Lənkəranda qarını öldürdülər, pullarını tapa bilmədilər

Lənkəranda qarını öldürdülər, pullarını tapa bilmədilər

2 Yanvar 2012 18:35
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Qohumu qarının evində 50 000 - 60 000 $ olduğunu desə də, evdən 74 ədəd pay çeki tapıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində

Bakı Ağır Cinayətlər Məhkəməsində Aybəniz Qəzənfər qızı Qasımovanın, Siyavuş Mirabbas oğlu Ağayevin və Ramin Siyab oğlu Məmmədovun məhkəməsi keçirilib. Bu şəxslər soyğunçuluqda və qətldə təqsirli biliniblər.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Aybəniz Qasımova Lənkəran rayonunun Şağlaküçə kəndində yaşayan qohumu Mədinə Şahsuvar qızı Kəlbiyevanın əmlakını ələ keçirmək məqsədilə sonuncunu qəsdən öldürmək qərarına gəlib. Bu barədə yaxın münasibətdə olduğu Siyavuş Ağayevlə və sonuncunun yeznəsi Ramin Məmmədovla məsləhətləşib. Basqın planı hazırlanıb. Siyavuş Ağayevlə Ramin Məmmədov gecə saatlarında Şağlaküçə kəndinə gələrək hasardan aşmaqla Mədinə Kəlbiyevanın həyətinə giriblər. Mədinə Kəlbiyevayla nəvəsi Sevinc Şükürovanın yatdığı otağın qarşısındakı aynabəndin qapısının və pəncərəsinin bağlı olduğunu görərək həmin gecə məqsədlərini həyata keçirə bilməyib geri dönüblər. Bu barədə Aybəniz Qasımovaya məlumat verdikdə qadın gündüz saatlarında Mədinə Kəlbiyevanın evinə bayram payı aparacağını və fürsətdən istifadə edərək aynabəndin pəncərəsini açıq qoyacağını bildirib.

Həmin gün Mədinə Kəlbiyevanın evində olub aynabəndin bir pəncərəsinin cəftəsini açan Aybəniz Qasımova bu barədə tanışlarını məlumatlandırandan sonra sonuncular gecə təkrar həmin evə giriblər. Sevinc Şükürovanın ağzını və əl-ayağını yapışqanlı lentlə bağlayaraq gözləri qarşısında nənəsini xüsusi amansızlıqla qətlə yetiriblər, mənzili axtararaq 74 ədəd özəlləşdirmə payı tapıblar və hadisə yerindən qaçıblar.

Müttəhimlər haqda qısa arayış

1. Qasımova Aybəniz Qəzənfər qızı - 1969-cu ildə Bakı şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Orta təhsillidir. Üç uşaq anasıdır. Lənkəran şəhəri, Fizuli küçəsi, ev 52-də yaşayır. AR CM-nin 32.3, 32.4, 32.5, 120.2.1, 32.3, 32.4, 32.5, 120.2.4, 32.3, 32.4, 32.5, 120.2.5, 32.3, 32.4, 32.5, 120.2.9, 32.3, 32.4, 32.5, 120.2.11, 32.3, 32.4, 32.5, 29, 120.2.4, 32.3, 32.4, 32.5, 29, 120.2.7, 32.3, 32.4, 32.5, 181.3.1, 32.3, 32.4, 32.5, 181.3.2-ci maddələri ilə təqsirli bilinir.

2. Ağayev Siyavuş Mirabbas oğlu - 1981-ci ildə Lənkəran şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Orta təhsillidir. Lənkəran şəhəri, H.Əliyev prospektində yaşayır. AR CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.9, 120.2.11, 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 181.3.1, 181.3.2, 228.4-cü maddələri ilə təqsirli bilinir.

3. Məmmədov Ramin Siyab oğlu - 1981-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Ailəlidir. Orta təhsillidir. Himayəsində 2007-ci ildə anadan olmuş bir uşağı var. Lənkəran rayonunun Veravul kəndində yaşayır. AR CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.9, 120.2.11, 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 181.3.1, 181.3.2-ci maddələri ilə təqsirli bilinir.

Məhkəmə prosesindən

Təqsirləndirilən şəxs qismində dindirilən Aybəniz Qasımova ifadəsində göstərib ki, mərhum Mədinə Kəlbiyeva onun baldızı Nigarın qayınanası olub: "Siyavuşla görüşərək ona bildirdim ki, Mədinənin evində mənim pulum var. Təklif elədim ki, evə girib həmin pulu götürsün. Siyavuşu Şağlaküçə kəndinə apararaq Mədinənin yaşadığı evin yerini ona göstərdim. Martın 15-də ərim Sücayətlə müəyyən əşyaları Mədinəyə vermək üçün Şağlaküçə kəndinə onun evinə getdim. Mədinənin evində olan vaxtı aynabəndin küçəyə açılan pəncərəsinin cəftəsini açdım. Həmin gecə Siyavuş və Ramin qarət məqsədilə Mədinənin yaşadığı evə girdilər. Hadisədən bir qədər sonra görüşərkən Siyavuş mənə xəbər verdi ki, Mədinəni öldürmək fikirləri olmasa da, Mədinə qoca və xəstə olduğundan təzyiqlərə tab gətirə bilməyərək ölüb. Siyavuşgil Mədinənin evindən 74 ədəd özəlləşdirmə çeki götürmüşdülər, ancaq pulu tapa bilməmişdilər".

