Daxili İşlər Nazirliyi: "Qanuna zidd hərəkətlərlə bağlı ilk növbədə 102 nömrəsinə məlumat verin"

Daxili İşlər Nazirliyi: "Qanuna zidd hərəkətlərlə bağlı ilk növbədə 102 nömrəsinə məlumat verin"

26 Noyabr 2011 13:45
731
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi vətəndaşların şikayətlərinə operativ baxışı və cinayətin açılmasına dəstəyi təmin etmək üçün vətəndaşlara müraciət etdi. Müraciətdə bildirilir:

"Son illər informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Milli Strategiya çərçivəsində Daxili İşlər Nazirliyində həyata keçirilmiş layihələrdən biri də "102" Xidməti - Zəng Mərkəzi sisteminin yaradılmasıdır. Cinayət və hadisələrə çevik reaksiya verilməsinə, hər bir şəxsin təhlükəsizliyinin və qanuni mənafelərinin qorunmasına xidmət edən bu informasiya sisteminə respublikanın istənilən nöqtəsindən müraciət etmək imkanı vardır. Sistemin fəaliyyəti hazırlanan, törədilən və ya törədilmiş cinayətlər və digər hüquqpozmalar barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə Nazirliyin nəzarətini daha da gücləndirmişdir. Eyni zamanda, polis əməkdaşlarının hadisə yerlərinə vaxtında çıxmalarını, operativliyini, xüsusən hüquqpozma baş verən əraziyə ən yaxın yerdə xidmət aparan polis naryadının müvafiq ünvana istiqamətləndirilməsini təmin etmiş, cinayətlərin qeydiyyatında tamlığı şərtləndirmişdir.
Bununla belə, daxil olan məlumatlardan görünür ki, hər hansı hüquqazidd əməllə bağlı vətəndaşların bilavasitə ərazi polis qurumlarına etdikləri müraciətlərə bəzən həssaslıqla yanaşılmaması, lazımi reaksiya verilməməsi, hətta onların vaxtında qeydiyyata alınmaması kimi neqativ hallar da mövcuddur.
Məlumat üçün diqqətinizə çatdırırıq ki, birbaşa "102" Xidmətinə edilən müraciətlər qeydiyyata alınaraq avtomatik arxivləşdirilir, kompüter şəbəkəsi ilə təxirə salınmadan ərazi polis qurumuna ötürülür. Orada görülən tədbirlər, o cümlədən vətəndaşın qəbulu prosesi hər bir növbətçi hissədə quraşdırılmış videokameralar vasitəsilə izlənilir, nəticələri barədə Zəng Mərkəzi rəsmi məlumatlandırılır.
Öz işini qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsiplərinin uzlaşdırılması əsasında quran, qanuni mənafelərinizin etibarlı qorunmasını əsas vəzifə olaraq həyata keçirən Daxili İşlər Nazirliyi cinayət və hadisələr barədə ilk növbədə "102" Xidmətini məlumatlandırmanızı, sonra isə müvafiq ərizə ilə ərazi polis qurumuna müraciət etmənizi xahiş edir.
Funksiyaları və texniki imkanlarına görə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi ilə səciyyəvi olan "102" Xidməti qarşılaşdığınız və ya şahidi olduğunuz cinayət və hadisələr barədə müraciətləriniz üzrə hər hansı neqativ halı tam istisna etmiş olacaqdır.
Qanunçuluğun qorunması və möhkəmləndirilməsi işində bundan sonra da fəal vətəndaşlıq mövqeyi nümayiş etdirəcəyinizə əminlik bildirərək göstərəcəyiniz dəstəyə və köməkliyə görə hər birinizə əvvəlcədən təşəkkür edirik".

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Sərvər Aslanov

O.M.