İstintaq materialından- Qayınatasını boğub öldürdü

İstintaq materialından- Qayınatasını boğub öldürdü

12 Yanvar 2012 23:12
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Göyçay rayonunda baş verib

BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Bağırov Qalib Asim oğlunun məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Qalib Bağırov 2009-cu ilin sentyabr ayında Vəfa Bağırova ilə ailə həyatı qurub. Bu evlilikdən narazı qalan qayınatası Rza İsmayılov onları ayırmaq üçün təşəbbüs göstərərək, mütəmadi olaraq kürəkənini və qızını nalayiq söyüşlərlə söyüb təhqir edib. Qayınatasının xoşagəlməz rəftarından təngə gələn Qalib Bağırov onu öldürməyi qərarlaşdırıb. Bu məqsədlə də o, arvadı ilə birlikdə 2010-cu ilin avqust ayının 6-dan 7-nə keçən gecə qayınatasının gözətçi işlədiyi Göyçay rayon Qarabaqqal kəndinin kənarında yerləşən qoyun fermasına gəlib. Arvadına yolun kənarında gözləməsini tapşıraraq tək fermaya gedib, qayınatası Rza İsmayılovun öz otağında kərpic zavodunun gözətçisi Bəhruz Məmmədovla yeyib-içməsini görərək gözləyib. Sonuncu getdikdən sonra həyətdə məftildən asılmış əl-üz dəsmalını götürüb qayınatasının yatdığı otağa daxil olub. Çarpayıda uzanan qayınatasının boğazından yapışaraq yuxarı qaldırıb, əlindəki dəsmalı onun boynuna keçirərək möhkəm sıxıb. Rza İsmayılovun boynunun qırıldığını zənn edərək çölə çıxıb. Lakin qayınatasına qarşı kini soyumadığından təkrar geri qayıdaraq bıçaqla onun boyun nahiyəsindən bir dəfə zərbə endirib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Bağırov Qalib Asim oğlu - 1988-ci ildə Bakı şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Ağdaş rayonunun Orta Ləki kəndində yaşayır. AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Sevdiyim qız ögey əmimlə evləndi"

Təqsirləndirilən şəxs qismində dindirilən Qalib Bağırov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Bakı şəhərində anadan olsam da, 9 yaşımdan 16 yaşıma kimi Ağdaş rayonunun Orta Ləki kəndində babamla birlikdə yaşamışam. O dövrlərdə həmkəndlim Əflatun adlı şəxsin fermasının yaxınlığındakı əkin torpağında işləyərkən Rza İsmayılovun qızı Vəfanı tanımışam və bir-birimizi sevmişik. Lakin bizimlə birlikdə işləyən ögey əmim Cəfər Vəfa ilə qeyri-rəsmi evləndi. Bundan sonra mən Bakı şəhərinə qayıtdım.

"Onun hələ də məni sevdiyini öyrəndim"

2009-cu ilin may ayında əmimlə Vəfa ayrıldıqdan sonra Vəfa ilə əlaqə saxladım və bildim ki, o qız hələ də məni sevir, mənimlə ailə qurmaq istəyir. Vəfanın atası bunu bildikdə, ona çox sərt münasibət göstərdi. Həm Vəfanı, həm də məni nalayiq söyüşlərlə söyüb təhqir etdi.

Məcbur olub Vəfanı iki uşağı ilə birlikdə Bakı şəhərinə - valideynlərimin yanına apardım. Sonda Vəfanın valideynləri bizim faktiki ər-arvad kimi yaşadığımızı gördükləri üçün barışmaq istədiklərini bildirdilər. 2010-cu ilin iyun ayında Vəfanın valideynləri ilə barışdıq.

"Qızın ata-anası mənə şərt qoymuşdu"

Vəfanın ata-anası rəsmi nikaha girməyim üçün mənə şərt qoymuşdu. Lakin nikah bağlamaq üçün pul yox idi. Bu səbəbdən Vəfanın atası Rzanın təklifi ilə sonuncunun işlədiyi Göyçay rayonunun Qarabaqqal kəndinin yanındakı fermaya işləməyə getdim. Orada fermaya məxsus ikiotaqlı evdə bir otaqda Vəfa ilə mən, digər otaqda isə qayınatam yaşayırdı. Qayınatamla mən gözətçilik edirdik, Vəfa isə ev işləri ilə məşğul olurdu.

