Videoları internetə düşən üç rüşvətxor yol polisi daxili işlər orqanlarından qovuldu

Videoları internetə düşən üç rüşvətxor yol polisi daxili işlər orqanlarından qovuldu

12 Yanvar 2012 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov bildirir ki, Dövlət yol polisi əməkdaşlarının sürücülərdən rüşvət alması ilə bağlı internetdə yayılan video görüntülərə dair aparılan araşdırma başa çatıb, həmin şəxslərin kimliyi müəyyənləşib. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan həmin üç nəfər daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Qeyd edək ki, bir neçə gün əvvəl internetdə yol polisi əməkdaşlarının qayda pozan sürücülərdən rüşvət almasını əks etdirən video görüntülər yayılıb.

Xatırladaq ki, ötən il korrupsiya hüquqpozmaları ilə əlaqədar DİN-in aidiyyəti qurumları tərəfindən respublika üzrə 46 fakt aşkar olunub. Bu faktlar üzrə 60-dan çox əməkdaş barəsində tədbirlər görülüb. Aşkarlanmış 46 faktdan 43-ü dövlət yol polisi ilə bağlı olub ki, bu faktlar üzrə 60 yol polisi əməkdaşı barəsində tədbirlər görülüb. Onlardan 35 nəfəri daxili işlər orqanlarından xaric edilib, 22 əməkdaş tutduğu vəzifədən azad olunub, 3 nəfər barəsində isə digər inzibati tədbirlər görülüb.
O.M.