VİDEO-Yolka alovlandı, köpükləndi, tüstüləndi, amma sevinən olmadı

VİDEO-Yolka alovlandı, köpükləndi, tüstüləndi, amma sevinən olmadı

3 Yanvar 2012 16:36
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda pirotexnik qurğu yanğına səbəb oldu

Yeni ilin ayrılmaz atributlarından biri də yolkadır. Bayramda təbii və süni şam ağacları bəzədilir: üstünə ulduz qoyulur, oyuncaqlar asılır, ağac al-əlvan işıqlarla sarılır, qara bənzər köpüklərlə süstlənir. Hamı yolkanı dövrəyə alıb şənlənməyə başlayır. Sehrli zəngdən sonra Şaxta baba sehrli çubuğu ilə yolkaya yaxınlaşır və hər kəsə hədiyyələr paylayır. Bəzən onun yanında qar qız da olur.

Nə isə, bu gün, yəni bayramın üçüncü günü şəhərin ortasında, daha dəqiq desək, Mətbuat prospektində həmin "bayram" əhval ruhiyyəsi yaşandı. Kimsə təbii yolkanın üstünə partlayıcı maddə atdı. Maddə ulduz kimi ağacın başına işıq saçdı. Yolka alovlanmağa, üstündəki qozalar yanmağa, ətrafa işıq saçmağa başladı. İnsanlar tez bir zamanda yolkanı dövrəyə aldılar. Sehrli zəngdən sonra hadisə yerinə yanğınsöndürənlər gəldilər və "sehrli" boruları ilə yolkanın üstünə qarabənzər köpük yağdırmağa başladılar. Bayram şənliklərində olduğu kimi ətrafa ala-bəzək tüstü yayıldı. Yanğınsöndürənlərin hər kəsə bayram hədiyyəsi o oldu ki, alovun yaxınlıqdakı binaya sıçramasının qarşısı alındı. Hadisə yerində gülərüz qar qız gözə dəyməsə də, binadan baxan xanımlar hələ də kişiləri qınamaqda davam edirdilər.

Bayramımız mübarək oldu!..

Murad Şahməmmədov

O.M.