İstintaq materialından-Atasını qətlə yetirən oğul

İstintaq materialından-Atasını qətlə yetirən oğul

3 Yanvar 2012 19:10
Bəyəndim (0) Bəyənmədim (0)
Tovuzda baş verən cinayət birini məzara, digərini 9 il həbsxanaya göndərdi

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Elməddin Həsənovun məhkəmə istintaqı başa çatıb

Məhkəmə yolu ilə müəyyən edilib ki, Elməddin Həsənov 2007-ci ilin yanvar ayının ilk yarısında yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndindəki evin həyətində atası Mustafa Rüstəmovla ailə münaqişəsi zəminində mübahisə edərək dalaşıb. Yaranmış insident nəticəsində o, atasını öldürmək niyyəti ilə əlindəki gürzlə (ağır dəmir çəkiclə) onun baş nahiyəsindən 2 dəfə zərbə endirib. Zərbənin təsirindən Mustafa Rüstəmov hadisə yerindəcə keçinib. Atasının öldüyünə əmin olan oğul meyiti evin zirzəmisində gizlədib. Hadisədən bir neçə gün sonra isə Tovuz RPŞ-ə gedərək atasının evdən 300 manat pul götürüb getməsi barədə məlumat verib. Hadisənin üstündən bir il keçdikdən sonra isə Mustafa Rüstəmovun oğlu tərəfindən qətlə yetirilməsi aşkarlanıb. Belə ki, 6 fevral 2008-ci ildə mərhumun qardaşı Məmməd Rüstəmov Mustafanın xəbərsiz itkin düşməsi barədə Tovuz RPŞ-ə ərizə ilə müraciət edib. Bundan sonra Mustafa Rüstəmovun ailə üzvlərindən izahat alınıb. Elməddin Həsənov izahatında atasını çəkiclə vurub öldürdüyünü göstərib. Elməddinin ifadəsi əsasında onun atasını "dəfn etdiyi" yerə hal şahidlərinin iştirakı ilə baxış keçirilib və həmin yerdən mərhumun meyiti aşkar edilib.

MƏHKƏMƏ PROSESİNDƏN:

Təqsirləndirilən şəxs qismində dindirilən Elməddin Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Mustafa Rüstəmov onun doğma atasıdır. Lakin babası Nəbi Həsənovun oğlu olmadığından onu babası oğulluğa götürmüş, ona görə də rəsmiyyətdə Həsənov Elməddin Nəbi oğlu kimi tanınır: "Atam Mustafa anam Gözəldən 1994-cü ildə rəsmi qaydada boşansa da, bir yerdə yaşayırdılar. Atam tez-taz Rusiyaya gedib-gəlirdi. Son vaxtlar spirtli içkiyə aludə olduğundan bizimlə yola getmirdi. Dəfələrlə məni təhqir etmiş, döymüşdü. 10 yanvar 2007-ci ildə səhər yeməyi zamanı atam arvadım Samirəni təhqir etdi. Bundan inciyən Samirə evdən çıxıb qonşuya getdi.

"ELƏ BİLDİM Kİ, ATAM BABAMI ÖLDÜRÜB"

Bununla bağlı atamla aramızda mübahisə yarandı. Mübahisə zamanı atam məni döyməyə başladı. Bunu görən babam Nəbi mənim köməyimə gəldi və bizi aralamağa çalışdı. Atam məni buraxıb babamı döyməyə başladı. Babamın diş protezinin yerə düşdüyünü görüb atamın onu öldürdüyünü zənn etdim. Ona görə də çəkiclə atamın baş nahiyəsindən 2 dəfə zərbə endirdim. Vurduğum zərbələrdən atamın öldüyünü bilib həyəcandan özümü itirdim. Həmin vaxt evdə heç kim olmadığından babamın köməkliyi ilə atamın meyitini zirzəmiyə qoyduq. Gecəyarısı meyiti paltarlı vəziyyətdə həyətdəki çuxurda basdırdım. Meyiti basdırmamışdan qabaq onun üstünü yoxlayaraq cibindən çıxan 3 ədəd şəkli, 3 ədəd telefon kartını, atama məxsus şəxsiyyət vəsiqəsini zibillikdə yandırdım. Bu barədə heç kimə bildirmədik. Sonradan məndən şübhələnməsinlər deyə, atamın evdən 300 manat pul götürüb getməsi barədə Tovuz rayon polis şöbəsinə ərizə verdim".

"QARDAŞIM ARVADINDAN NARAZILIQ EDİRDİ"

Zərərçəkmiş şəxs qismində dindirilən Məmməd Rüstəmovun (mərhumun qardaşı) ifadəsindən:

- Qardaşım Mustafa mütəmadi olaraq Rusiyaya gedib-gəlirdi. 1992-ci ildə Mustafa Bakıda ev aldığından qeydiyyata düşmək üçün Gözəldən rəsmi qaydada ayrılmışdı. Buna baxmayaraq onlar faktiki ər-arvad kimi bir yerdə yaşayırdılar. 2006-cı ildə qardaşımla görüşən vaxt Mustafa həyat yoldaşı Gözəldən narazılıq etdi, arvadının onunla yola getmədiyini bildirdi. Sonradan eşitdim ki, qardaşım oğlu Elməddin atasını öldürüb həyətdə basdırıb. Elməddinin atasını öldürdüyünü babası Nəbi və anası Gözəl bilsələr də, aidiyyatı orqanlara xəbər verməyiblər.