"Qayınatam bizim boşanmağımızı istəyirdi"

Barışıq olmasına baxmayaraq, qayınatam spirtli içkilər qəbul edən kimi məni və qızını söyüb təhqir edir, boşanmağımızı istəyirdi. Buna görə qərara almışdım ki, qayınatamı öldürməklə qisasımı alım. Hesab edirdim ki, qayınatam mənimlə Vəfanın bir ailə kimi yaşamasına imkan verməyəcək. 5 avqust 2010-cu ildə Oğuz rayonuna gedib orada VVAQ-da Vəfa ilə nikah bağladım. Oradan isə Vəfagilə getdik, gecəni orada qaldıq.

"Onu öldürməyi qərara almışdım"

Ertəsi gün günortadan sonra qayınatamı öldürmək planını həyata keçirmək üçün fermaya getməyi qərarlaşdırdım. Vəfaya dedim ki, fermada qalan şəxsi əşyalarımızı götürmək üçün birlikdə ora getməliyik. O da mənə inandı və biz yol maşını ilə Göyçay rayonuna getdik. Fermanın yanına təxminən gecə saat 01 radələrində çatdıq. Vəfaya yolun kənarında məni gözləməsini tapşırdım. Dedim ki, atan Rzaya bir neçə söz deyib qayıdacağam. Tək qorxmasın deyə cib bıçağını ona verdim. Fermadakı evin yanına yaxınlaşdıqda kənardan gördüm ki, kərpic zavodunun gözətçisi Bəhruzla qayınatam Rza çörək yeyirlər. Bəhruzu oradan uzaqlaşdırmaq məqsədilə zavodu ferma ilə ayıran çəpəri yandırdım. Kənardan bunu izlədim. Bəhruz, Rza və daha bir neçə şəxs çəpəri söndürdülər. Bundan sonra Bəhruz və digər şəxslər çıxıb getdilər, Rza isə evə qayıdıb yatağa uzandı.

"Səni öldürməyə gəlmişəm"

Evin qarşısındakı ipə asılmış dəsmalı götürüb Rzanın yatdığı otağa keçdim. Səsə Rza oyandı, onu öldürməyə gəldiyimi deyərək üstünə hücum etdim. Rza müqavimət göstərməyə çalışsa da, mənə gücü çatmadı. Onu üzüstə çarpayıya uzadaraq dəsmalı boynuna saldım, iki əlimlə sıxmağa başladım. Rzanın müqavimət göstərmədiyini və tərpənmədiyini görərək öldüyünü zənn edib bayıra çıxdım. Düşündüm ki, birdən ölməz. Ona görə yenidən evə girdim. Gördüm ki, Rza həqiqətən ölməyib, xırıldayır. Pəncərənin qabağındakı mətbəx bıçağını götürərək Rzanın boynuna soxdum, bıçağı boynundan çıxarmayaraq evdən çıxıb Vəfanın məni gözlədiyi yerə getdim.

"Sonda hər şeyi etiraf etdim"

Vəfa çox həyəcanlı idi. Fermada nə baş verdiyini, orada nəyin yandığını soruşdu. Vəfaya atasıyla sadəcə söhbət etdiyimi bildirdim. Vəfagilin kəndinə səhər radələrində gəlib çıxdıq. Saat təxminən 10 radələrində fermanın müdiri Fuad mənə zəng edib Göyçaya gəlməyimi xahiş etdi. Ona yorğun olduğumu, gələ bilməyəcəyimi dedim. Bundan sonra Fuad mənə qayınatamı gecə kiminsə öldürdüyünü söylədi. Rzanın qardaşı Elmana guya heç bir şey bilmədiyim kimi Fuadın zəngi barədə məlumat verdim. Elman özü mənim telefonumla Fuadla danışdıqdan sonra Oğuza, oradan isə Elmanın qohumunun maşını ilə Göyçay RPŞ-nə gəldilər. Şöbədə məni sorğu-suala tutdular. Sonda qayınatam Rza İsmayılovu öldürdüyümü etiraf etdim".

