vasitəni Cəlilabad rayon sakini, 1956-cı il təvəllüdlü Ağayev Uruf Əmirxan oğlundan aldığını bildirmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində U.Ağayev tutulmuşdur.

Bakı şəhər sakini Valentina Mironenko mənzilində əxlaqsızlıq yuvası saxladığına və qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır

14.01.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Valentina Mironenko N.Tusi küçəsindəki mənzilində əxlaqsızlıq yuvası saxladığına və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır.

Avtomaşına baxış zamanı Nəcimə Nağıyevaya məxsus 4 kiloqram 589,6 qram tiryək aşkar edilərək götürülmüşdür

14.01.2012

Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Lənkəran rayon sakini Firudin Axundovun idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış zamanı sərnişini əvvəllər məhkum olunmuş Nəcimə Nağıyevaya məxsus 4 kiloqram 589,6 qram tiryək aşkar edilərək götürülmüşdür.

Cəlilabad rayon sakini Gülverdi Cəbrayılovdan 705 qr heroin götürülmüşdür

14.01.2012

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Gülverdi Cəbrayılovdan 705 qram heroin götürülmüşdür.

Həsən Məlikova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Buksay Seyidəli tutulmuşdur

14.01.2012

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Həsən Məlikova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Buksay Seyidəli tutulmuşdur.

Qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Vüsal Vəliyev tutulmuşlar

14.01.2012

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Rəşad Həsənovun evindən qızıl əşyaları oğurlamış Bakı şəhər sakini Vüsal Vəliyev tutulmuşlar.

Bakı şəhər sakini Əliabbas Qəmbərov tutulmuşdur

14.01.2012

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Rəna Əliyevaya məxsus çörək sexindəki kassadan 40 manat pulu açıq yolla talamağa cəhd göstərmiş şəhər sakini Əliabbas Qəmbərov tutulmuşdur.

Xəzər bağlar sahəsində yaşayan Ağamirzə Allahverdiyevin evinə baxış zamanı silah və vasitələri götürülmüşdür

14.01.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər bağlar sahəsində yaşayan Ağamirzə Allahverdiyevin evinə baxış zamanı oradan 1 ədəd "Naqan" tipli tapança, 1 ədəd idman tapançası, 1 ədəd ov tüfəngi və 5 ədəd tüfəng patronu aşkar edilərək götürülmüşdür.

Sevinc qəsəbəsi ərazisində silah-sursat tapılmışdır

14.01.2012

Kəpəz RPŞ əməkdaşları Sevinc qəsəbəsi ərazisində 19 ədəd qumbara, 14 ədəd alışdırıcı, 1 ədəd fişəng, 6 ədəd patron, 1 ədəd süngü-bıçaq və rabitə qovşağının hissələri tapılmışdır.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.01.2012

Yanvarın 14-də saat 01.30 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Gürcüstan vətəndaşı Elşən Qocayev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Qanunla qadağan edilmiş radikal yönlü dini təriqətlərlə məşğul olan şəxslər tutulmuşlar

14.01.2012

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönlü dini təriqətlərlə məşğul olan Şəki şəhər sakinləri Təsvirə Əhmədovanın, Mehdi Mehdiyevin, İlqar Qafarovun, Nəbi Babayevin və Söhrab Bəşirzadənin evlərinə baxış zamanı oradan 100-ə yaxın dini kitab, 80 adda müxtəlif dini təriqətlərin yayımı üçün nəzərdə tutulmuş broşürlər, 100-ə yaxın kitabçalar, 20 ədəd disk, 7 ədəd audio-video kasetlər, 100-ə yaxın dini ayələr, o cümlədən Azərbaycan Dövlətini Müstəqil İslam Dövləti kimi təbliğ edən Terrorizm və Müstəqil Müsəlman İcmalarını təbliğ edən broşürlər aşkar edilərək götürülmüşdür. Daşüz kənd məscidində isə 12 azyaşlı qızın dini təriqətlə məşğul olmaları da müəyyən edilmişdir. Araşdırmalar aparılır.
Şəki ŞRPŞ və MTN-nin Şəki rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönlü dini təriqətlərlə məşğul olan, Şəki şəhər sakinləri Şahmurad Ağabalayevin, Cahangir Çələbiyevin, Sani Heydərovun, Aydın Mülayimovun evlərinə baxış zamanı oradan 26 ədəd dini kitab, 6 ədəd kitabça, 7 ədəd vərəqə, 1 ədəd əllə yazılmış dəftər, 1 ədəd buklet, 1 ədəd video-kaset və 7 ədəd disk aşkar ediələrək götürülmüşdür. Araşdırmalar aparılır.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

14.01.2012

Yanvarın 14-də Sumqayıt şəhərinin Corat qəsəbə sakini Nazilə Quliyeva və Abşeron rayonunun Saray qəsəbə sakini Səadət Çərkəzova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər, vəziyyətləri qənaətbəxşdir.

O.M.