Azərbaycanda 25 noyabrın kriminal xronikası

Azərbaycanda 25 noyabrın kriminal xronikası

26 Noyabr 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 41 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdır.

15 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.

Salyan rayonunun Aşağı Noxudlu kənd sakini Sabir Sadıqova məxsus evdə yanğın baş vermişdir

25.11.2011

Noyabrın 25-də saat 20.00 radələrində Salyan rayonunun Aşağı Noxudlu kənd sakini Sabir Sadıqova məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra isə yataq xəstəsi olan S.Sadıqovun yanmış meyiti tapılmışdır.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Yasamal rayonu ərazisində yaşayan Rüstəm Süleymanov ailə münaqişə zəminində qardaşı Səbuhiyə bıçaqla xəsarət yetirmişdir

25.11.2011

Noyabrın 24-də Yasamal rayonu Ə.Hüseynzadə küçəsində yaşayan Rüstəm Süleymanov ailə münaqişə zəminində qardaşı Səbuhiyə bıçaqla xəsarət yetirmişdir.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Süleymanov tutulmuşdur.

Qazax rayonu ərazisində yol-nəqliyyat hadisəsi

25.11.2011

Noyabrın 25-də saat 08.45 radələrində Qazax rayonu ərazisində rayon sakinləri Anar Cəlilovun idarə etdiyi "VAZ-2106" markalı və Sahib Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Əhmədovun xəsarət almış sərnişinləri, Qazax rayon sakini Rizvan Salayev, Bakı şəhər sakinləri Nuranə Tağıyeva, Aynurə Qafarova, habelə A.Cəlilov və sərnişini, Qazax rayon sakini Qara Məmmədov xəstəxanaya yerləşdirilmişlər. R.Salayev orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Nəsimi rayonu S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi

25.11.2011

Noyabrın 25-də saat 21.45 radələrində Nəsimi rayonu S.Vurğun küçəsində Bakı şəhər sakini Araz İsazadənin idarə etdiyi "VAZ-2107" markalı və Masallı rayon sakini Mübariz Nağıyevin idarə etdiyi "KİA" markalı avtomaşınlar toqquşduqdan sonra M.Nağıyev idarəetməni itirərək yolun kənarında dayanmış 25-30 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüş, M.Nağıyevin xəsarət almış sərnişini, Bakı şəhər sakini Rasim Əliyevə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Sabunçu rayonu Zabrat qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

25.11.2011

Noyabrın 25-də saat 20.00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla Saatlı rayon sakini Elşən Tağıyev vurulmuşdur. Nəticədə xəsarət almış E.Tağıyev xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Elnur Hüseynov xəstəxanaya müraciət etmişdir

25.11.2011

Noyabrın 22-də saat 12.00 radələrində Nərimanov rayonu Təbriz küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elnur Hüseynov vurulmuşdur. Xəsarət almış E.Hüseynov noyabrın 25-də xəstəxanaya müraciət etmişdir.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bakı şəhər sakini Amil Novruzov tutulmuşdur

25.11.2011

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Rəşad Cəbiyevi döyərək 365 manatını ondan almaqda şübhəli bilinən Bakı şəhər sakini Amil Novruzov tutulmuşdur.
A.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun noyabrın 4-də Aydın Qəniyevə məxsus mağazadan oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.

Mağazalardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Bayramlı tutulmuşdur

25.11.2011

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Əkbər Əliyevə və noyabrın 2-də Natiq Əliyevə məxsus mağazalardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Bayramlı tutulmuşdur.

Sərxan Abbaszadəyə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Səfər Mahmudov tutulmuşdur

25.11.2011

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Sərxan Abbaszadəyə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Mahmudov tutulmuşdur.

Mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Vüqar İsmayılov tutulmuşdur

25.11.2011

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də Novxanı qəsəbəsi ərazisindəki "Aqua park" istirahət mərkəzinin yaxınlığında İran vətəndaşı Piroiz Arman Abdolrahim oğluna məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar İsmayılov tutulmuşdur.

Bakı şəhər sakini Natiq İsmayılov evin 2-ci mərtəbəsindən yıxılaraq ölmüşdür

25.11.2011

Noyabrın 25-də Bakı şəhər sakini Natiq İsmayılov Nərimanov rayonu F.Yusifov küçəsində sökülməkdə olan 21 saylı evin 2-ci mərtəbəsindən yıxılaraq ölmüşdür.

Dəm qazından zəhərlənmə diaqnozu ilə 4 nəfər Sumqayıt şəhərində xəstəxanaya yerləşdirilmişlər

25.11.2011

Noyabrın 25-də Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsinin ərazisində yeni tikilmiş evlərdən birində yaşayan Natella Məmmədova, "Qızıl Qum" qəsəbəsində yaşayan Rövşən Əliyev, noyabrın 26-da Sumqayıt şəhər sakinləri Samirə Rüstəmova, Rübabə Qarayeva və bacısı Aytəkin mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətirilmişlər.

Ağdam rayon sakini Cavid Musayev ov tüfəngindən açdığı atəşdən xəsarət almışdır

25.11.2011

Noyabrın 25-də Ağdam rayonu 4 Yol-2 qəsəbəsinin ərazisində qəsəbə sakini Cavid Musayev ov edərkən ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşdən ayağından xəsarət almışdır.

Qanun onunla dost olanların mühafizəçisidir...

Sərvər Aslanov

O.M.