Azərbaycanda 03 yanvarın kriminal xronikası

Azərbaycanda 03 yanvarın kriminal xronikası

4 Yanvar 2012 13:49
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 38 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 22-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.

12 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.

Binə qəsəbəsi ərazisindən qəsəbə sakini E.Məmmədova məxsus avtomaşını qaçırmış Ağsu rayon sakini O.Hüseynov saxlanılmışdır

03.01.2012

Yanvarın 3-də saat 16.40 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən, qəsəbə sakini Emin Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır. Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də saat 00.15 radələrində qəsəbə ərazisində avtomaşını qaçırmış Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynov saxlanılmışdır. Avtomaşının arxa hissəsində dövlət nömrə nişanı olmamış, qabaq hissəsində isə digər avtomaşınına məxsus dövlət nömrə nişanı olmuşdur. Araşdırmalar aparılır.

Yevlax şəhəri ərazisində baş vermiş YNH nəticəsində 1 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır

03.01.2012

Yanvarın 3-də saat 22.00 radələrində Yevlax şəhəri ərazisində, şəhər sakini Faiq Xəlilovun idarə etdiyi "QAZel" və Bərdə rayon sakini Bayram Qurbanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış B.Qurbanov və sərnişinləri - oğlu Zaur, qohumu 4 yaşlı Vaqif Dadaşov, habelə Elmira Əliyeva xəstəxanaya yerləşdirilmişlər. B.Qurbanov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Şəki şəhəri ərazisində şəhər sakini Q.Məsimov avtomaşını idarə edərkən iki piyadanı vurmuşdur

03.01.2012

Yanvarın 3-də saat 15.30 radələrində Şəki şəhəri ərazisində, şəhər sakini Qalib Məsimov "MAZ" markalı avtomaşını idarə edərkən yolu keçən Nişanə Əhmədova və onun anası Sədayəni vurmuşdur. Nəticədə N.Əhmədova hadisə yerində ölmüş, xəsarət almış Sədayə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Binəqədi rayonu ərazisində H.Ağayevə məxsus mağazadan pul oğurlamış Yardımlı rayon sakini N.Rəsulov tutulmuşdur

03.01.2012

Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 16-da Həsən Ağayevə məxsus mağazadan 200 manat pul oğurlamış Yardımlı rayon sakini Nofəl Rəsulov tutulmuşdur.

Yanvarın 1-də C.Mirzəyevə məxsus avtomaşından oğurluq etmiş Baş Ələt qəsəbə sakini S.Hacıbalayev tutulmuşdur

03.01.2012

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ceyhun Mirzəyevə məxsus avtomaşından oğurluq etmiş Baş Ələt qəsəbə sakini Saleh Hacıbalayev tutulmuşdur.

Yanvarın 2-də piyada F.Əliyevin xəsarəti ilə nəticələnən YNH-nin sürücü R.Novruzov tərəfindən törədilməsi müəyyən edilmişdir

03.01.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən yanvarın 2-də Fərid Əliyevin xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsinin "Şevrolet Aveo" markalı avtomaşının sürücüsü şəhər sakini Ramil Novruzov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Göygöl rayon sakini A.Sadıqovaya məxsus mağazadan oğurluq etmiş rayon sakini B.Fərəcov tutulmuşdur

03.01.2012

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Azadə Sadıqovaya məxsus mağazadan oğurluq etmiş rayon sakini Bayram Fərəcov tutulmuşdur.

Cəlilabad rayon sakini İ.Məmmədov 1 kiloqramdan artıq heroini satarkən tutulmuşdur

03.01.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş İlham Məmmədov 1 kiloqram 950 qram heroini satarkən tutulmuşdur.

Qonşusunu tapança ilə hədələmiş Ağdam rayon sakini N.Qəhrəmanov saxlanılmış, onun evindən qaz tapançası və pnevmatik tüfəng götürülmüşdür

03.01.2012

Yanvarın 3-də Ağdam rayonunun 2-ci Dördyol qəsəbə sakini Məzahir Həsənov RPŞ-yə ərizə ilə müraciət edərək yanvarın 1-də qonşusu Nizami Qəhrəmanov tərəfindən tapança ilə hədələnməsini bildirmişdir. Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nizami Qəhrəmanov saxlanılmış, evinə baxış zamanı oradan 1 ədəd qaz tapançası və 1 ədəd pnevmatik tüfəng aşkar edilərək götürülmüşdür.

Şirvan şəhərindəki mağazadan oğurluq etmiş şəhər sakini T.İsmayılov tutulmuşdur

03.01.2012

Yanvarın 3-nə keçən gecə Şirvan şəhərinin Xəqani küçəsindəki mağazada, şəhər sakinləri Ədalət Günəşov və Mahir Rüstəmova məxsus elektrik alətləri oğurlanmışdır. Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz İsmayılov tutulmuşdur.

Xəzər rayonu ərazisində Bakı şəhər sakini V.Mürvətov xətt avtobusunu idarə edərkən M.Qəmbərovanı vurmuşdur

03.01.2012

Yanvarın 3-də saat 20.30 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Vaqif Mürvətov "Daewoo" markalı xətt avtobusunu idarə edərkən Mətanət Qəmbərovanı vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.

Biləcəri qəsəbəsində yaşayan E.Zərbəliyev dəm qazından zəhərlənərək ölmüşdür

03.01.2012

Yanvarın 3-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Elxan Zərbəliyev dəm qazından zəhərlənərək ölmüşdür.

Ən etibarlı sığorta ehtiyatlı olmaqdır...

Aqil Hüseynov

O.M.