Azərbaycanda 2012-ci ilin ilk gününün kriminal xronikası

Azərbaycanda 2012-ci ilin ilk gününün kriminal xronikası

2 Yanvar 2012 15:05
Bəyəndim (0) Bəyənmədim (0)
01 yanvar günü ölkəmizdə 53 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmış, onların da 15-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır.

5 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 7 nəfər tutulmuşdur.

Qısqanclıq zəminində bacısına bıçaqla xəsarət yetirmiş Qaradağ rayon sakini X.Kərimov könüllü olaraq polisə təslim olmuşdur

01.01.2012

Yanvarın 2-də saat 00.30 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qəsəbə sakini Xəyyam Kərimov qısqanclıq zəminində bacısı Xuraman Hüseynovaya bıçaqla xəsarət yetirmişdir. X.Hüseynova xəstəxanaya yerləşdirilmişdir.
X.Kərimov könüllü olaraq Qaradağ RPİ 38-ci PB-yə gələrək istintaqa təslim olmuşdur.

Gəncə şəhər sakini E.Kazımova ölümcül xəsarət yetirmiş şəhər sakini R.Rüstəmov tutulmuşdur

01.01.2012

Dekabrın 28-də Gəncə şəhəri 3-cü mikrorayonun ərazisində Avtozavod qəsəbə sakini Ramin Rüstəmov münaqişə zəminində şəhər sakini Elmidar Kazımovu döymüşdür. E.Kazımov 2012-ci il yanvarın 1-də xəstəxanada ölmüşdür.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rüstəmov tutulmuşdur.

Nəsimi rayonu ərazisində Ə.Əliyevə bıçaqla xəsarət yetirmiş E.Davudov tutulmuşdur

01.01.2012

Yanvarın 1-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri Elxan Davudov münaqişə zəminində Ələsgər Əliyevə bıçaqla xəsarət yetirmişdir.
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Davudov tutulmuşdur.

Şamaxı rayonu ərazisində baş vermiş YNH nəticəsində 4 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır

01.01.2012

Yanvarın 1-də saat 15.30 radələrində Şamaxı rayonunun Meysəri kəndi ərazisində Tovuz rayon sakini Həmid Həbibin idarə etdiyi "Nissan Qaşqay" markalı və Masallı rayon sakini Yalçın Fətullayevin idarə etdiyi "Mercedes-250" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə hər 2 sürücü və H.Həbibin sərnişinləri, övladları - 4 yaşlı Amid və 2 yaşlı Gülşən aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, digər sərnişini, arvadı Vüsalə isə xəstəxanaya yerləşdirilmişdir.

DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Gəncə şəhəri ərazisində şəhər sakini O.Əşrəfov idarə etdiyi avtomaşını maneəyə vurmuşdur

01.01.2012

Yanvarın 1-də saat 20.00 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Orxan Əşrəfov idarə etdiyi "Opel" markalı avtomaşını yolun kənarındakı maneəyə vurmuşdur. Nəticədə O.Əşrəfovun sərnişini, Gəncə şəhər sakini Hüseyn Qasımov xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış O.Əşrəfov və digər sərnişinləri Xəyal Qafarov, Telman Mansurov isə xəstəxanaya yerləşdirilmişlər.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Qax rayonu ərazisində rayon sakini Z.Rostiaşvili idarə etdiyi avtomaşınla rayon sakini Q.Əliyevi vurmuşdur

01.01.2012

Yanvarın 1-də saat 18.40 radələrində Qax rayonu ərazisində Başqax kənd sakini Zaza Rostiaşvili idarə etdiyi "Opel Vectra" markalı avtomaşınla Qaraboldu kənd sakini Qabil Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş Q.Əliyev orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Sabunçu rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla rayon sakini N.Əliyev vurulmuşdur

01.01.2012

Yanvarın 1-də saat 01.15 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Novruzəli Əliyev vurulmuşdur. Nəticədə xəsarət almış N.Əliyev xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Tovuz rayon sakini F.Hacıyevin ov tüfəngindən atəş açaraq özünü öldürməsi müəyyən edilmişdir

01.01.2012

Yanvarın 1-də Tovuz rayonunun Qəribli kənd sakini Fərmayıl Hacıyev sərxoş halda evindən qırma yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
F.Hacıyevin ov tüfəngindən atəş açaraq özünü öldürməsi müəyyən edilmiş, evinə baxış zamanı 1 ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Sabunçu rayonu ərazisindəki mağazadan oğurluq törətmiş Bakı şəhər sakini V.Əhmədov tutulmuşdur

01.01.2012

Yanvarın 1-nə keçən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində Bakı şəhər sakini Abil Əhmədova məxsus mağazadan pəncərədən girmək yolu ilə 200 manat, danışıq kartları və səsgücləndiriciləri oğurlanmışdır.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Vüqar Əhmədov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

Xətai rayon sakini A.Zemlyanskaya dəm qazından zəhərlənməsi nəticəsində ölmüşdür

01.01.2012

Yanvarın 1-də Xətai rayon sakini Anna Zemlyanskaya mənzilindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Ceyranbatan qəsəbə sakini D.Süleymanov dəm qazından boğularaq ölmüşdür

01.01.2012

Yanvarın 1-də Ceyranbatan qəsəbə sakini Dayandur Süleymanov mənzilində dəm qazından boğularaq ölmüşdür.

Altı nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilmişdir

01.01.2012

Yanvarın 1-də Sumqayıt şəhər sakinləri Qəmər Abıyeva, Nurəddin Rəhimov, Tural Vəliyev, Kəmalə Həsənova, Novxanı qəsəbə sakini Canpolad Zakirov, Gəncə şəhər sakini Rəşxəndə Hüseynova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara yerləşdirilmişlər.

İmişli rayonu ərazisində Cəbrayıl rayon sakini S.Əliyevin idarə etdiyi traktor kanala aşmışdır

01.01.2012

Dekabrın 31-nə keçən gecə İmişli rayonu Oruclu kəndinin ərazisində Cəbrayıl rayon sakini Sulduz Əliyev idarə etdiyi traktoru kanala aşırmışdır. Nəticədə, S.Əliyev aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Ehtiyatlı insanın hədiyyəsi cansağlığı olar...

Sərvər Aslanov

O.M.