"Yeni Müsavat" qəzetinin əməkdaşı prezidentə məktub yazmağa hazırlaşır

"Yeni Müsavat" qəzetinin əməkdaşı prezidentə məktub yazmağa hazırlaşır

10 Noyabr 2011 16:41
Bəyəndim (0) Bəyənmədim (0)
Jurnalist avtoxuliqanlıq etmiş sürücüdən şikayətçidir

Noyabrın 8-də axşam saat 20-də "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Məmmədliyə qarşı avtoxuliqanlıq edilib. Bu barədə Qafqazinfo məlumat yayıb. Məlumatda bildirilir ki, jurnalist öz maşını ilə gedərkən arxadan gələn "CİP" ötmə əməliyyatı qaydasını pozaraq onun maşınının sağına keçib.

E.Məmmədli iddia edir ki, sürücü bunu qəsdən edib: "O maşın arxamca gəlirdi. Qəribədir ki, ekologiya postuna çatmağa 50-60 metr qalmış sürücü mənə yoldan çıxmağım üçün işıqlarını yandırıb-söndürməklə işarə etməyə başladı. Həmin saatda Bakı-Sumqayıt yolunda hərəkət intensiv olduğu üçün sürətlə sürmək, ya da bir zolaqdan digərinə keçmək mümkün deyildi. İkincisi isə posta çatan sürücülər sürəti azaldır, saatda 40-50 km sürətlə hərəkət edir. Arxamca gələn "CİP" isə qəfildən sağıma keçib məni sola sıxmağa başladı. Yolun ortasındakı dəmir dirəklərə qədər sola çıxsam da, sürücü maşınını üstümə sürməkdə davam etdi. Onun yaratdığı ağır qəza şəraitindən yayınmaq üçün maşını sərt tormozla birtəhər saxladım. Yolda kritik durum, arxadan gələn maşınlar üçün təhlükə yarandı. Bu vaxt "CİP" sürətlə hadisə yerindən qaçmağa çalışdı. Özümü itirməyib nömrəsini götürmək üçün arxasınca sürdüm. Yolda maşın çox idi deyə o çox uzaqlaşa bilmədi, nömrəsini götürdüm. Bundan sonra bu barədə Dövlət Yol Polisi İdarəsinə və "Yeni Müsavat"ın rəhbərliyinə məlumat verdim. Bu, ya sui-qəsd cəhdi, ya da hansısa birinin harınlıqdan irəli gələn hərəkətidir. Hər iki halda onun cəzalandırılmasını tələb edirəm".
E.Məmmədli dedi ki, DYP ilə dünən əlaqə saxlayıb və araşdırmaların nəticəsini öyrənib: "Mənə dedilər, maşının markası "Lexus"dur, Nərimanov rayonunda qeydiyyatdadır. Lakin dünən gün ərzində DYP-dən o sürücünün evinə açılan telefon zənglərinə cavab verilməyib. DYP-dən deyildi ki, sürücü axtarılır və tapılan kimi müvafiq tədbir görüləcək".
Jurnalist dünən DYP-yə yazılı qaydada da şikayət edib: "İnanmaq istəyirəm ki, hüquq-mühafizə orqanları onu tapıb cəzalandıracaq. Çünki nömrəsi bəlli olan maşının sahibini tapmaq çətin deyil. Əgər o sürücü kiməsə arxayındırsa və cəzadan yayınacağını hesab edirsə, mən bu hadisə haqda birbaşa prezidentə müraciət etməyə məcbur olacağam. Prezident hələ üç il öncə avtoxuliqanlarla bağlı göstəriş vermişdi ki, cinayət törədən sürücülər barədə ona məlumat verilsin. Sürücü tapılmasa, bu haqda prezidentin ünvanına da yazacağam".

Prezident seçicilərin sayından asılı olmayaraq, hər bir vətəndaşın prezidentidir...

Sərvər Aslanov

O.M.