"1001 Kriminal" qəzeti məhkəməyə verildi

"1001 Kriminal" qəzeti məhkəməyə verildi

15 Aprel 2011 16:44
Bəyəndim (0) Bəyənmədim (0)
Redaktor təəccübünü gizlədə bilmir

Şirvan şəhər sakini Meymənət Rzaquliyeva "1001 Kriminal" qəzetini və onun redaktoru Aqil Hüseynovu "mənəvi zərərin təzminatı" iddiası üzrə Yasamal Rayon məhkəməsinə vermişdir.

Redaksiyadan əldə etdiyimiz məlumata görə, bu gün qəzetin poçt ünvanına adıçəkilən məhkəmədən çağırış vərəqi daxil olmuşdur.


Aqil Hüseynov məsələyə bu cür aydınlıq gətirdi: "15.01.2011-ci il tarixdə qəzetimizdə "Kriminal sevgi macərasının acı sonluğu" başlığı altında məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, 25 aprel 2010-ci il tarixdə Şirvan şəhər sakini Cahangir Xanlari arvadı Elmira və onun məşuqu tərəfindən kəsici alətlə qətlə yetirilib.

Bizi məhkəməyə verən mərhumun anasıdır. Bu kriminal hadisə ölkəmizdə geniş rezonansa səbəb olmuşdu. Bir çox mətbuat orqanı kimi biz də həmin hadisəni məhkəmə istintaq materiallarına əsasən, heç bir dəyişiklik etmədən nəşr etdik. Həmin sənədlərdə zərərçəkmiş tərəfin nümayəndələrinin, o cümlədən mərhumun anasının və qətli törətməkdə şübhəli bilinənlərin ifadələri də yer alıb. İddianın predmeti əsassızdır.


Xatırladaq ki, ilk iclas cari ilin 21 aprelinə təyin olunub.


Söhbətin sonunda A.Hüseynov qeyd etdi ki, məhkəməyə çağırış vərəqini alarkən ilk əvvəl cinayət işində adı keçən müttəhimlər yada düşdü. Lakin iddiaçının zərərçəkmiş tərəfin nümayəndəsi olduğunu öyrəndikdə təəccübümüzü gizlədə bilmədik.


İnarə Rafiqqızı


O.M.