Hacı Firudinin yaxın qohumları onun müəmmalı ölümü barədə danışdılar

Hacı Firudinin yaxın qohumları onun müəmmalı ölümü barədə danışdılar

11 Noyabr 2011 12:45
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar intihar məsələsini inkar edirlər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəzarət Təftiş Komissiyasının sədri, Bakı İslam Universitetinin şəriət fakültəsinin dekanı Firudin Məmmədovun müəmmalı ölümü ilə bağlı ən müxtəlif mənbələrdən ziddiyyətli məlumatlar daxil olmaqdadır. Məsələyə aydınlıq gətirmək üçün dünən "Yeni Müsavat " qəzetinin əməkdaşı F.Məmmədovun yaxın qohumları ilə görüşdü.

Mərhumun qardaşı Sabir Məmmədov deyib ki, polis və prokurorluğun yaydığı məlumatlar həqiqət deyil: "Hacı Firudin bir çox xəstəxanalarda müalicə olunub. Onun ürək və qaraciyərində problemləri vardı, qan damarlarında da tromblar əmələ gəlirdi. Anamız da məhz tromblaşma xəstəliyindən vəfat etmişdi. Barəsində yazılanlar həqiqət deyil. Din adamı olan bir şəxs böyük günah sayılan əməl edərdimi? Onun qollarını doğraması həqiqət deyil. Tromblaşma ilə əlaqədar Hacı Firudinin qollarında, çiyinlərində, ayaqlarında şiş əmələ gəlmişdi. Qolundakı şişlərdən biri partlayıb".
S.Məmmədov deyib ki, hadisə günü qardaşının vəziyyəti yaxşı olmayıb: "O gün onu liftdən düşəndə qonşu görüb. Hal-əhvalını soruşub. Firudin də deyib ki, səhhətində bir az problem var. Yəni bunu biz bilmirdik. Onun meyitinə özüm baxmışam. Qollarında ülgüc izi yox idi. Polis də, prokurorluq da yalan deyir. Onun qolundakı damar partlayıb. Onun qolunu görən elə düşünər ki, bu, intihardır. Verilən rəy də düzgün deyil. Firudin çox sakit, təmkinli adam idi. Onun özünə qəsd etməsi yalandır. Məlumat verilib ki, hadisə 23:45-də olub. Əslində isə o vaxt biz onu Göy məsciddə pak edirdik. Yazırlar ki, Firudin sükan arxasında olub. Əslində, Firudin ömrü boyu maşın sürə bilməyib. O gün də dostu Malik Məmmədovla bir yerdə olublar. Yanlarında da başqa bir tələbə də olub. O tələbələri ilə müəllim-tələbə kimi yox, bir dost-qardaş kimi davranırdı. Malik və Mehdi onun həm tələbələri, həm də dostları idi. Onun maşında ağrıları başlayanda tələbələrinə deyib ki, maşından düşsünlər. Onlar da düşüb. Maşından onları heç bir telefon-filan söhbətinə görə düşürməyib. O, evdən çıxanda heç telefonunu da götürməyibmiş. Onun polisdə döyülməsi və digər yayılan söhbətlərin hamısı yalan söhbətlərdir".
F.Məmmədovun oğlu Zamir Məmmədov da əmisinin dediklərini təsdiqlədi: "Qollarındakı tromblar ağrı verirdi. Biz ovxalayırdıq, ağrısı keçirdi. Özü də həmişə deyirdi ki, indi tromb partlayacaq. Bir dəfə ayağında da tromb partlamışdı. Əmim onun partlayan damarını əli ilə tutmuş və həkimə qədər ilkin tibbi yardım göstərmişdi. Uzun illər xəstəlikdən əziyyət çəkirdi".
Mərhumun yas məclisinə çoxsaylı tələbələri ilə yanaşı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də qatılmışdı. Məclisdə Hacı Allahşükür Paşazadə gözə dəymirdi. S.Həsənli dedi ki, F.Məmmədovun ölümü ilə bağlı yayılan xəbərlər düz deyil. O, tələbələri vicdanlarının səsinə qulaq asıb yayılan məlumatlara inanmamağa çağırdı. Dedi ki, məclisə qatılmazdan əvvəl QMİ sədri ilə danışıb: "Şeyx həzrətləri onun adından Firudin müəllimin ailəsinə başsağlığı verməyimi istədi".
F.Məmmədovun oğlu atasının müalicə edildiyi bir çox xəstəxanaların rəylərini, həkim məsləhətləri barədə arayışları da bizə təqdim etdi. Qeyd edək ki, F.Məmmədov əslən Gürcüstanın Abdallı kəndindən olduğundan onu həmin kəndin qəbiristanlığında torpağa tapşırıblar.
Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər vermişdik ki, F.Məmmədovun ölümü ilə bağlı Xətai Rayon Prokurorluğunda CM-in özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

O.M.