İstintaq materialından-Qar üstündə qan izi

İstintaq materialından-Qar üstündə qan izi

10 Yanvar 2012 17:44
Bəyəndim (0) Bəyənmədim (0)
Arvadını qətlə yetirən Laçın sakini onu xəyanətdə ittiham edirdi

GİRİŞ

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Əhməd Həsənovun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs aralarındakı ailə-məişət mübahisəsi zəminində arvadı Akifə Həsənovanı qətlə yetirməkdə ittiham olunub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, ər-arvad arasında tez-tez münaqişələr yaşandığı üçün Akifə Həsənova daimi yaşadığı evdən çıxaraq ayrıca mənzil kirayələyib və oraya köçüb. Əhməd Həsənov ailə üzvlərindən arvadının ona xəyanət edərək yüngül həyat tərzi keçirməsi barədə məlumat alıb. Buna görə də arvadını öldürmək qərarına gəlib. Yanvar ayının 13-də səhər saat 07:00 radələrində o, Akifə Həsənovanın yaşadığı evin yaxınlığına gedərək sonuncunun evdən çıxmasını gözləyib. Bir neçə dəqiqədən sonra Akifə qapını açıb mənzildən çıxmaq istədikdə, Əhmədi görüb. Onu itələyərək qışqırıb, özünü ümumi eyvana atıb. Onlar əlbəyaxa olaraq buz bağlamış ümumi eyvanın döşəməsinə yıxılıblar. Əhməd Akifəni sürüyərək mənzilə salıb, mənzildən götürdüyü baltanın küpü ilə onun alın nahiyəsinə bir neçə zərbə vurub. Sonra mətbəx bıçağı götürərək qadının döş qəfəsinə bir neçə zərbə endirib. Akifə Həsənova aldığı xəsarətlərdən dünyasını dəyişib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Həsənov Əhməd Məhəmməd oğlu - 1961-ci ildə Laçın rayonunun Dəyirmanyanı kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Orta-ixtisas təhsillidir. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşayır. AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

Təqsirləndirilən şəxs qismində dindirilən Əhməd Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilib:

- 1981-ci ildə Akifə Məhərrəmova ilə ailə qurmuşam. 2007-ci ilin yay ayında ailə üzvlərimin bir neçə dəfə cibimdən pul götürdüklərini bildim. Bu barədə Akifədən soruşanda o, pulun qızım Təhminə tərəfindən götürüldüyünü dedi. Buna görə Təhminəni danladım. 2007-ci ilin oktyabr ayında yenə cibimdən pul oğurlanmışdı. Bu səbəbdən qızım Təhminəni danladım, Akifə ilə isə mübahisə edib onu sillə ilə vurdum. Akifə küsüb evdən çıxıb getdi, əvvəlcə bacım Tellinin, sonra qardaşım Qənimətin evində bir neçə gün qaldı. Sonra isə qardaşı Arif Məhərrəmovun Sumqayıt şəhəri, 17-ci mikrorayondakı 36 saylı evdəki boş mənzilinə köçdü. Arvadımı evə qaytarmaq məqsədi ilə qardaşlarımla və bacımla birlikdə həmin evə dəfələrlə gedərək Akifə ilə söhbət etdim. Ancaq Akifə evə qayıtmaq istəmirdi. Akifə 2007-ci ilin dekabr ayının 9-da oğlum Siracın vəfat etməsinin bir ili ilə bağlı keçirilən yas mərasiminə də gəlmədi. Yas mərasimindən sonra qızım Təhminə və gəlinim Sevər onun pozğunluqla məşğul olduğunu, müxtəlif kafelərdə ayrı-ayrı kişilərlə görüşüb spirtli içkilər qəbul etdiyini, bu azmış kimi, qızımla gəlinimə də pozğun təkliflər etdiyini bildirdilər. Mən bütün bunları aydınlaşdırmaq və Akifəni məzəmmət edib evə qaytarmaq məqsədilə onunla görüşmək istədim. Bir neçə dəfə qaldığı evə getdim, ancaq onu evdə tapa bilmədim. Keçən il dekabrın 23-də növbəti dəfə qaldığı evə gəlib yenə də onu evdə tapmayanda evin giriş qapısının yanında divara yazdım ki, "sənin pis yola düşdüyündən xəbərdaram, gözümə görünmə". Buna görə də Akifə polisə məndən şikayət etmişdi və dekabrın 26-da məhkəmə qərarı ilə mənə 10 sutka həbs cəzası verildi. Yanvarın 5-də həbsdən buraxıldım. Yanvarın 13-də səhər saatlarında Akifənin yaşadığı evin yaxınlığına gəldim. Mənzildə işıq yandığını görüb Akifənin evdə olduğunu bilərək söhbət etmək üçün binaya girdim. Bu vaxt Akifənin mənzildən çıxdığını görüb ona yaxınlaşdım. Akifə məni görərək qışqırıb özünü evin içərisinə atdı. Mən də onun ardınca evə girdim, əlbəyaxa olduq. Əlimlə ağzını tutub dedim ki, səninlə söhbət etməyə gəlmişəm, ya tutduğun yoldan qayıt, ya da səni öldürəcəyəm. Akifə sakitləşəndən sonra soruşdum ki, sənin barəndə gəzən söz-söhbətlər doğrudur? O isə cavab verdi ki, səninlə yaşamaq istəmirəm, işimə qarışma, mənim öz həyatım var. Sonra yenə qışqırmağa başladı. Mən mətbəxdən balta götürdüm, baltanın küpü ilə Akifənin alnına bir dəfə zərbə vurdum. Zərbədən Akifənin alnından qan açıldı, mən peşman olub baltanı kənara tulladım, onu döşəmədən durğuzub stula oturtdum, yaylığı suda isladıb alnına qoydum. Akifə bir qədər sakitləşəndən sonra yenə soruşdum ki, axı nəyə görə ailəni, uşaqlarını biabır eləyirsən. Akifə qışqıraraq məni söyməyə başladı, sonra biədəb şəkildə dedi ki, mal mənimdir, özüm bilərəm necə istifadə edirəm. Mən hirslənib mətbəxə keçdim, bıçaq götürüb geri qayıtdım, Akifənin sinəsinə bıçaqla bir dəfə zərbə vurdum. Akifənin öldüyünü başa düşüb onu döşəyin üstünə uzatdım, qapını çöldən açarla bağlayaraq aşağı düşdüm, həyətdə əllərimi və bıçağı qarla yuyub, bıçağı cibimə qoydum, vəfat etmiş oğlum Siracın qəbri üstünə yollandım. Yolda böyük oğlum Nicata zəng vurub anasını öldürdüyümü bildirdim. Nicat qışqırdı ki, ata, gəl evə. Mən telefonu söndürüb qəbiristanlığa girdim, oğlumun qəbrinin üstündə ağladım, özümü öldürmək istəyirdim, tanışım Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Xələf Mənsimovun mobil telefonuna zəng vuraraq törətdiyim hadisə barədə ona məlumat verdim. O mənə səbirli olmağımı, onu gözləməyimi məsləhət gördü. Bir neçə dəqiqədən sonra oğlum Nicat, qardaşlarım Arzuman, Qənimət və Xələf Mənsimov qəbiristanlığa gəldilər. Bıçağı Xələf Mənsimova təhvil verdim".

Təqsirləndirilən şəxs onu da məhkəmənin nəzərinə çatdırıb ki, arvadından boşanmaq fikrində olub. Bununla əlaqədar vəkilə müraciət edərək ərizə də yazdırıb. Lakin yeni il bayramı ərəfəsi ilə əlaqədar iş günləri olmadığı üçün ərizəni məhkəməyə təqdim edə bilməyib. Sonra 10 sutkalıq həbs, daha sonra bayram günləri onun məhkəməyə müraciət etməsinin ləngiməsinə səbəb olub.

ZƏRƏRÇƏKMİŞ ŞƏXS QİSMİNDƏ DİNDİRİLƏN ARİF ƏLƏSGƏROVUN (MƏRHUMUN QARDAŞI) İFADƏSİNDƏN

- Bacım Akifə xalam oğlu Əhmədlə 28 il əvvəl ailə qurmuşdu. Lakin bu nikaha bacım razı deyildi. Ancaq Əhməd onu qaçırmışdı. Bir müddət Laçın rayonunda yaşayandan sonra Sumqayıta köçdülər. Əhmədlə Akifə arasında tez-tez mübahisələr və narazılıqlar olurdu. Belə ki, Əhməd mütəmadi olaraq spirtli içki qəbul edir, evdə dava-dalaş salırdı. Bununla bağlı Akifə dəfələrlə polisə şikayət etmişdi. Sonuncu dəfə isə Əhməd qızını və arvadını evdən qovmuşdu. Sonradan Təhminəni evə buraxsa da, Akifəni evə qoymadı. Gedəcək yeri olmadığından Akifə Rusiyada yaşayan qardaşımın Sumqayıtdakı birotaqlı mənzilində qalırdı və kafelərdən birinə xadimə düzəlmişdi. Ancaq Əhməd ondan əl çəkmir, bacımı izləyir, onun qaldığı evin mənzilinin divarına nalayiq sözlər yazırdı. Bu səbəbdən də Akifə polisə şikayət etdi. Əhmədə 10 gün müddətinə inzibati həbs cəzası təyin etdilər. Yanvar ayının 5-də Əhməd həbsdən azad olundu. 13 yanvar 2007-ci ildə bacımın mobil telefonuna zəng vurub hal-əhval tutdum. Dedi ki, yuxudan indi durmuşam, işə gedirəm. Həmin gün saat 09:30 radələrində bacımın qətlə yetirildiyini eşitdim.

