Azərbaycanda 11 yanvarın kriminal xronikası

Azərbaycanda 11 yanvarın kriminal xronikası

12 Yanvar 2012 11:39
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 58 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.01.2012

Yanvarın 11-də saat 12.00 radələrində Yasamal rayonu ərazisində şəhər sakini Akif Ağamirzə oğlunun idarə etdiyi "KamAZ" markalı avtomaşının əyləcində yaranmış texniki nasazlıqdan onunla yolun kənarında dayanmış Bakı şəhər sakinləri Süleyman İsmayılova məxsus "Hyundai-Sonata", Natiq Pənəhova məxsus "Nissan TİİDA", Etibar Qafarova məxsus "Mercedes-BENZ", Ceyran Xəlilovaya məxsus "VAZ-2107", Pavel Malışevə məxsus "Toyota-Prado", Allahyar Rüstəmova məxsus "QAZ-3110", Murad Abdullayevə məxsus "Mazda", Azər Rəsulova məxsus "Hyundai-Elantra", Masallı rayon sakini Zaur Məmmədova məxsus "VAZ-2106", Sabirabad rayon sakini Pərviz Seyidovun idarə etdiyi "Azərsu" ASC-nə məxsus "Toyota-Avalon", Tərtər rayon sakini Vahid Xəlilova məxsus "AzSamand" və Ağsu rayon sakini Fərman Alışovun idarə etdiyi 77 saylı xətt üzrə işləyən "İsuzu-Urban" markalı avtomaşınlara vurmuşdur.
Nəticədə "İsuzu Urban" markalı avtobusun xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri İlkin Məmmədova və Pərviz Seyidova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Araşdırmalar aparılır.

Gəncə şəhəri ərazisində A.Abbasov avtomaşınla piyadanı vurmuşdur

11.01.2012

Yanvarın 11-də saat 08.45 radələrində Gəncə şəhəri ərazisində Aqşin Abbasov "UAZ" markalı avtomaşınla yolu keçən Gülçöhrə Məmmədovanı vurmuşdur. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Hacıqabul rayon sakini O.İmanov narkotik vasitəni satarkən tutulmuşdur

11.01.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Oqtay İmanov 1 kiloqram 120 qram marixuananı satarkən tutulmuşdur.

Nəsimi rayonu ərazisində yaşayan Şəmkir rayon sakini Q.Qəhrəmanovanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir

11.01.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindəki mənzillərin birində kirayədə yaşayan Şəmkir rayon sakini Qətibə Qəhrəmanovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməklə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir.

Pirallahı qəsəbə sakini B.Məhərrəmovdan 1 kiloqramdan artıq marixuana götürülmüşdür

11.01.2012

Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbə sakini Bayramqulu Məhərrəmovdan 1 kiloqram 430 qram marixuana götürülmüşdür.

Avtomaşın qaçırdığına görə tutulmuş O.Hüseynovun digər oğurluq hadisələri də törətməsi müəyyən olunmuşdur

11.01.2012

Avtomaşın qaçırdığına görə yanvarın 4-də Xəzər RPİ əməkdaşları tərəfindən tutulmuş Orxan Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Ağsu rayonunun ərazisində Səbuhi Hacıyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırması, Novruz Zeynalova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmağa cəhd göstərməsi, Ramil İsmayılova məxsus "VAZ-21074" markalı avtomaşının dövlət nömrə nişanlarını və Tofiq Səmədova məxsus metal qəbulu sexindən 21 kiloqram mis naqil oğurlaması da Ağsu RPŞ əməkdaşları tərəfindən müəyyən edilmişdir.

Hacıqabul rayonu ərazisində "Mercedes" və "MAZ" markalı avtomaşınlar toqquşmuşdur

11.01.2012

Yanvarın 11-də saat 07.15 radələrində Hacıqabul rayonu ərazisində Türkiyə vətəndaşı Cavid Tan Kadır oğlunun idarə etdiyi "Mercedes" və Kürdəmir rayon sakini Qorxmaz Soltanovun idarə etdiyi "MAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Mercedes"in sürücüsü hadisə yerində ölmüş, xəsarət almış Q.Soltanov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

İ.Hüseynovu hədələyərək mobil telefonunu ondan almış şəxslər tutulmuşlar

11.01.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci oktyabrın 28-də İrşad Hüseynovu bıçaqla hədələyərək mobil telefonunu ondan almış Ruslan Timofeyev və Cavid Qarayev tutulmuşlar.

Rusiya Federasiyası CM-nin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə axtarışda olan Vahid Xanbutayev tutulmuşdur

11.01.2012

Baş Mühafizə İdarəsi və Yasamal RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının CM-nin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan RF-nin vətəndaşı Vahid Xanbutayev tutulmuşdur.

Yanvarın 9-da M.Allahverdiyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış İ.Məmmədov tutulmuşdur

11.01.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Mirbaba Allahverdiyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış İlham Məmmədov tutulmuşdur.

Suraxanı rayon sakini Ç.Allahyarova dərmandan zəhərlənərək ölmüşdür

11.01.2012

Yanvarın 11-də Suraxanı rayonunun Bülbülə qəsəbə sakini Çiyalə Allahyarova evindən dərmandan zəhərləndiyinə görə xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Kürdəmir rayon sakini C.Alıyev Kür çayında boğulmuşdur

11.01.2012

Yanvarın 10-da Kürdəmir rayonunun Şüşün kənd sakini Cəlal Alıyev qayıqla Kür çayını keçərkən suya düşərək boğulmuşdur. C.Alıyevin meyiti sudan çıxarılmışdır.

Qanun ona sığınanları qoruyur...

Murad Şahməmmədov

O.M.