Meksikada 5 müəllimin başı kəsildi

Meksikada 5 müəllimin başı kəsildi

30 Sentyabr 2011 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın Sakit Okean sahilindəki kurort şəhəri Akapulkodakı ibtidai məktəblərdən birinin həyətində polis çirkli kisənin olduğu barədə məlumat alan kimi hadisə yerinə yollanıb.

Kisədə partladıcı qurğu olduğunu düşünən polislər istehkamçıların kisənin ağzını açmasından sonra duruxublar. Çünki kisədə 5 kəsik baş vardı. Bu xəbər ildırım sürəti ilə şəhərə yayılıb və Akapulkodakı 130 ibtidai məktəbin istisnasız olaraq hamısında valideynlər uşaqlarını dərhal evə aparıblar. Aparılan ilkin araşdırmalar göstərib ki, şəhərdəki narkokartellərdən biri ibtidai məktəbin rəhbərliyinə məktub yollayaraq orada çalışan bütün müəllimlərin maaşlarının yarısını "haqq" qismində tələb edib. Direktor bu tələbi rədd edib, ertəsi gün isə məktəbin həyətində 5 müəllimin kəsik başının olduğu kisə aşkarlanıb. Müəllimlərinin kəsik başlarının atıldığı ağ kisə məktəb divarının yanındakı yeşikdə idi. Kisədə ştatın qubernatoru Herrero Angel Agirreyə ünvanlanmış məktub da vardı. Məktubda narkokartel polisin və təhlükəsizlik qüvvələrinin narkoticarətə qarşı sərt tədbirlərinin davam edəcəyi təqdirdə "belə kisələrin hər gün tapılacağı"nı vəd edib. Başları kəsilmiş müəllimlərin yandırılmış cəsədləri şəhərin müxtəlif yerlərində tapılıb. Ötən həftə Nuevo-Laredo şəhərində ibtidai məktəb müəlliməsi sosial şəbəkələrdən birində narkokartellərin həyasızlığından bəhs etdiyinə görə vəhşi işgəncələrdən sonra qətlə yetirilmiş, başı kəsilmişdi. Akapulkodakı narkokartellər müəllimlərə oktyabrın 1-dək vaxt veriblər.

Müəllimlər maaşlarının yarısını narkokartellərə verməsələr, "cəza tədbirləri" başlanacaq. Bu hədədən sonra şəhərdə 100 məktəbin direktoru təhsil müəssisələrini bağlayıb. Akapulkonun qubernatoru Herrero Agirre isə müəllimləri qorxmamağa çağıraraq, narkokartellərlə mübarizənin gücləndiriləcəyini bəyan edib.

Dinc sakinlərə qarşı qeyri-dinc hərəkətlər hamı tərəfindən pislənməlidir.

Günel Həbib

O.M.