DİN və Baş Prokurorluq məlumat verir

DİN və Baş Prokurorluq məlumat verir

16 Noyabr 2011 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun Mətbuat Xidmətlərinin məlumatına görə, 2011-ci il noyabrın 10-da Ağdaş şəhər sakini 75 yaşlı Telman Abdullayevin yaşadığı evin həyətindən küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

Bu ağır cinayət hadisəsi ilə bağlı polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət yaradılmış əməliyyat-istintaq qrupu hadisə yerindən 1 ədəd "Mauser-Verkif" markalı tapança və içərisində 15 ədəd patron olan 2 daraq aşkar edib götürmüşdür. Qısa müddətdə həyata keçirilmiş tədbirlərlə cinayəti törətmiş Ağdaş sakinləri Elnur Musayev və Rövşən Əliyev müəyyən edilib tutulmuşlar.
Həmin gün - noyabrın 10-da Tərtər rayonunun Sarıcalı kənd sakini Tünzalə Həsənovanın da yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılmışdır. Bununla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, həyata keçirilmiş tədbirlərlə qətli törətmiş Tərtər şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Ocaqov tutulmuşdur.
İstintaq araşdırmaları ilə Tahir Ocaqovun zərərçəkmişi aralarında baş vermiş münaqişə zəminində qəsdən öldürməsi müəyyən edilmişdir.
Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən hər iki fakt üzrə, eləcədə digər cinayətlərin açılması, onları törədənlərin tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

O.M.