"Gözümü açanda gördüm ikisi də qızı döyür"

"Gözümü açanda gördüm ikisi də qızı döyür"

7 Oktyabr 2017 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkirdə evə basqın edən maskalılar saxlanılıblar.

ARB TV xəbər verir ki, oktyabrın 4-ü saat 21:00 radələrində Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini Yeganə Məmmədovanın yaşadığı mənzilə iki nəfər maskalı şəxs daxil olub.

Onlar qadından həyat yoldaşı Zahid Məmmədovun Rusiyadan göndərdiyi pulu tələb ediblər və bildiriblər ki, istəklərini yerinə yetirməsə övladları 15 yaşlı Səkinə və 9 yaşlı Əlini öldürəcəklər.

Yeganə Məmmədova - zərərçəkən: "Gözümü açanda gördüm ikisi də qızı döyür. Dedim ki, sizə and verirəm Allaha, uşağa dəyməyin, nə istəyirsiz deyin verim. Nə edirsiz mənə edin. Bir də deyin görüm siz nəyə gəlibsiz. Qayıtdı dedi ki, uşağı sakitləşdir, bir də pul, qızıl ver. Pul, qızıl verməsəz, sizi öldürəcəyik. Biz pula və qızıla gəlmişik. Dedim yaxşı verəcəm, mənim uşağımı buraxın".

Məmmədovların evindən 140 manatı və 10.000 rus rublunu quldurluq yolu ilə ələ keçirən şəxslər ünvanı tərk ediblər. Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat daxil olduqdan sonra Şəmkir Rayon Polis Şöbəsinin əməliyyat qrupu Yeganə Məmmədovanın yaşadığı mənzilə gəlib. Zərərçəkənin və ətrafda yaşayan qonşuların izahatı alındıqdan sonra şübhəli kimi Zəyəm-Cırdaxan kənd sakinləri, əvvəllər məhkum olunmuş 35 yaşlı Toğrul və 21 yaşlı İlkin Babayevlər şöbəyə dəvət olunublar. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Saxlanılan İlkin Babayev həmkəndlisi ilə cinayəti hələ 15 gün əvvəl planlaşdırdıqlarını, ancaq sonradan bu fikirdən daşındıqlarını deyib. Köhnə xəyallara qayıtmalarını isə şeytanın ayağına yazıb.

İlkin Babayev - saxlanılan şəxs: "Qapını təpiklə vurub açdıq. İçəri girdik. Mən qaranlıq olduğuna görə görmədim nə idi. Atdım gəlinə dəydi. Harasına dəydiyini dəqiq deyə bilmərəm. Sonra dedi ki, pulu verim çıxın gedin. Bir az da qışqır-bağır salırdı. Pulu götürüb qaçdıq. Evin üst yanında meşəlik vardı. Oradan çay keçirdi. Əlcəklə maskanı da həmin çaya atdıq".

Hazırda hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır