Azərbaycanda 09 yanvarın kriminal xronikası

Azərbaycanda 09 yanvarın kriminal xronikası

10 Yanvar 2012 13:25
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 51 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 10 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.

7 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Qaradağ rayonunun Şıxlar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

09.01.2012

Yanvarın 9-da saat 11.00 radələrində Qaradağ rayonunun Şıxlar qəsəbəsi ərazisində rayon sakini Ərzuman Pirquliyevin idarə etdiyi "QAZ-31105" və Kürdəmir rayon sakini İlqar Məmmədovun idarə etdiyi "Mercedes-200" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ə.Pirquliyev xəstəxanaya aparılarkən yolda ölmüş, İ.Məmmədovun xəsarət almış sərnişini Qılman Nuruyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Salyan rayonunun Kürsəngi kəndi ərazisində yol-nəqliyyat hadisəsi

09.01.2012

Yanvarın 9-da saat 07.30 radələrində Salyan rayonunun Kürsəngi kəndi ərazisində Neftçala rayon sakini Sübhan Ələkbərov "KAVZ" markalı avtobusu idarə edərkən onu su kanalına aşırmışdır. Nəticədə sərnişinlərindən Elxas Cəfərov suda boğulmuş, xəsarət almış digər 4 sərnişinə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.01.2012

Yanvarın 9-da saat 18.20 radələrində Səbail rayonu ərazisində şəhər sakini Həbib Nəbiyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu ilə Ağsu rayon sakini Pərviz Veysəlovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın toqquşmuşdur. Nəticədə P.Veysəlov və sərnişini Süleyman Cavadov hadisə yerində ölmüşlər.

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

09.01.2012

Yanvarın 9-da saat 23.40 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əziz Ağayevin və Samux rayon sakini Davud Doçenkonun idarə etdikləri "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və sərnişinlər Xanhüseyn Vəliyev və Qori Doçenko xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Ağstafa rayonunun Dağkəsəmən kənd sakini Dilənçi Ocaqverdiyevə məxsus evdə yanğın baş vermişdir

09.01.2012

Yanvarın 2-də Ağstafa rayonunun Dağkəsəmən kəndində kənd sakini Dilənçi Ocaqverdiyevə məxsus evində yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları yanmışdır.

Ramana qəsəbə sakini Canbaxış Əliyev 1,12 kq qurudulmuş marixuananı satarkən tutulmuşdur

09.01.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Canbaxış Əliyev 1,120 kiloqram qurudulmuş marixuananı satarkən tutulmuşdur.

Bakı şəhər sakini Eyvaz Həkimovu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib hadisə yerindən qaçmış Babalı Qəmbərov tutulmuşdur

09.01.2012

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il iyunun 29-da şəhər sakini Eyvaz Həkimovu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib hadisə yerindən qaçmış Babalı Qəmbərov tutulmuş, ondan 1 ədəd 16 kalibrli, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd patron götürülmüşdür.

1800 metr uzunluğunda elektrik naqilini kəsərək oğurlamış Bakı şəhər sakini Rüstəm Ramazanov tutulmuşdur

09.01.2012

Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də "Neo" MMC tərəfindən inşa olunmuş yaşayış binasından 1800 metr uzunluğunda elektrik naqilini kəsərək oğurlamış şəhər sakini Rüstəm Ramazanov tutulmuşdur.

Eldar İsmayılova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Niyaməddin Ağayev tutulmuşdur

09.01.2012

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 29-da Eldar İsmayılova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Niyaməddin Ağayev tutulmuşdur.

Gilgəz Məhərrəm qızını qətlə yetirib hadisə yerindən qaçmış Gəncə şəhər sakini Ceyhun Məlikov tutulmuşdur

09.01.2012

Gəncə ŞBPİ və Şəhər Prokurorluğu əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirlər nəticəsində 2006-cı il aprelin 17-də Gilgəz Məhərrəm qızını qətlə yetirib hadisə yerindən qaçmış şəhər sakini Ceyhun Məlikov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Fəxrəddin İsmayılov tutulmuşdur

09.01.2012

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-na keçən gecə Gəncə şəhəri ərazisində şəhər sakini Murad Qasımova məxsus mağazadan 500 manat dəyərində tütün məmulatı oğurlanmış şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin İsmayılov tutulmuşdur.

Mağazadan oğurluq etmiş Biləsuvar rayon sakinləri Aydın Məmmədzadə və Ramiz Talıblı tutulmuşlar

09.01.2012

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Mübariz Mustafayevə məxsus mağazadan oğurluq etmiş rayon sakinləri Aydın Məmmədzadə və Ramiz Talıblı tutulmuşlar.

Şərur rayon sakini Qorxmaz Qasımov, Sədərək rayon sakini Qədir Əhmədov və Kəlbəcər rayonunun Zəylik kənd sakini Sitarə Zeynalova tapdıqları silah və vasitələrini təhvil vermişlər

09.01.2012

Şərur rayon sakini Qorxmaz Qasımov tapdığı 1 ədəd qaz tapançasını və 5 ədəd tapança patronunu könüllü olaraq Şərur RPŞ-yə təhvil vermişdir.
Sədərək rayon sakini Qədir Əhmədov tapdığı 1 ədəd nömrəsiz "AKM" silahını, 30 ədəd avtomat patronunu və 1 ədəd patron darağını könüllü olaraq Sədərək RPŞ-nə təhvil vermişdir.
Kəlbəcər rayonunun Zəylik kənd sakini Sitarə Zeynalova 1 ədəd korroziyaya uğramış avtomat silahını, 1 ədəd əldədüzəltmə farsunkanı, 48 ədəd avtomat patronu və 4 ədəd patron darağını könüllü olaraq Kəlbəcər RPŞ-yə təhvil vermişdir.

Şəmkir rayonu ərazisindən silah-sursat tapılmışdır

09.01.2012

Şəmkir RPŞ əməkdaşları tərəfindən Mahmudlu kəndi ərazisindən 1 ədəd "TOZ-8", 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 1 ədəd əldədüzəltmə tapança, 1 ədəd qumbara, 61 ədəd avtomat patronunu və 1 ədəd patron darağı tapılmışdır.

Oğurluq etməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Bəxtiyar Şevelov və Yadigar Məmmədov tutulmuşlar

09.01.2012

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-nə keçən gecə Əlibayramlı kəndi ərazisində kənd sakini Şahin Əliyevə məxsus mağazadan pəncərədən girmək yolu ilə 100 litr benzin və 40 litr dizel yanacağı oğurlanmış rayon sakinləri Bəxtiyar Şevelov və Yadigar Məmmədov tutulmuşlar.

3 nəfər dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

09.01.2012

Yanvarın 9-da Sumqayıt şəhər sakinləri Könül Sadıqova, Almaz Babayeva, Göygöl rayon sakini Məlahət Qədimova evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Biləsuvar rayon sakini E.Qasımova dəm qazından zəhərlənərək boğulmuşdur

09.01.2012

Yanvarın 9-da Biləsuvar rayonunun Zəhmədabad kənd sakini Elnarə Qasımova evində dəm qazından zəhərlənərək boğulmuşdur.

4 yaşlı Şəmkir rayon sakini İ.Vəliyev üstünə dəmir qapının düşməsi nəticəsində ölmüşdür

09.01.2012

Yanvarın 9-da Şəmkir rayonunun Şiştəpə kəndində kənd sakini 4 yaşlı İmran Vəliyevin üstünə dəmirdən hazırlanmış qapı düşmüşdür. Xəstəxanaya yerləşdirilmiş İ.Vəliyev orada ölmüşdür.

Qanunu qoruyanları qanun qoruyar...

Murad Şahməmmədov

O.M.