Sən demə, Fərid Şahbazov  "vorzakon" David Bojadze imiş

Sən demə, Fərid Şahbazov "vorzakon" David Bojadze imiş

12 Noyabr 2011 18:04
Bəyəndim (0) Bəyənmədim (0)
Onun 3 adı var - Fərid Şahbazov, David Bojadze, Loko Lazaridi

30 oktyabr günü Moskvanın qərbində "Fili-Davıtkovo" Daxili İşlər Şöbəsinin post patrul xidməti əməkdaşları şübhəli şəxs qismində bir neçə qafqazlını yaxaladı. Onların arasında Fərid Şahbazov adlı şəxs də var idi. O, 10 gün ərzində təcridxanada saxlanıldı. Daha sonra barmaq izlərindən məlum oldu ki, Fərid Şahbazov, əslində, Loko Lazarididir.

"Praym Kraym" xəbər agentliyinin məlumatına görə, Loko Lazaridi adlı şəxs 2006-cı ildə Moskvada mütəşəkkil cinayətkar dəstənin tərkibində evi qarət edərkən yaxalanıb. Daha sonra bir neçə cinayəti də sübuta yetirilən Loko Lazaridi 2 il 1 ay müddətinə həbs olunub və 2008-ci ildə Ryazan türməsindən azadlığa buraxılıb.

Bu ilin yanvarında o, İtaliyada yaşayan gürcü "qanuni oğrular"ı tərəfindən "qanuni oğru" adına layiq görüldü. Kriminal aləmdə məşhur olan Surxan və Paat Tvalçrelidze qardaşları, Rezo Lortkipanidze, Aleko Pavliaşvili, Akakiya Landiya və başqaları ona bu adı verdilər.

30 yaşlı Fərid Şahbazovun Loko Lazaridi olduğu müəyyən edildikdən sonra onu Moskvanın 3 saylı Presnensk təcridxanasına yerləşdirdilər. Sonradan məlum oldu ki, onun əsl adı nə Fərid Şahbazovdur, nə də Loko Lazaridi, cinayətkarın adı David Bojadzedir. Hansı ki, 2005-ci ildən Gürcüstanda axtarışdadır. Belə ki, əvvəllər məhkum olunmuş Tiflis vətəndaşı David Bojadze 2005-ci ildə vətəndaşa ağır bədən xəsarəti yetirdiyi üçün axtarışa verilmişdi.

David Bojadzenin Gürcüstana ekstradisiya olmaq ehtimalı var. Hətta saxta sənədlər maddəsini onun boynuna qoya bilməsələr də, "vorzakonu" böyük həcmdə narkotik maddələr saxladığı üçün 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

Kriminal aləmin öz qanunları var. O, Cinayət Məcəlləsinin arxa səhifəsində yazılıb...

Sərvər Aslanov

O.M.