Tanışının arxasınca danışıb, sonra onu bıçaqladı

Tanışının arxasınca danışıb, sonra onu bıçaqladı

13 Sentyabr 2011 10:45
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Bakının internet klublarının birində baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Səmədov Samir Əzizalı oğlunun məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Samir Səmədov 24 fevral 2011-ci ildə saat 23.50 radələrində Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi 52 ünvanında yerləşən internet klubda tanışı Aslan Rəfiyevlə mübahisə edərək dalaşıb. İnsident zamanı o, cibində olan bıçaqla Aslan Rəfiyevin qarın və ayaq nahiyəsindən zərbələr endirib. Tanışlarından birinin köməkliyi ilə yaralı Kliniki Tibbi Mərkəzə aparılıb və orada ona tibbi yardım göstərilib.

"Nabranda istirahət"

Təqsirləndirilən şəxs qismində dindirilən Samir Səmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Fevral ayının 20-si idi. Dostum Nicatın tanışı Ləman və Sevinc adlı qızlarla birlikdə istirahət etmək üçün Nabrana getmişdik. Orada olan zaman gecə vaxtı Sevincin mobil telefonuna zəng gəldi. Oğlanla danışdığını başa düşüb, zəng vuranın kim olduğunu soruşdum. Sevinc zəng edən şəxsin Aslan adlı tanışı olduğunu, həmin oğlanın mənimlə eyni məktəbi bitirdiyini söylədi. Ona Aslanı tanıdığımı, onun mənim səviyyəmdə oğlan olmadığını dedim. Gecəni Nabranda qaldıq, ertəsi gün Bakıya qayıtdıq.

"Razborka"

23 fevral 2011-ci ildə gecə vaxtı Aslan mobil telefonuma zəng vurub mənimlə görüşmək istədiyini dedi. Aslanla gecə təxminən saat 02 radələrində "Gənclik" metrostansiyasının yaxınlığında görüşdük. Onun yanında Elvin adlı bir oğlan da vardı. Söhbət zamanı Aslan Nabranda olduğumuz zaman Sevincin yanında onun dalınca danışmağımı mənə irad tutdu və mübahisə etməyə başladı. Aslanın hər şeydən xəbəri olduğunu başa düşüb dedim ki, sənin dalınca heç nə danışmamışam. Ancaq inanmadı, söyüb təhqir etdi. Dava-dalaş düşməsin deyə Aslana heç bir söz demədim, ayrılıb çıxıb getdim.

Təhqiredici mesaj

Ertəsi gün axşam saatlarında Nicat və Ləmanla görüşüb Aslanla aramızda olan söhbət barədə onlara danışdım, Sevincin düzgün hərəkət etmədiyini dedim. Birlikdə oturduğumuz vaxt Ləmanın mobil telefonuna mesaj gəldi. Ləman Sevincin ona mesaj göndərdiyini bildirdi. Sonra isə mesaj göndərənin Aslan olduğunu dedi. Ləmanın əlindən mobil telefonu alıb mesajı oxudum. Aslan Ləmanın mobil telefonuna göndərdiyi mesajda mənimlə görüşdüyünü, məni söyüb təhqir etdiyini yazmışdı. Aslanın bu hərəkəti mənə olduqca pis təsir etdi.

24 fevral 2011-ci il tarixdə axşam vaxtı hava almaq üçün evdən çıxdım. İstəyirdim ki, Aslanın işlədiyi internet kluba gedim, onunla görüşüb aramızda olan bu söhbətə son qoyum. Fikirləşdim ki, Aslanla görüşərkən birdən aramızda dava-dalaş düşər, eyni zamanda onun yanında başqa dostları da olar, məni təkləyib döyərlər. Ona görə evdən çıxmamışdan əvvəl mətbəxdən bıçaq götürüb gödəkcəmin cibinə qoydum ki, belə bir vəziyyət yaranarsa, heç olmasa bıçaqla Aslanı və ya onun yanında olan dostlarını qorxudub qaça bilim. Aramızda olan söz-söhbətə son qoymaq üçün həmin gecə təxminən saat 23.50 radələrində Aslanın işlədiyi internet kluba getdim. Aslan tək idi. Məni görən kimi oturduğu stuldan ayağa qalxdı. Ona yaxınlaşıb, nalayiq mesaj göndərməsinin səbəbini soruşdum. Aslan yaxamdan yapışaraq məni arxaya itələdi və söyüş söyərək çölə çıxmağımı tələb etdi.

