İstintaq materialından: Bakıda toyda qan töküldü

İstintaq materialından: Bakıda toyda qan töküldü

14 Yanvar 2012 14:18
Bəyəndim (0) Bəyənmədim (0)
"Aura" şadlıq sarayında düşən davanın səbəbkarlarına hökm oxundu

BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Məmmədov Ayxan Fizuli oğlunun, Hacıyev Elman Mehmanoviçin, Eminov Fuad Arif oğlunun və Zeynalov Renat Davidoviçin məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Elman Hacıyev 2 oktyabr 2010-cu ildə Qaraçuxur qəsəbəsindəki "Aura" şadlıq sarayında keçirilən bacısının toy mərasiminə dostları - Ayxan Məmmədov, Fuad Eminov və Renat Zeynalovu dəvət edib. Toydan 2-3 gün əvvəl isə 8 km bazarından süngü tipli bıçaq alıb. Həmin bıçağı şalvarının kəmərinə taxaraq bacısının toy mərasiminə gəlib. Toyun gedişatında heç bir əsaslı səbəb olmadan Turbayıl Zeynalovla əvvəl zalda mübahisə edib onu təhqir edib. Sonra toydan çıxıb gedən Turbayıl Zeynalovun üstünə foyedə külqabı ataraq onu yumruqla vurub.

Toyun axırında, saat 23:45 radələrində toyda iştirak edən Elman Hacıyevin dostları Ayxan Məmmədov və Renat Zeynalov əvvəllər tanımadıqları Pərviz Qasımovla Tural Musayevin bərkdən söhbət etmələrini eşidib onlara yaxınlaşaraq toyda dava-dalaş salmamağı tələb ediblər. Pərviz Qasımov və yanında olanlar onların qohum olmalarını, dalaşmadıqlarını bildirsələr də, aralarında mübahisə yaranıb. Ayxan Məmmədov yaranmış mübahisəni davam etdirməkdən ötrü Pərviz Qasımovu küçəyə çağırıb. Tural Musayev və qeyriləri Pərviz Qasımova zaldan çıxmağa imkan vermədikdə, Ayxan Məmmədov heç bir səbəb olmadan Pərviz Qasımovu əvvəl başı ilə vurub, sonra isə özündə olan bıçaqla ona bir dəfə zərbə endirib. Bu zaman Fuad Eminov dostu Ayxan Məmmədovun dalaşmasını görüb onun köməyinə gələrək Pərviz Qasımovu təpiklə vurublar. Pərviz Qasımov Fuad Eminovun zərbəsindən qorunarkən Ayxan Məmmədov əlindəki bıçaqla Pərviz Qasımovun sağ bud nahiyəsindən 2-ci dəfə vuraraq onu yerə yıxıb. Pərviz Qasımov şadlıq sarayının ofisiantları tərəfindən avtomobilə mindirilib xəstəxanaya yola salınsa da, kəskin qanitirmədən dünyasını dəyişib.

MÜTTƏHİMLƏR HAQDA QISA ARAYIŞ:

1. Məmmədov Ayxan Fizuli oğlu - 1989-cu ildə Bakı şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Orta təhsillidir. Bakı şəhəri Naxçıvanski küçəsi, ev 24-də yaşayır. AR CM-nin 126.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinir.

2. Eminov Fuad Arif oğlu - 1989-cu ildə Qubadlı rayonunda anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Azərbaycan Texniki Universitetinin tələbəsidir. Bakı şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayır. AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinir.

3. Zeynalov Renat Davidoviç - 1987-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Əvvəllər məhkum edilməyib. Orta təhsillidir. Ailəlidir. Himayəsində bir azyaşlı uşağı var. Bakı şəhəri Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yaşayır. AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinir.

4. Hacıyev Elman Mehmanoviç - 1989-cu ildə Rusiya Federasiyasının Kalujsk şəhərində anadan olub. Əvvəllər məhkum edilib. AR vətəndaşıdır. Ailəlidir. Himayəsində bir azyaşlı uşağı var. Bakı şəhəri Bülbülə qəsəbəsi, Caparidze küçəsində yaşayır. AR CM-nin 221.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Üstümə gələrək məni yumruqla vurdu"

Təqsirləndirilən şəxs qismində dindirilən Ayxan Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Elman Hacıyevlə hələ məktəb illərindən dost olduqlarını, hadisə baş verən gün sonuncunun dəvəti ilə "Aura" şadlıq sarayına gələrək onun bacısının toyunda iştirak etdiyini göstərib: "Toyun gedişatında rəqs edərkən tanımadığım, sonradan adını bildiyim Pərviz Qasımov məndən yol istədi. Ona yol versəm də, aramızda xırda narazılıq oldu. Toyun axırında Pərviz Qasımovun bir nəfərlə mübahisə etməsini görüb kənardan ona tamaşa edirdim. Pərviz mənə, "nəyə baxırsan, nə olub?", - dedikdə aramızda yenə mübahisə yarandı, üstümə yeriyərək məni yumruqla vurdu. Dava düşərkən zalda olan masaların birinin üstündən bıçaq götürərək Pərvizi qorxutmaq üçün bud nahiyəsindən vurdum. Pərviz yerə yıxılarkən tanımadığım 1-2 nəfər tərəfindən təpiklə vurulmasını görüb şadlıq sarayını tərk etdim.

Geriyə baxanda Elman Hacıyevin bir nəfəri vurduğunu görüb, mən də həmin adamı təpiklə vurdum. Bundan sonra şadlıq sarayını tərk edib taksi ilə evimizə getdim. Bıçağı "Neftçilər" metrostansiyasının yaxınlığında tulladım.

