Rusiyanı islamlaşdırmaq istəyən azərbaycanlı 1 il şərti cəza aldı

Rusiyanı islamlaşdırmaq istəyən azərbaycanlı 1 il şərti cəza aldı

6 Noyabr 2011 00:03
Bəyəndim (0) Bəyənmədim (0)
"Camaat Risalə və Nur" təşkilatının iki təsisçisi hələ də ümumrusiya axtarışındadır

Azərbaycan vətəndaşı Rusiyada 2008-ci ildən fəaliyyəti qadağan olunan "Nurçular" dini hərəkatının Ulyanovskda yerli dərnəyini açdığı üçün həbsə alındı. Crims.ru agentliyinin məlumatına görə, bu, 34 yaşlı Azərbaycan vətəndaşı Rəşid Abdullayevdir. İstintaq materiallarında qeyd olunur ki, o, Rusiya ərazisinə "Nurçular" hərəkatının rəhbərliyi tərəfindən göndərilmişdi. Abdullayev yaratdığı yeni qurumu "Camaat Risalə və Nur" adlandırdı. Təşkilatın yaradılmasında ona Ulyanovsk şəhəri mərkəzi məscidinin imamı İlham Xisanuddinov və ali məktəb tələbəsi Ayrat Axtyamov kömək ediblər.

Rusiya Baş prokurorluğunun məlumatına görə, hər üç emissar gənclər arasında dini təbliğat aparırdı. Onlar auditoriyaya izah etməyə çalışırdılar ki, Rusiyanı tamamilə İslamlaşdırmaq lazımdır. Ümumiyyətlə, təşkilatın əsas məqsədi Rusiyanı Ümumdünya Xilafətinin bir parçasına çevirmək idi.

Təşkilatın hər üç təsisçisinə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (Nifrət və düşmənçiliyi təbliğ etmək) maddəsi üzrə ittiham irəli sürülüb.

Rəşid Abdullayev yaxalansa da, dəstənin digər iki təşkilatçısı ümumrusiya axtarışına verilib.

Alınan son məlumata görə, məhkəmə Rəşid Abdullayev barəsində hökm çıxarıb. O, bir il ərzində islah əmək müəssisəsində çalışacaq...

Din adamı qanunu pozanda DİN işçisi onu bağışlamır...

Sərvər Aslanov

O.M.