Hindistan vətəndaşı Bakıda saxlanıldı

Hindistan vətəndaşı Bakıda saxlanıldı

31 Dekabr 2017 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsirli maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

"Qafqazinfo"nun Dövlət Gömrük Komitəsinə verdiyi xəbərə görə, Bakı-Tbilisi aviareysilə getmək istəyən Hindistan Respublikası vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.

Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan əşyaların arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd üzərində "Tricare SR Tramadol Hydrochloride Sustained Release Tablets IP 100 mg" və 1 ədəd üzərində "Tricare Tramadol Hydrochloride 50 mg & Paracetamol Tablets" yazılmış dərman qutuları aşkar olunub.

Həmin qutulara baxış zamanı isə birində cəmi 180 ədəd, digərində isə cəmi 190 ədəd ağ rəngli həblər aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən həblər "Tramadol" adlı dərman vasitəsidir.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.