Hərbi hissəyə basqın etmiş mütəşəkkil dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşdı

Hərbi hissəyə basqın etmiş mütəşəkkil dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşdı

13 Yanvar 2012 18:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə silahlı basqın etməkdə, qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən "Sahil camaatı" adlı mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub.

Proses yanvarın 27-də prokurorun çıxışı ilə davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Əsgər Məmmədov, Vüqar Rəhimov, Yavər Mamedov, Saleh Adilov, Tural Həsənov və Elnur Qazıyev ittiham olunur.
İttiham aktına əsasən, 2008-ci ildə Müdafiə Nazirliyinin Tərtərdə dislokasiya olunmuş "N" saylı hərbi hissəsinin kəşfiyyat taqımının əsgəri Xaşayev Üzeyir Elşad oğlunun qəsdən öldürülməsi, həmin tağımın kiçik çavuşu Şeyubov İslam Şeyub oğluna odlu silahla güllə yarası xəsarəti yetirilməsi və hərbi hissəyə məxsus odlu silahların talanması faktına görə Tərtər Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 232.3.2-ci (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə odlu silahı və döyüş sursatını talama) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilib. Göstərilən cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən cinayət işinin istintaqı 06 yanvar 2010-cu il tarixdə dayandırılıb.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində həmin cinayətin "Sumqayıt camaatı" adlı silahlı birləşmənin tərkibində yaradılan "Sahil camaatı" adlı daha silahlı qrup tərəfindən törədildiyi məlum olub. Məlumata görə, "Sahil camaatı" adlı silahlı qrupun üzvləri - Əsgər Məmmədov, Vüqar Rəhimov, Yavər Mamedov, habelə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 17 iyun 2010-cu il tarixli hökmü ilə "Sumqayıt camaatı" adlı silahlı birləşmənin cinayət işi üzrə məhkum edilmiş Elşən Druskar, Tural Həsənov və Elnur Qazıyev qanunsuz olaraq zabit və əsgər rütbəli hərbi paltarlar geyinib, tapança və soyuq silahlarla silahlanaraq döyüş postunda dayanmış əsgərlərin olduğu səngərə tərəf hərəkət ediblər. Əsgərlərin olduğu səngərə təxminən beş metr qalmış Elşən Druskarla Tural Həsənov pusquda dayanıb, Əsgər Məmmədov və Elnur Qazıyev isə postun ərazisinə daxil olublar. Posta çatanda orada olan əsgər gələnlərdən parolu soruşub. Bir qədər əvvəl bu hərbi hissədə hərbi xidmət keçmiş Əsgər Məmmədov parolu söyləyib və hərbi hissədən yoxlayıcı olduqlarını bildirərək əsgərlərə yaxınlaşıblar.
Silahlı birləşmənin üzvləri guya postları yoxlamaq adı ilə həmin əsgərləri kənara apararaq düşmənlə üzbəüz səngərdə xidmət edən əsgərlərdən birini səs boğucusu olan tapançadan başına atəş açmaqla öldürüb, digərinə isə güllə yarası xəsarəti yetiriblər. Sonra onlar hərbi hissəyə məxsus 1 ədəd "SVD" markalı snayper tüfəngini, həmin silaha aid içərisində 30 ədəd patron olan üç ədəd sandıqçanı, 2 ədəd "AKMS" markalı avtomat silahı və onlara aid içərisində 60 ədəd patron olan 2 ədəd sandıqçanı özləri ilə götürərək qaçıblar. Silahlı birləşmənin üzvü Ramin Məmmədov 2009-cu il iyulun 19-da gizli yolla İran ərazisinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanuni tələblərinə məhəl qoymayaraq, silahlı müqavimət göstərib, əsgərlərə atmaq istədiyi qumbaranın əlində partlaması nəticəsində ölüb.
MTN-in keçirdiyi əməliyyat nəticəsində Əsgər Məmmədov, Vüqar Rəhimov, Yavər Mamedov, Saleh Adilov, Tural Həsənov və Elnur Qazıyev saxlanılıb.

O.M.