Ayaz Mütəllibovun ailəsində 2-ci faciə baş verdi

Ayaz Mütəllibovun ailəsində 2-ci faciə baş verdi

9 Sentyabr 2011 12:56
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq prezidentin 19 yaşlı nəvəsi "Lexus"la 3 nəfəri vurdu

Yeni Müsavat qəzetinin bu gün yaydığı məlumata görə, dünən saat 12:30 radələrində "Lexus" markalı avtomobillə üç nəfəri öldürən xanım haqqında xəbər yayılıb. Artıq indilərdə məlum olub ki, hadisəni törədən Azərbaycanın sabiq prezidenti, bu günlərdə oğlunun dünyasını dəyişməsi ilə bağlı ölkəyə gələn Ayaz Mütəllibovun nəvəsidir. Araz Əlizadə faktı təsdiq edib. O, Milli.Az xəbər portalına açıqlamasında bildirib ki, Mədinə Mütəllibovanın yol qəzasında heç bir günahı yoxdur. Çünki mərhum piyadalar qadağan olunmuş ərazidən avtomobil yoluna daxil olublar. M.Mütəllibova həbs edilməyib.

Qeyd edək ki, Bakı şəhəri Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Aeroport şosesində "Lexus" yolu keçmək istəyən üç piyadanı vurub. Dəqiqləşdirilmiş informasiyaya görə, qəza nəticəsində ölən şəxslər yaşlı kişi və azyaşlı oğlan uşağıdır. Yaralı qadın isə 3 saylı Şəhər Xəstəxanasına aparılıb.
Ölən şəxslərin kimliyi araşdırılır. Qəzanı törədən şəxsin kimliyi aydınlaşdırılıb. Bu, Bakı şəhər Yasamal rayon sakini 1992-ci il təvəllüdlü Mütəllibova Mədinə Zaur qızıdır. 19 yaşlı qız anasının adına olan 90 XH 042 nömrə nişanlı "Lexus GS" ilə qəza törədib.
Hüquq-mühafizə orqanlarındakı mənbədən "Trend"ə bildiriblər ki, yol qəzasını törədən Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə "Trend"ə açıqlamasında Mədinə Mütəllibovanın Ayaz Mütəllibovun nəvəsi olduğunu təsdiqləyib. ASDP sədri bildirib ki, hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib.
Qeyd edək ki, A.Mütəllibov 19 illik mühacirət həyatından sonra avqustun 8-də vəfat edən böyük oğlu Azad Mütəllibovun dəfnində iştirak etmək üçün Bakıya gəlib.

O.M.