MEYİTİN GİZLƏDİLMƏSİNDƏ NƏVƏSİNƏ YARDIM EDƏN BABA

Şahid qismində dindirilən Nəbi Həsənov ifadəsində göstərib ki, Mustafa onun yeganə övladı Gözəlin əri olub. Birgə nikahdan onların 1 oğlu və 2 qızı dünyaya gəlib. Özünün oğlu olmadığından o, Mustafanın oğlu Elməddini oğulluğa götürüb: "Gözəllə Mustafa boşanana qədər münasibətləri normal idi. Elməddin evləndikdən sonra isə onların münasibətləri pisləşmişdi. Narazılığın əsas səbəbi isə o idi ki, Mustafa oğlu Elməddindən tələb edirdi ki, arvadı Samirəni boşasın. Belə ki, Mustafa Samirənin anasının pozğun olduğunu deyir, qızının da onun kimi olacağını bildirirdi. 2007-ci ilin yanvar ayında Mustafa Rusiyadan qayıtdıqdan sonra ailəsi ilə yola getmir, içkili vəziyyətdə arvad-uşağını döyürdü. Hadisə baş verən gün Mustafanın nəvəm Elməddini döydüyünü gördüm. Onları aralamaq istədikdə, Mustafa oğlunu buraxıb məni döyməyə başladı, diş protezim yerə düşdü. Nəvəm mənim öldüyümü zənn edib arxadan çəkiclə Mustafanı vurdu. Zərbənin təsirindən Mustafa öldü. Meyitin basdırılmasında nəvəm Elməddinə köməklik etmişəm. Elməddini çox istəyirəm. Onun məsuliyyətə cəlb olunacağından qorxduğum üçün hadisə barədə hüquq-mühafizə orqanlarına xəbər verməmişəm. Elməddin Mustafanı öldürdükdən 1-2 gün sonra onun evdən pul götürüb getməsi ilə bağlı RPŞ-ə ərizə verdi. RPŞ-də izahat verərkən Mustafanın Rusiyada olması barədə yalan məlumat vermişəm".

"ATAM İBADƏT ETMƏYİMƏ MANE OLURDU"

Şahid qismində dindirilən Elgün Rustəmovanın ifadəsindən:

- Atam evə içkili gəlirdi, babamla, qardaşımla mübahisə edirdi, mənim ibadət etməyimə mane olurdu. 15 yanvar 2007-ci ildə anamla mən Gəncəyə getmişdik. 16 yanvar 2007-ci ildə qardaşım Elməddinin Tovuz RPŞ-ə vermiş olduğu şikayət ərizəsi üzrə izahat verdim. Qardaşımın atamı öldürməsi barədə əvvəlcə bilməmişəm, atamın Rusiyaya getdiyini zənn etmişəm.

"ƏGƏR ÖLDÜRMÜSÜNÜZSƏ, HEÇ OLMASA MEYİTİ VERİN"

Şahid qismində dindirilən Zərnişan Rüstəmovanın ifadəsindən:

- Gözəllə münasibətim yaxşı olmadığından onun evinə gedib-gəlmirdim. 2007-ci ilin əvvəllərində Mustafanın qardaşları ondan heç bir xəbər olmadığını bildirdilər. Əvvəlcə Mustafanın Rusiyada olduğunu güman etdik. Sonradan Rusiyaya gedib-gələn şəxslərlə əlaqə saxladıq. Lakin onu gördüm deyən olmadı. Mustafanın yerini müəyyənləşdirmək üçün 2007-ci ilin aprel ayında Gözəlin evinə getməyi qərara aldıq. Mustafanın qayınatası Nəbi ilə söhbət etdik, ondan Mustafanın yerini soruşduq. Dedik ki, əgər Mustafanı öldürmüsünüzsə, onun meyitini verin. Nəbi Həsənov isə, "O bizi qatlayır, o bizi qırırdı, biz onu niyə öldürək? O, bizi öldürürdü, çıxıb Rusiyaya gedib", - dedi. Bu vaxt Gözəl Rüstəmova da ərinin Rusiya getdiyini, hətta ona zəng vurduğunu bildirdi. Anasının dediklərini Elməddin də təsdiqlədi. Biz deyilənlərə inanıb oradan qayıtdıq. Sonradan məlum oldu ki, Mustafa oğlu Elməddin tərəfindən öldürülüb.

QEYD

Məhkəmənin hökmü ilə Elməddin Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.

SON SÖZ ƏVƏZİ:

Canını verdiyin insan sənin qanını tökürsə, dünya çətin ki düzələr...

İnarə Rafiqqızı

O.M.