Cəriməni 2 ay ərzində ödəməyən sürücülərin avtomobili saxlanılacaq
Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, inzibati xəta törədən şəxslər cərimə bildirişi üzrə 2 ay müddətində müvafiq cərimə məbləğini banka ödəmədiklərinə görə inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilərək həmin nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən dayandırılacaq.
Məlumatda həmçinin qeyd olunur ki, "Yol hərəkəti haqqında" qanuna yol hərəkəti
qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydasını
müəyyənləşdirən yeni maddə əlavə edilib. Yeni maddədə inzibati cərimə növündə
inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30
gün müddətində inzibati xəta törətmiş şəxsin cərimə bildirişi üzrə müvafiq
məbləği 3 iş günü müddətində banka ödədiyi halda, tətbiq olunan cərimə
məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilməsi, 30 gün müddətində
cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə isə onun
ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə
pulunun hesablanması, habelə qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay
müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə həmin
qərarı qəbul etmiş məhkəmə və ya DYP-nin vəzifəli şəxsi tərəfindən inzibati
xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul edilməsi nəzərdə tutulub.
Lakin qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsindən 5 aya yaxın müddət
keçməsinə baxmayaraq, bu günə qədər xeyli sayda inzibati xəta törədən şəxs
tərəfindən cərimə bildirişi üzrə müvafiq məbləğin banka ödənilmədiyi müəyyən
edilib.
Bunu nəzərə alınaraq Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat
vasitələri sahiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, inzibati xəta
törətmiş şəxslərin cərimə bildirişi üzrə 2 ay müddətində müvafiq cərimə
məbləğini banka ödəmədiklərinə görə inzibati xəta törətmiş şəxsin inzibati
xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar
qəbul edilərək həmin nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən
dayandırılacaq, onu idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından
kənarlaşdırılacaq və nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağında
saxlanılacaq.
Nəqliyyat vasitəsinin sahibinə qaytarılması isə yalnız cərimə, müvafiq dəbbə
pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına
görə haqq ödənildikdən sonra mümkün olacaq.
O.M.