"Onu öldürmək fikrim olmayıb"

Bir qədər arxaya gedib dayandım, Aslan yenidən üstümə gələrək məni çölə çıxarmağa çalışdı. Bu zaman əynimdəki gödəkcənin cibində olan bıçağı çıxardıb Aslanın qarın nahiyəsindən bir dəfə zərbə endirdim. O, kənara çəkilib ayağı ilə mənə təpik atmaq istədikdə, bıçaqla ayağına bir dəfə zərbə vurdum. Aslan yerə yıxıldı. Sonra yenidən ayağa qalxıb üstümə gəldi. Bıçaqla Aslanın qarın nahiyəsindən yenidən zərbə vurdum, qarnını tutub yerə oturdu. Bundan sonra orada qalmayıb dərhal internet klubdan çıxıb qaçaraq oradan uzaqlaşdım. Yolda Aslanı vurduğum bıçağı internet klubdan təxminən 100 metr aralıda yerləşən idman meydançasının yaxınlığında yerə tulladım.

Aslanla görüşməyə gedərkən ona ağır bədən xəsarəti yetirmək və ya onu öldürmək fikrim olmayıb. Lakin Aslanın yaxamdan tutub internet klubdan çölə çıxararaq məni döyməsindən qorxdum. Ona görə də bıçaq çıxardıb ona xəsarət yetirdim. Hazırda tutduğum əməlindən peşmanam".

Sevgimiz elə bu qədərmiş...

Zərərçəkmiş şəxs qismində dindirilən Aslan Rəfiyev ifadəsində Sevinc adlı qızla əvvəllər tanış olduqlarını, aralarında sevgi münasibətləri yarandığını göstərib: "2011-ci ilin fevral ayının ortalarında Sevinclə aramızda mübahisə yarandığı üçün ayrıldıq. Bir-neçə gün onunla əlaqə saxlamadım. Fevralın 20-də axşam vaxtı paltarlarımı götürmək üçün Sevincin yaşadığı evə getdim, telefonla əlaqə saxladıqda Sevinc şəhərdə olmadığını, rəfiqəsi Ləman və sonuncunun tanışı oğlanla birlikdə Nabran qəsəbəsinə gəzməyə getdiklərini bildirdi. Həmin gecə yenidən Sevincin mobil telefonuna zəng etdikdə, cavab vermədi, daha sonra isə telefonu söndürdü.

"Məni səviyyəsiz adlandırıb"

22 fevral 2011-ci ildə Sevincin yaşadığı evə getdim. O, mənə Nabrana rəfiqəsi Ləman və sonuncunun tanışı Nicat adlı oğlanla birlikdə getdiklərini desə də, danışığından başa düşdüm ki, yanlarında başqa bir oğlan da olub. Bu barədə soruşduqda, Sevinc əvvəlcə həmin oğlanın kimliyi barədə heç nə demədi. Sonra isə Nicatın dostu Samir adlı oğlanın da onların yanında olduğunu etiraf etdi. Mənə, "Samiri sən də tanıyırsan, səninlə bir məktəbdə oxuyub", - dedi. Samirin kim olduğunu xatırlamadım. Söhbət əsasında Sevinc dedi ki, Nabran qəsəbəsində olduqları zaman Samir mənim dalımca danışıb, səviyyəsiz olduğumu deyib. Samirin dalımca danışması mənə pis təsir etdiyi üçün onu tapıb bu barədə söhbət etmək qərarına gəldim. Gecə saat 02 radələrində "Gənclik" metrostansiyasının yaxınlığında görüşdük. Samirdən Sevinclə birlikdə olduğu zaman dalımca danışmasının səbəbini soruşduqda, o, mənim dalımca danışmadığını bildirdi. Çox əsəbi olduğum üçün onu söyüb təhqir etdim. Samir heç bir söz demədi. Təxminən 20 dəqiqə birlikdə söhbət etdikdən sonra ayrılıb çıxıb getdik.

"Sevinci inandırmaq istədim"

23 fevral 2011-ci ildə günortadan sonra Sevinclə Fəvvarələr meydanında görüşdük. Samirlə aramızda olanlar barədə ona danışdım. Sevinc Samiri təhqir etməyimə və sonuncunun da buna susmağına inanmadı. Sevinci inandırmaq üçün onun mobil telefonunu götürüb, Samirlə görüşdüyümü, eyni zamanda onun ünvanına işlətdiyim söyüşləri yazıb Ləmanın mobil telefonuna göndərdim. Ertəsi gün gecə saatlarında işlətdiyim internet klubda tək oturub kompüterdə kinoya baxdığım zaman səs eşitdim. Geri dönüb gördüm ki, Samir internet klubun giriş qapısından içəri daxil olur. Samiri görüb ayağa qalxdım. O, mənə yaxınlaşıb Ləmanın mobil telefonuna mesaj göndərməyimin səbəbini soruşdu. Hirslənib Samirin yaxasından tutub onu arxaya itələyərək söydüm və dedim ki, sözü varsa, çıxıb çöldə söhbət edək. Samir arxaya gedib dayandı, onun yaxasından yapışıb dartaraq çölə çıxarmaq istədikdə, cibindən bıçaq çıxardıb qarın nahiyəmdən vurdu. Həmin vaxt özümü müdafiə etmək məqsədilə sağ ayağımla Samirə təpik atmaq istəyərkən o, bıçaqla baldırıma da zərbə endirdi. Özümü saxlaya bilməyib yerə yıxıldım. Sonra ayağa qalxıb Samirin üstünə gedərkən o, bıçaqla qarnıma yenidən zərbə vurdu. Qarnımı tutub yerə oturdum. Bundan sonra Samir internet klubdan qaçıb getdi.

