Qarın yağması Azərbaycanda yol qəzalarının sayına təsir etmədi

Qarın yağması Azərbaycanda yol qəzalarının sayına təsir etmədi

25 Noyabr 2011 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, ötən gündən havaların kəskin soyuması və qarın yağması Azərbaycanda baş verən yol qəzalarının sayına təsir etməyib. K.Əliyev noyabrın 24-də respublika ərazisində 16 yol nəqliyyat hadisəsinin baş verdiyini deyib: "Həmin qəzalar nəticəsində 2 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Tərtərdə iki avtomobilin toqquşması nəticəsində bir sərnişin ölüb. Eyni zamanda Samuxda piyadanın vurulması nəticəsində ölüm hadisəsi qeydə alınıb. Bakıda cəmi bir yol nəqliyyat hadisəsi olub, bir piyada yaralanıb". Şöbə rəisi Kürdəmir, Sabirabad, Yevlax, Balakən rayonlarında yolların açıq olduğunu bildirib: "Həmin rayonlarda qar yağsa da, yollarda hərəkət var. Lakin Bakı-Quba yolunun bir hissəsi, Bakı-Şamaxı yolunun bir hissəsi, Ağsu aşırımı buzla örtülüb. Həmin yollarda da hərəkət var. Ancaq mövsümü təkərləri və zəncirləri olan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunur. İsmayıllı-Muğanlı yolunda isə hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etməyə icazə verilir".

Kamran Əliyev ötən gün Bakıda tıxacların yaranmasına təcrübəsiz sürücülərin səbəb olduğunu da bildirib: "Təcrübəsi olmayan sürücülərdən xahiş edirik ki, buzlu, şaxtalı havalarda avtomobili idarə etməsinlər. Həmin şəxslərin avtomobili düzgün idarə etməməsi nəticəsində tıxaclar yaranır. Hətta yollara qum səpən maşınlar da həmin tıxaclara görə işləyə bilmirlər. Belə havalarda yollarda sürət aşağı olur. Təcrübəsiz sürücülər isə hərəkətin tamamilə dayanmasına və təhlükəli, qəzalı vəziyyətin yaranmasına səbəb olurlar".
Şöbə rəisi Bakıda yolların buzlardan təmizləndiyini və nəqliyyat vasitələrinin hərəkətində hər hansı problemin olmadığını da bildirib.

Qəzaların sayı ona görə az oldu ki, hər yanda tıxac var idi...

Hafiz Əhmədov

O.M.