ŞAHİDLƏRİN İFADƏSİNDƏN

Şahid qismində dindirilən Təhminə Həsənova ifadəsində göstərib ki, təxminən 2000-ci ildən anasının ayrı-ayrı kişilərlə telefonla danışdığını dəfələrlə eşidib. Həmçinin mənzillərindəki telefona bir neçə dəfə tanımadığı kişilər zəng edərək anasını soruşublar. Anası isə həmin kişilərlə danışdıqdan sonra müxtəlif bəhanələr gətirirmiş: "Atam evdə olmayan vaxtlarda anam müxtəlif bəhanələrlə evdən çıxır, bir neçə saatdan sonra geri qayıdırdı. Hərdənsə məni özü ilə Heydər Əliyev parkına gəzməyə aparır, orada məni istəyən Samir və onun Nizami adlı dostuna qoşularaq spirtli içkilər içirdi. 2007-ci ilin oktyabr ayında atam evdə olmayan vaxtı anam Samirlə Nizamini telefonla evə dəvət etdi, maqnitofonu qoşub onlarla rəqs etməyə başladı. Həmin ayın 26-da səhər dərsə gedərkən atamın cibindən icazəsiz 20 qəpik pul götürdüyüm üçün atam axşam məni danlayaraq üzümə sillə vurdu. Anam araya girəndə onu da vurdu. Anam küsüb evdən getdi. Bir neçə gün sonra zəng vurub dedi ki, dayımın boş qalmış evində yaşayır. Biz ona yorğan-döşək, televizor, qab-qacaq və başqa ev əşyaları apardıq. Axırıncı dəfə mən həmin evə dekabr ayında getdim. Anam üçün xalça aparmışdım, içəri girəndə gördüm ki, Samir adlı həmin oğlan da evdədir. Özünü lap öz evindəki kimi aparırdı. Mən xalçanı otağın ortasına tullayıb evdən çıxdım və bir daha həmin evə getmədim. Çünki artıq mənə məlum olmuşdu ki, anam guya Samirin məni sevdiyini və mənimlə ailə quracağını deməklə məni aldadıb, əslində, özü onunla vaxt keçirirmiş. Bundan sonra anamın ayrı-ayrı kişilərlə görüşdüyünü əmim Qənimətin arvadı Manyaya, daha sonra isə atama danışdım".

Şahid qismində dindirilən Sevər Əzizova da baldızının ifadəsinə uyğun ifadə verib. O, ifadəsində göstərib ki, 9 dekabr 2006-ci il tarixdə xəstə qaynı Sirac vəfat edib. Siracın qırx mərasimi günü o, qayınanasının qonşu otaqda kiminləsə telefon vasitəsilə danışıb güldüyünü hiss edib: "Mən otağa girəndə qayınanam söhbətini yarımçıq kəsib mənə tapşırdı ki, otaqdan çıxım. Qapının arxasında dayanıb onun söhbətinə xəlvət qulaq asmalı oldum. O, kiməsə deyirdi ki, sabah Siracın ölüm haqqında şəhadətnaməsini götürüb bir bəhanə ilə evdən çıxaram. Sabahı gün qapıda taksi dayandı, qayınanam Siracın ölüm kağızını götürüb mənimlə birlikdə evdən çıxdı və həmin taksiyə oturduq. Mən onun sürücü ilə danışığından başa düşdüm ki, bir gün əvvəl telefonda danışdığı oğlandır. Biz dəniz kənarında yerləşən "Göyərçin" kafesinə gəldik. Qayınanam dedi ki, ölüm kağızı almaq üçün kontora getməlidir, orada fasilədir. Ona görə də gərək burada oturub gözləyək. Çay içəndən sonra qayınanam mənə məsləhət gördü ki, sən hamiləsən, əziyyət çəkib bizimlə getmə, burada gözlə, kontora dəyib qayıdıram. Sonra taksiyə oturdu, mən kafenin pəncərəsindən onların dalınca baxanda gördüm ki, onlar maşını dəniz kənarına sürdülər. Orada sürücü maşından düşüb arxa oturacağa - qayınanamın yanına keçdi... Bundan sonra qayınanama göz qoymağa başladım. O, tez-tez telefonla ayrı-ayrı kişilərlə eşqdən, məhəbbətdən danışır, səhər evdən çıxır, qayınatam evə gələnə yaxın qayıdırdı. Keçən ilin oktyabr ayında axşam saatlarında Akifə Samir və Nizami adlı cavan oğlanları evə dəvət elədi. Qayınanam guya Samirin Təhminəni sevdiyini bildirsə də, işığı söndürüb maqnitofonu qurub özü onunla rəqs etməyə başladı. Bir qədər sonra oğlanlar çıxıb getdilər. Həmin ərəfələrdə həmin oğlanlar bir dəfə də bizə gəldilər, qayınatamın qəflətən evə gəlməsi qayınanamı qorxuya saldı, qayınatam ayaqyoluya keçən kimi qayınanam onları xəlvət yola saldı".

QEYD: Məhkəmənin hökmü ilə Əhməd Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Təəssüf ki, cinayət işlərinin sonunda nida işarəsi qoyulmur, nöqtə qoyulur. Bu isə baş hərflə yeni bir cinayət işinin başlanacağına işarədir

İnarə Rafiqqızı

O.M.