"Törətdiyim əməldən peşmanam"

Pərviz Qasımovla dalaşarkən əvvəl onu başımla vurmuşam. Dostlarım Fuad Eminov və Renat Zeynalovu köməyə çağırmamışam. Hadisə zamanı Pərvizlə dalaşdığım üçün onun kim tərəfindən təpiklə vurulmasına fikir verməmişəm. Yalnız cinayət işinə əlavə edilmiş video görüntülərə baxarkən bilmişəm ki, Pərvizi təpiklə Fuad və Renat vurublar. Pərvizi öldürmək məqsədilə deyil, qorxutmaq üçün bıçaqla vurmuşam. Törətdiyim əməldən peşmanam".

"Ayxanın Pərvizi bıçaqla vurmasını görməmişəm"

Təqsirləndirilən şəxs qismində dindirilən Fuad Eminov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Hadisədən təxminən bir saat əvvəl dostum Ayxanın sərxoş vəziyyətdə olan bir nəfərlə, sonradan adını bildiyim Pərvizlə mübahisə etməsini görüb onun üzündən öpərək yola saldım ki, dalaşmasınlar. Toyun axırında isə Ayxanın yenə Pərvizlə mübahisə etməsini görüb aranı sakitləşdirmək istəyərkən Pərviz məni təpiklə vurdu. Ona görə mən də Pərvizi təpiklə vuraraq çıxıb getmək istədim. Bu zaman dostum Elman Hacıyevin bir nəfəri döyməsini görüb onu döyməyə qoymadım. Ayxanın Pərvizi bıçaqla vurmasını görməmişəm.

"Toyda olanlar onları araladılar"

Təqsirləndirilən şəxs qismində dindirilən Renat Zeynalov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Toyun axırında tanımadığım iki nəfərin mübahisə etdiyini gördüm. Dostum Ayxan həmin şəxslərə yaxınlaşıb onları sakitləşdirmək istədi. Pərviz Qasımov onu sinəsindən itələyib söyüş söydü. Onların arasında mübahisə düşdü. Toyda olanlar onları araladılar. Sonradan Ayxanın Pərvizlə dalaşdığını görüb sonuncunun üstünə yeriyərək təpiklə vurdum. Lakin Pərviz Qasımovun bıçaqla vurulmasını görməmişəm. Şadlıq sarayını tərk edərkən Elman Hacıyevin kimisə döyməsini gördüm. Həmin şəxsi əvvəlcə vurmaq istəsəm də, sonra fikrimi dəyişdim. Törətdiyim əməldən peşmanam".

"Toydan iki-üç gün əvvəl suvenir bıçaq almışdım"

Təqsirləndirilən şəxs qismində dindirilən Elman Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Bacımın toyundan 2-3 gün əvvəl Bakı şəhəri, 8 km bazarından suvenir bıçaq almışdım, həmin bıçaqla toya gəlmişdim. Toyun gedişatında dostlarımdan kimsə dedi ki, bacımla ailə quran Asif Orucovun dostlarından biri məni təhqir edib. Ona görə bəyin dostlarının oturduğu masaya yaxınlaşıb kimin məni söydüyünü soruşdum. Cavab almadıqda məni təhqir edəni söydüm. Sonra foyeyə çıxdım və Asifin dostlarının çıxıb getmələrini görərək toyu tərk etməməklərini xahiş etdim. Lakin Turbayıl Zeynalov məni təhqir etdi. Ona görə əsəbiləşərək masanın üstündən külqabını götürüb onun üstünə atdım və yumruqla sifətindən vurdum. Suvenir kimi aldığım bıçağın soyuq silah olduğunu bilməmişəm".

"Bizim toyda dava salmayın"

Zərərçəkmiş şəxs qismində dindirilən İlahə Kərimova ifadəsində qonşuları Asifin toyunda ailəliklə iştirak etdiklərini göstərib: "Toyun axırında həyat yoldaşım Pərviz qohumu Turaldan bizimlə bir masa arxasında oturmağı xahiş etdi. Tural əyləşməyib sərt cavab verdikdə, tanımadığım iki nəfər şəxs, "bizim toyda dava salmayın" deyərək həyat yoldaşımla mübahisə etdilər. Pərvizin "qohumuq, dalaşmırıq" deməsinə baxmayaraq, həmin o iki nəfər onu döydülər. Sonradan adını bildiyim Ayxan Məmmədov isə bıçaqla Pərvizin bud nahiyəsindən iki zərbə vurdu. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddia və tələbim yoxdur".

"Dostlarımla birlikdə zalı tərk etdik"

Zərərçəkmiş şəxs qismində dindirilən Turbayıl Zeynalov ifadəsində heç kimi söymədiyini göstərib: "Toyun ortasında Elman Hacıyev bizim oturduğumuz masaya yaxınlaşıb kim tərəfindən təhqir edildiyini soruşdu. Heç kimin onu söymədiyini desək də, Elman əsəbi halda əlini masaya vuraraq söyüş söydü. Onun bu hərəkətindən narazı qaldığımız üçün dostlarımla birlikdə zalı tərk etdik. Elman foyedə yenidən söyüş söyərək masanın üstündən götürdüyü külqabını ayağımın altına atdı və qəflətən yumruqla sifətimdən vurdu. Elman Hacıyevə qarşı heç bir iddia və tələbim yoxdur".

QEYD

Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Ayxan Məmmədov 9 il, Renat Zeynalov 2 il, Elman Hacıyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Fuad Eminovun barəsində isə 2 il sınaq müddəti təyin edilib.

SON SÖZ ƏVƏZİ

Spirtli içki şüşə qabdakı cin-şeytan kimidir. Qapaq açıldısa, insanı idarə etməyə başlayır...

İnarə Rafiqqızı

O.M.