Təqsirləndirilən şəxs qismində dindirilən Siyavuş Ağayev ona elan olunmuş ittihamla özünü təqsirli bilib

O, ifadəsində göstərib ki, Aybəniz Qasımova onlara Şağlaküçə kəndində yaşayan qohumu Mədinə adlı qadının evində 50 000 - 60 000 ABŞ dollar və xeyli miqdarda qızıl əşyaları olması barədə məlumat verib. Pula ehtiyacı olduğundan o, Aybənizin evə basqın etmək təklifi ilə razılaşıb. Martın 14-dən 15-nə keçən gecə evin aynabəndindəki pəncərə və qapı arxa tərəfdən bağlı olduğundan plan baş tutmayıb. Martın 15-də günorta saatlarında Aybəniz onlara zəng vuraraq Mədinənin evində olduğunu və aynabəndin pəncərəsinin cəftəsini açdığını deyib, gecə təkrar evə girməyi təklif edib. Siyavuş Ağayevin ifadəsindən: "Martın 15-dən 16-na keçən gecə təkrar Mədinənin evinə gəldik. Aynəbəndin açıq pəncərəsindən içəri keçdik. "Çeçenka" papaqlarımızı geyinib gözümüzün üstünə çəkdik ki, üzümüzü aydın görməsinlər. Ortadakı otağa lampanın zəif işığı düşürdü, həmin otağa girəndə gördük ki, çarpayıda qoca arvadla balaca qız yatıb. Onlara yaxınlaşıb ağızlarını tutmaq istəyəndə hər ikisi ayıldı, qız müqavimət göstərdi, ona görə də Raminlə köməkləşib qızın əllərini və ayaqlarını iplə, ağzını isə yapışqanlı lentlə bağladıq. Sonra isə arvadın əllərini və ayaqlarını iplə, ağzını isə yapışqanlı lentlə bağladıq. Bu vaxt arvad xırıldayıb hərəkətsiz dayandı. Biz döşəyi, balışı axtardıq, mən bıçaqla yorğan-döşəyi cırdım, ancaq pul-para, qızıl tapa bilmədik. Otaqdakı sandığın içərisinə baxanda özəlləşdirmə çekləri tapdıq, çekləri götürüb evdən çıxdıq və birbaşa bizə yollandıq. Ramin gecəni bizdə qaldı. Səhəri gün Aybənizi görə bildim, ancaq Mədinənin öldüyünü eşitdim. Mədinənin evindən götürdüyümüz 74 ədəd özəlləşdirmə çekini 20-25 gündən sonra zibillikdə yandırdım. Sonra Raminlə Bakıya getdik, bir müddət orada müxtəlif ünvanlarda kirayədə yaşayandan sonra həbs edildik". Təqsirləndirilən şəxs qismində dindirilən Ramin Məmmədov da ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, yuxarıda qeyd olunanları təsdiqləyərək eyniməzmunlu ifadələr verib.

Zərərçəkmiş şəxs qismində dindirilən Sevinc Şükürova ifadəsində göstərib ki, hadisə baş verən gecə qəflətən qapının səsinə yuxudan oyanıb

Gözlərini açanda qaranlıqda bir nəfərin alışqanı yandıraraq ona tərəf gəldiyini görüb, həmin şəxs onun üstünə cumaraq ağzını tutub və "qışqırma" göstərişi verib. Bu vaxt o, başqa bir oğlanın nənəsi Mədinənin də ağzını tutduğunu görüb. Nənəsinin xırıltılı səsini eşidərək hiss edib ki, quldurlar onun da ağzını və əl-qolunu bağlayıblar: "Həmin şəxsə müqavimət göstərərək əl-qol atdım, onun sifətində papaq olduğunu hiss etdim. Qışqırmağa başladım. Nənəmin də qışqırığını eşitdim. Sonra hiss etdim ki, nənəmin yanında kimsə var və həmin adam da nənəmin ağzını tutmağa çalışır. Məni tutan şəxs əl-qol atdığımı görəndə nənəmi tutan oğlana "Ramin, bir yerdə qalmır" dedi. Nənəmi tutan oğlan mənə "sakit ol"-deyə qışqırdı. Qolumu tutan oğlan məni üzü üstə çarpayıya yıxdı və yapışqanlı lentlə qollarımı bağladı. Həmin vaxt sifətim balışa sıxıldığı üçün qışqıra bilmirdim, boğulmağa başladım. Sonra həmin oğlan başımı qaldırıb ağzımı və burnumu da yapışqan lentlə sarıdı, ayaqlarımı bağladı.

Nənəmin xırıltılı səsini eşidərək hiss etdim ki, onun da ağzını, əl-qolunu bağlayıblar. Bundan sonra həmin şəxslər mənim üstümə yorğan-döşək ataraq evi axtarmağa başladılar. Təxminən 20-30 dəqiqədən sonra evdə axtarış aparan həmin şəxslərin getdiyini hiss etdim. Çarpayıdan qalxıb əllərimi və ayaqlarımı açdım. Otaqdan çıxmaq istəyəndə nənəmin döşəmədə uzandığını gördüm. Onun tərpənmədiyini görüb qonşuluqda yaşayan Aydının həyətinə gedərək onların pəncərəsini döydüm, Aydıngilə baş vermiş hadisəni danışdım. Bundan sonra evə qayıtdım, bir azdan Aydın və onun qızları da bizə gəldilər, nənəmin ağzına yapışdırılmış yapışqanlı lenti qayçı ilə kəsib atdılar. Bundan sonra nənəmin oğlanları, eləcə də digər qohumlarımız gəldilər".

QEYD:

Məhkəmə işin bütün hallarını araşdırdıqdan sonra Aybəniz Qasımovanın 14, Siyavuş Ağayevin 15, Ramin Məmmədovun isə 14 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılıb. Siyavuş Ağayev cəzasının 3 ilini həbsxanada, qalan 12 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son söz əvəzi

Atalar yaxşı deyib: "Yüz yeyənin olsun, bir deyənin olmasın."

İnarə Rafiqqızı

O.M.