Rusiya Prokurorluğu antirus şüarları səsləndirən azərbaycanlıları məsuliyyətə cəlb etmədi

Rusiya Prokurorluğu antirus şüarları səsləndirən azərbaycanlıları məsuliyyətə cəlb etmədi

6 Noyabr 2011 00:05
Bəyəndim (0) Bəyənmədim (0)
İjevsk şəhərinin fəalları onların həbsə alınmasını istəsələr də, hüquq mühafizə orqanları şikayətləri rədd ediblər

İjevsk Şəhər Dumasının deputatı, "Xalq İttifaqı" partiyasının Udmurtiya regional bölməsinin rəhbəri Vasiliy Kryukov "Livejournal" saytındakı bloqunda yazır ki, İstintaq Komitəsi və İjevsk şəhər prokurorluğu "rusları kəsmək" şüarı ilə çıxış edən bir qrup azərbaycanlı barədə cinayət işi açmaq istəmir. Müəllifin sözlərinə görə, ötən ilin 14 dekabr günü İjevskin mərkəzi meydanında yerli sakinlər emiqrantların özbaşınalığına etiraz əlaməti olaraq icazəli mitinq keçirirdilər. Buna cavab olaraq, azərbaycanlılar da icazəsiz küçə yürüşləri keçirməyə başladılar. NovostiNK.ru saytının məlumatında bildirilir ki, etirazçılar ruslara qarşı aqressiv şüarlar səsləndirməkdən çəkinmirdilər. Mitinqdə "Rus donuzlarını kəsək", "Bütün ruslar donuzdurlar", "Rusiya ruslar üçün deyil" kimi provokativ çağırışlar səsləndirildi.

Faktla bağlı İstintaq Komitəsinə etiraz ərizələri daxil olsa da, Oktyabr rayon Prokurorluğu və İstintaq Komitəsi RF Cinayət Məcəlləsinin 282-ci (Nifrət və düşmənçiliyi təbliğ etmək və insan ləyaqətini alçaltmaq) maddəsi üzrə cinayət işinə başlamaqdan imtina etdilər. Onlar bunu onunla izah etdilər ki, adıçəkilən tədbirdə səslənən antirus şüarlarında cinayət tərkibi yoxdur.

İdzhevsk.ru saytı isə bildirir ki, azərbaycanlıların mitinqi əvvəlcədən sosial şəbəkələrdə təbliğ və təşkil olunmuşdu. Orada iştirak edən gənclər travmatik və kəsici silahlarla təmin edilmişdilər.
Bununla bağlı İstintaq Komitəsinə və Prokurorluğa təkrar müraciət olundu. Müəlliflər hüquq mühafizə orqanlarından tələb edirdilər ki, səslənən şüarların məzmunu ilə bağlı ekspertiza təyin olunsun və rusları "kəsmək istəyənlər" cinayət məsuliyyətinə cəlb olunsunlar. Lakin bu dəfə də tələb əsassız sayılaraq təmin edilmədi.

Nəticə ilə mübarizə aparmaqdansa səbəbi aradan qaldırmaq lazımdır...

Sərvər Aslanov

O.M.