"Təqsirləndirilən şəxs yalan danışır"

Zərərçəkmiş şəxs qismində dindirilən Elman İsmayılov ifadəsində mərhum qardaşı Rza ilə eyni həyətdə yaşadıqlarını göstərib: "İyun ayında Qalibgil qardaşımın evinə barışığa gəlmişdilər. Barışıqdan sonra Qalib Vəfa ilə birlikdə Rzanın işlədiyi Göyçay rayonundakı fermaya işləməyə getdi. Oradan onlar avqustun 5-də Oğuza qayıdaraq nikah bağladılar və kəndə qardaşımın evinə gəldilər. Qalib deyir ki, guya qardaşım Rza Vəfanın Qalibə getməsinə narazı idi, guya Rza onları söyürdü. Yalan deyir. Əgər Rza narazı olsaydı Qaliblə barışmazdı, onu öz evinə buraxmazdı, fermaya öz yanına işləməyə aparmazdı.

"Rza kişi yoxduR, onu öldürüblər"

6 avqust 2010-cu ildə axşamüstü Qaliblə Vəfanın kənddən harasa getdiklərini gördüm. Səhəri gün saat 08-09 radələrində mal-qaranı çölə otlamağa buraxdığım zaman onların kəndə qayıtdıqlarını gördüm. Təxminən saat 09:00 radələrində evdə oturub çay içən zaman Qalib məni çölə çağırdı, təkidlə bayıra çıxmağımı xahiş etdi. Çox həyəcanlı görsənirdi. Fermanın müdiri Fuadın ona zəng etdiyini, "Rza kişi yoxduR, onu öldürüblər" dediyini söylədi. Bu sözləri deyəndən sonra Qalib ağlamağa başladı. Fuada zəng etdim, o da bu pis xəbəri təsdiqlədi. Ona tapşırdım ki, getsin polisə, hadisə barədə xəbər versin və məni orada gözləsin. Qaliblə birlikdə Göyçaya getdik. Yolüstü bir yerdə çay içmək üçün dayandıq. Orada mənə təəccüblü gələn o oldu ki, Qalib çay içmədən həyəcanlı vəziyyətdə ora-bura gedir-gəlirdi. Nəhayət, Göyçay RPŞ-nə gəldik. Prokurorluğun müstəntiqinə ifadə verərkən Qaliblə Vəfanın bir gün öncə kənddən çıxıb getmələri, səhər isə qayıtmaları barədə məlumat verdim. Bundan sonra müstəntiq Qalibi dindirdi. Yalnız günorta saat 3 radələrində Qalib etiraf etdi ki, qayınatasını o öldürüb. Məhkəmədən xahiş edirəm ki, Qalibə layiqli cəza verilsin".

"Bizə gün verib işıq vermirdi"