Mobil telefonla dostum Elvinə zəng edib bu barədə məlumat verdim. Elvin gəlib avtomobillə məni Kliniki Tibbi Mərkəzə apardı. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayətim və tələbim yoxdur, onu bağışlayıram və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edirəm".

Əsərin "qəhrəmanı" açdı sandığı...

Şahid qismində dindirilən Sevinc Alıyevanın ifadəsindən:

- 2011-ci ilin fevral ayının ortalarında Aslanla aramızda mübahisə yarandığı üçün ayrılmışdıq. Bir-neçə gün onunla əlaqə saxlamadım. 20 fevral 2011-ci ildə şəhərdə olduğum zaman rəfiqəm Ləmanla görüşdüm, Ləman məni Nicat adlı oğlanla tanış etdi, istirahət etmək məqsədilə Nabran qəsəbəsinə gedəcəklərini bildirdi və məni də dəvət etdi. Mən də razı oldum. Sonra Nicat Samir adlı dostunu da çağırdı və birlikdə həmin gün Nabrana getdik, hoteldə yerləşdik. Nabran qəsəbəsində olduğumuz zaman Samirlə daha yaxından tanış oldum, Samir özü barəsində mənə, mən də özüm barədə ona danışdım. Nabranda olduğumuz zaman gecə vaxtı Aslan mobil telefonuma zəng etdi, Samir kiminlə danışdığımı soruşdu. Mən də ona tanışım Aslan adlı oğlanla danışdığımı dedim və sonuncu barəsində Samirə məlumat verdim. Aslanın da onunla eyni məktəbi bitirdiyini dedim. Samir Aslanı tanıdı. Həmin gecə Aslan yenidən mənə zəng etdikdə, Samir hirsləndi və Aslanın onun səviyyəsində oğlan olmadığını bildirdi. Həmin gecəni Nabran qəsəbəsində keçirdikdən sonra sabahı gün Bakı şəhərinə qayıtdıq. 22 fevral 2011-ci il tarixdə axşam vaxtı Aslan bizə gəldi. Aslan məni hirsləndirdi. Mən də acığa düşüb, Samirin onun dalınca səviyyəsiz olduğunu dediyini söylədim. Aslan çıxıb getdi, sabahı gün təxminən saat 16 radələrində onunla Fəvvarələr meydanında görüşdük. O, gecə Samirlə görüşdüyünü və aralarında olan söhbət barəsində mənə danışdı. Bundan sonra Aslan mobil telefonumu alıb, nə isə yazdı, sonradan Aslanın yazdıqlarını oxuyub gördüm ki, Samirlə görüşdüyünü, onu söyüb təhqir etdiyini və əlavə olaraq Samirin barəsində söyüşlər yazıb Ləmanın mobil telefonuna göndərib. Ləmanla əlaqə saxladıqda o, Aslanın mesaj göndərdiyi zaman Nicat və Samirlə birlikdə olduğunu, Samirin də həmin mesajı oxuduğunu bildirdi. Həmin vaxtdan sonra Aslanı və Samiri görməmişəm. 25 fevral 2011-ci ildə səhər vaxtı Aslanın dostu Elvin mənə zəng edib Aslanın Samir tərəfindən bıçaqla vurulduğunu bildirdi.

QEYD:

Məhkəmə prosesi hakim Həsən Əliyevin sədrliyi ilə keçirilib. Məhkəmənin qərarı ilə Samir Səmədovun barəsində 2 il sınaq müddətinə şərti cəza təyin edilib və o, məhkəmə zalında həbsdən azad edilib.

Son söz əvəzi:

"Heyvanlar dalaşa-dalaşa, insanlar danışa-danışa ünsiyyət qururlar", deyib atalarımız. Gəlin danışanda sözlərimizə fikir verək...

İnarə Rafiqqızı

O.M.