Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına atəş açıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına atəş açıldı

13 Yanvar 2012 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 10-da keçirilən növbəti reyd zamanı Biləsuvar və Cəlilabad rayonlarının ərazisində fəaliyyət göstərən "Zəvvar" ovçuluq təsərrüfatında saat 23:00 radələrində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb və müvafiq icazə sənədləri olmadığından 4 nəfərin tüfəngi götürülüb. Bu zaman digər brakonyer gizlətdiyi yerdən tüfəngini çıxardaraq nazirliyin əməkdaşları istiqamətində atəş açıb, lakin təsadüf nəticəsində xəsarət alan olmayıb. Daha sonra həmin şəxs nazirliyin əməkdaşlarından birini öldürməklə hədələyərək müsadirə olunmuş 4 tüfəngi maşının yük yerindən götürərək digərləri ilə birgə hadisə yerindən qaçıb.
Faktla bağlı Daxil İşlər Nazirliyinin "102" xidmətinə, Cəlilabad Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilib. Cəlilabad Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

O.M.