Bayram günləri bir neçə rayonun şəxsi təsərrüfatında yanğın baş verdi

Bayram günləri bir neçə rayonun şəxsi təsərrüfatında yanğın baş verdi

2 Yanvar 2012 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bayram günləri də qəzasız ötüşmədi. Vətəndaşların ehtiyatsızlığı ucbatından müxtəlif rayonlarda onlara məxsus tövlələrdə yanğın hadisələri baş verdi. Belə ki, Goranboy rayonu Kəpənəkçi kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 60 kv.m sahədə və damına yığılmış 9 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Balakən rayonunda baş verib. Rayonun Qaysa kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 153 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 15 kv.m sahədə və damına yığılmış 14 ton ot bağlaması yanıb. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Biləsuvar rayonunda baş vermiş yanğın hadisəsi isə xoşbəxtlikdən şəxsi təsərrüfata elə də ciddi ziyan vurmayıb. Rayonun Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.