Azərbaycanda 12 yanvarın kriminal xronikası

Azərbaycanda 12 yanvarın kriminal xronikası

13 Yanvar 2012 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 60 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır.

6 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

272 №-li Orta Məktəbdə musiqi müəlliməsi işləyən Rəhimə İsmayılovanı qətlə yetirilmiş əri Fəal İsmayılov könüllü olaraq təslim olmuşdur

12.01.2012

Yanvarın 12-də saat Bakı şəhəri Nizami rayonu ərazisindəki 272 №-li Orta Məktəbin həyətində orada musiqi müəlliməsi işləyən Rəhimə İsmayılovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. R.İsmayılovanı münaqişə zəminində qətlə yetirmiş əri Fəal İsmayılov könüllü olaraq Suraxanı RPİ 33-cü PB-yə gəlmişdir.

Sumqayıt şəhər sakinləri Ruslan Quliyev və Aynurə Quliyeva tutulmuşlar

12.01.2012

Yanvarın 12-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Xırdalan şəhər sakini Elnarə Xəlilovaya qarşı zor tətbiq edərək içərisində 25 manat pul və şəxsi sənədləri olan çantasını ondan almışdır. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Ruslan Quliyev və Aynurə Quliyeva tutulmuşlar.

Oğurluq etmiş Gəncə şəhər sakini Mətləb İsmayıllı tutulmuşdur

12.01.2012

Yanvarın 12-də Nəsimi rayonu ərazisində 61 №-li xətt avtobusunda şəhər sakini Nazim Gülmalıyevin cibindən 140 manat pulunu və şəxsiyyət vəsiqəsini çıxarıb avtobusdan düşərək qaçmağa cəhd göstərmiş Gəncə şəhər sakini Mətləb İsmayıllı Baş Mühafizə İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Neftçala rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.01.2012

Yanvarın 12-də saat 18.40 radələrində Neftçala rayonu ərazisində rayon sakini Hüseynbala Zülfüqarovun idarə etdiyi "QAZ-31" markalı avtomaşınla Vurğun Əhədovun idarə etdiyi "İj-Planet" markalı motosiklet toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Əhədov orada ölmüşdür.

Binəqədi rayonu ərazisində yaşayan Nemət Ramazanova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir

12.01.2012

Yanvarın 12-də Binəqədi rayonu ərazisində yaşayan Nemət Ramazanova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evə ziyan dəymiş N.Ramazanovun yanıq xəsarəti almış arvadı Nərminəyə və 7 yaşlı Sahilə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Banklardan dələduzluq yolu kredit götürmüş şəxslər müəyyən edilmişdir

12.01.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən şəhər sakinləri Gülarə Bədirova, Xuraman Xudiyeva, Səyavuş Məmmədov, Ceyran Süleymanova, Xırdalan şəhər sakini Aybəniz Behbudova və qeyrilərin cinayət əlaqəsinə girərək AR DNŞ-nin "Azərneftyağ" NEZ-in, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, "Azneft" İB-nin "Neft Daşları" NQÇİ-nin, Qaraçuxur İriləşdirilmiş Neft Mədəni İdarəsinin, "Azərbaycan Hava Yolları" QSC-nin Heydər Əliyev Beynəlxalq Aeroportunun, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma İdarəsinin, Müdafiə Sənayesi Nazirliyinin "Elektron Hesablayıcı Maşınlar" zavodunun və digər dövlət təşkilatlarının möhür-ştampları vurulmuş kənar şəxslərin guya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq "Əmrahbank", "Zaminbank", "VTB" və "Nikoyl" banklara təqdim etmələri və 100000 manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilmişdir.

Şərur rayon sakini Bünyat Məmmədov tapdığı odlu silahı təhvil vermişdir

12.01.2012

Şərur rayonunun Çərçiboğan kənd sakini Bünyat Məmmədov tapdığı 1 ədəd "AKM" avtomat silahını könüllü olaraq Şərur RPŞ-yə təhvil vermişdir.

Elektrik qatarı vurmuş Gürcüstan vətəndaşı Hüseyn Abdullayev ölmüşdür

12.01.2012

Yanvarın 12-də Sabunçu - Zabrat yolunun 15-ci km-də, Balaxanı qəsəbəsi ərazisindəki evlərdən birində kirayədə yaşayan Gürcüstan vətəndaşı Hüseyn Abdullayev Böyükşor-Sumqayıt elektrik qatarı ilə vurulmuşdur. Nəticədə, H.Abdullayev hadisə yerində ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

12.01.2012

Yanvarın 12-də Sumqayıt şəhər sakini Samirə Həmidova, Abşeron rayonunun Masazır qəsəbə sakini Aynur Qasımova və Mehdiabad qəsəbə sakini Gülhüseyn Zeynalov öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Həyatda ən etibarlı sığorta ehtiyatlı olmaqdır...

Murad Şahməmmədov

O.M.