Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavininə qarşı yeni ittiham irəli sürüldü

Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavininə qarşı yeni ittiham irəli sürüldü

11 Yanvar 2012 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Orxan Kərimovu müdafiə edən vəkil Ramiz Məmmədovun verdiyi xəbərə görə, yanvarın 10-da istintaq işini araşdıran müstəntiq müdafiə etdiyi şəxsə qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3.2-ci (təkrar törədildikdə) və 3.3-cü (külli miqdarda rüşvət alma) bəndləri ilə əlavə ittihamlar elan edib: "Bizə bildirdilər ki, istintaq başa çatıb. Lakin Orxan Kərimov ona elan olunan ittihamlarla razılaşmadı və araşdırma aparılması üçün istintaq vaxtının artırılması barədə vəsatət verdi." Ramiz Məmmədov həmin vəsatətə cavab verilmədiyini də qeyd edib. Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Bir müddət əvvəl O. Kərimov barəsində seçilən həbs-qətimkan tədbirinin səhhəti ilə əlaqədar olaraq ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə müraciət etsə də, onun vəsatəti təmin olunmayıb.

O.M.