Təhsil və Səhiyyə nazirlikləri şagirdin ölümünə münasibət bildirdilər

Təhsil və Səhiyyə nazirlikləri şagirdin ölümünə münasibət bildirdilər

29 Noyabr 2011 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Dünən dünyasını dəyişən peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlunda heç bir xəstəlik olmayıb. O, peşə məktəbinə daxil olarkən sağlamlıq haqqında arayış təqdim edib". Bunu jurnalistlərə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib. Onun sözlərinə görə, Lökbatan qəsəbəsi ərazisində yerləşən 7 saylı peşə məktəbinin şagirdləri qəsəbə poliklinikasında peyvənd olunublar: "Namiq Salmanov məktəbə qayıdandan sonra dünyasını dəyişib. Amma şagirdin ölümünə səbəbin ona vurulan peyvəndin olub-olmadığını deyə bilmərik. Bütün bunlar məhkəmə tibbi ekspertizasının rəyindən sonra bilinəcək".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, şagirdə peyvənd vurulmayıb: "Ona vərəm çöplərinə qarşı manto probu qoyulub. Manto probu dərialtına cüzi miqdarda yerləşdirilir. Bundan ölüm halının baş verməsi mümkün deyil".
S. Əhmədovanın sözlərinə görə, N. Salmanovun ölümü ilə bağlı məhkəmə tibbi ekspertizasının rəyi hələ açıqlanmayıb: "Şagirdin ölüm səbəbləri hələ məlum deyil. Araşdırma aparılır".
Qeyd edək ki, noyabrın 28-də Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlu poliklinikadan məktəbə qayıtdıqdan sonra qəflətən halı pisləşib və vəfat edib.

O.M.