Bakı sakini oğurluq etməklə milyonçuya çevrildi

Bakı sakini oğurluq etməklə milyonçuya çevrildi

9 Sentyabr 2011 13:31
Bəyəndim (0) Bəyənmədim (0)
Peşəkar oğrunu hamı vəzifəli şəxs və ya güclü biznesmen kimi tanıyırmış

Bakı Ağır Cinayətlər Məhkəməsində çoxlu sayda oğurluq cinayətləri törətməkdə təqsirli bilinən Ramin Soltanovun və Faiq Əliyevin məhkəməsi başlayıb. İttihama görə, Ramin Soltanov və Faiq Əliyev oğurluğa ötən əsrin 90-cı illərindən başlayıblar.

Ramin Soltanov 1998-ci ildən 2002-ci ilin dekabr ayına kimi 18 evdən oğurluq etdiyinə görə məhkum edilib. Bu dəfə saxlanmasına səbəb azadlığa çıxandan sonra, yəni 2003-cü ilin əvvəllərindən bu vaxta qədər etdiyi oğurluqlar olub. Paytaxt polisi onu artıq bir neçə il idi ki, müəyyən edə bilmirdi. Nəhayət, Bakı şəhər Baş Polis İdarəsinin əməliyyatçılarının keçirdikləri axtarışlar öz nəticəsini verdi. Onu da qeyd edək ki, 31 yaşlı Ramin Soltanov təkcə Xətai rayon ərazisindəki evlərdən yarım milyon manatdan çox pul və qızıl-zinət əşyaları apara bilib.

R.Soltanov 2008-ci ilin dekabrın 4-də M.Mehdizadə küçəsində Nazilə Əhmədovanın, 2009-cu ilin aprel ayının 8-də Xocalı prospektində Polad Paşayevin, mayın 25-də Y.Səfərli küçəsində Aynur Aytarın, iyunun 16-da A.M.Cümə küçəsində Emil Məlikovun, dekabrın 14-də Mətbuat prospektində Vüsal Allahverdiyevin, dekabrın 15-də Dəmirçizadə küçəsində Samir Qaraşovun, dekabrın 25-də S.Vəzirov küçəsində Qadir Həsənovun mənzilindən pul və qızıl-zinət əşyaları oğurlayıb. R.Soltanovun 2010-cu ilin yanvar ayının 6-da Orucəliyev küçəsində Yelena Axmedovanın, fevralın 17-də Tağızadə küçəsində Heydər Tağıyevin, fevralın 22-də Senyuşkin küçəsində Ramin Məmmədovun evindən pul və qızıl zinət əşyaları oğurladığı məlum olub. R.Soltanov bütün bu oğurluq faktları ilə yanaşı mart ayının 4-ü, 7-si, 10-u və 16-sı tarixlərində Rüfət İsmayılovun, Seyfəli Məmmədovun, Rövşən Əliyevin və Namiq Ələsgərovun mənzilindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.

İstintaq araşdırmaları zamanı məlum olub ki, Ramin Sultanov indiyə kimi oğurluqlardan əldə etdiyi pul və zinət əşyalarının hesabına özünə əməlli-başlı şərait qurub. İstintaq Raminin "Hyundai Genesis", "Hyundai I", "Toyota Prado" və "Toyota Yaris" markalı 4 maşınının olmasını, Yeni Günəşli qəsəbəsində ən son dəbə uyğun təmirli və avadanlıqlarla təmin olunmuş mənzilinin, Hövsan qəsəbəsində villasının və Xəzər rayonu Şağan qəsəbəsində tikdirməyə yenicə başladığı bağ evinin mövcudluğunu aşkarlayıb. Məlum olub ki, Ramin oğurluqlara əsasən "Toyota Prado" markalı maşını ilə gedirmiş. Maşının çoxluğundan bezən Ramin avtomobillərdən birini baldızına hədiyyə edibmiş.

Ramin polislər tərəfindən yaşadığı evindən qandallanıb aparılanda həyətdə olan qonşular gözlərinə inanmayıblar.

Çünki hami onu ya vəzifəli və ya güclü bir biznesmen kimi tanıyırmış. 3 uşaq atası olan Ramin Soltanovu indi daha ağır cəza gözləyir. Çünki ikinci dəfə oğurluq üstündə tutulması onun işini ağırlaşdırıb. Ramin Soltanovun ifadəsi əsasında onunla birlikdə Faiq Əliyev də həbs edilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə davam edir...

İnarə Rafiqqızı

O.M.