Şahid qismində dindirilən İruzə İsmayılova ifadəsində mərhum həyat yoldaşının onlara gün verib işıq vermədiyini göstərib: "Rza yaxşı adam deyildi. Mənə və uşaqlarıma gün vermirdi. Qızım Vəfanın boşanmasına, sonra isə Qalibə ərə getməsinə razı deyildi. Sərxoş olduğu vaxtlar isə hər kəsi, o cümlədən Qalibi də söyürdü. Qalib Vəfanı və uşaqlarını Bakı şəhərinə apararaq kirayə ev tutmuşdu. 2010-cu ilin iyun ayının axırlarına qədər Bakı şəhərində yaşadıqdan sonra Qalibin anası atalığı ilə birlikdə bizə gəldilər. El adəti ilə aramızda barışıq oldu. Səhəri gün Qalibin valideynləri Bakı şəhərinə, ərim isə fermaya qayıtdı. Bundan 2-3 gün sonra Qalib, Vəfa və Vəfanın kiçik qızı Aysun ərim Rzanın təklifi ilə onun işlədiyi gözətçi fermasına getdilər. Onlarla arabir telefonla danışarkən bir-birlərindən razılıq edirdilər. Vəfaya bir qədər pul yığıb rayon mərkəzində nikah bağlamalarını tapşırmışdım. 5 avqust 2010-cu ildə səhər saat 09:30 radələrində aramızda olan razılığa əsasən Oğuz rayonunun mərkəzinə gəldim, orada Qaliblə Vəfanın arasında nikah bağlanıldı və saat 15:00 radələrində onlar Qarabulaq kəndinə qayıtdılar. 6 avqust 2010-cu ildə Qalib mənə fermada olan əşyalarını yığıb gətirəcəklərini bildirəndə onların işinə qarışmadığım üçün etirazımı bildirmədim. Həmin gecə onlar evə qayıtmadılar. Vəfadan gecəni harada qalmalarını soruşduqda, qızım Qalibin dostugildə qaldıqlarını söylədi. Təxminən saat 10:00 radələrində Qalibə zəng gəldi və o, çölə çıxıb danışdıqdan sonra qaynım Elmangilə getdi. Elmanla Qalib birlikdə bazara gedəcəklərini söyləyib avtomaşınla getdilər. Bir neçə saat sonra Rzanın öldüyünü eşidib Göyçay rayon polis şöbəsinə gəldim. Orada bilmişəm ki, Rzanı Qalib öldürüb".

"Qalibi qız vaxtlarından sevirdim"

Şahid qismində dindirilən Vəfa Bağırova ifadəsində atasının ona və digər ailə üzvlərinə qarşı hər zaman kobud davrandığını göstərib: "2004-cü ildə Ağdaş rayonunun Ləki kənd sakini Cəfər Bağırovla ailə qurmuşdum. Tez-tez aramızda mübahisə olduğu üçün 2009-cu ilin may ayında ayrıldıq və Oğuz rayonunun Tərkeş kəndində kirayədə yaşayan valideynlərimin yanına gedərək orada yaşamağa başladım. Valideynlərimlə yaşadığım müddətdə qız vaxtı sevdiyim Qalib Bağırov yenidən məni taparaq evlənmək niyyətində olduğunu bildirdi. Birinci ərimdən ayrıldıqdan sonra valideynlərimlə yaşadığım dövrlərdə atam mənə, anama və digər bacılarıma qarşı kobudluq edərək bizi döyür, mənə "get əxlaqsızlıq et, uşaqlarına bax, mən sənin uşaqlarına baxan deyiləm", - deyirdi. Buna görə 2009-cu ilin sentyabr ayının 14-də iki uşağımı da götürüb Qaliblə birlikdə Bakı şəhərinə gedib müxtəlif ünvanlarda kirayədə yaşadım. Qalibin valideynləri barışıq etdikdən sonra isə Oğuz rayonunun Qarabulaq kəndinə, anamgilin yanına gəldim. Bir neçə gün Qaliblə anamın yanında qaldıqdan sonra atam fermada iş olduğunu bildirdiyi üçün qızım Aysunu da götürüb oraya getdik. Təxminən 1 ay fermada yaşadıq...

"Atana ürək sözlərimi deyib qayıtdım"

Avqustun 6-da Qalibin təkidi ilə atamın işlədiyi fermaya gəldik. Qalib atama bir-iki kəlmə söz deyib qayıdacağını bildirdi və mənə gözləməyi tapşırıb özü fermaya tərəf getdi. Təxminən 1 saat sonra Qalib çox həyəcanlı şəkildə yanıma qayıtdı. Qalibdən atama nə etdiyini soruşduqda, o, üstümə acıqlanaraq, "Atana ürək sözlərimi deyib qayıtdım", - deyə cavab verdi. Səhər saatlarında piyada evə tərəf gələn vaxt əmim Elman həyətdə idi və uzaqdan bizi gördü. Bir neçə saatdan sonra atamın öldüyünü eşitdim. Elə həmin günü axşam Göyçay Rayon Polis Şöbəsində həyat yoldaşım Qalibin atam Rza İsmayılovu öldürdüyünü bildim".

QEYD: Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə Qalib Bağırov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

O.M.