Türkan sakini qardaşı arvadına sataşanı bıçaqladı

Türkan sakini qardaşı arvadına sataşanı bıçaqladı

9 Sentyabr 2011 13:17
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar yaxın qohum idilər

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Vəliyev Zahid Zakir oğlunun məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Zahid Vəliyev 10 oktyabr 2010-cu ildə Türkan qəsəbəsi Q.İsmayılov küçəsi döngə 2 ev 20 ünvanındakı yaşadığı evdə, qardaşı arvadına qarşı Variz Atamovun qeyri əxlaqi hərəkətlərini görüb əsəbiləşərək, ona bədəninin müxtəlif nahiyələrindən dörd dəfə bıçaqla zərbə endirib.

Müttəhim haqda qısa arayış

Vəliyev Zahid Zakir oğlu - 1989-cu ildə Bakı şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Orta təhsillidir. Türkan qəsəbəsi Q.İsmayılov küçəsində yaşayır. AR CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinir.

"Qardaşım arvadına pis nəzərlə baxdığını gördüm"

Təqsirləndirilən şəxs qismində dindirilən Zahid Vəliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib: "Ötən ilin oktyabr ayının 10-da Variz Atamov bizə gəldi. Həmin vaxt anam Fəridə, həbsdə olan qardaşım Gərayın arvadı Aygün uşaqlarla birlikdə evdə idilər. Variz uşaqlara baş çəkmək üçün gəldiyini dedi. Sərxoş idi. Qardaşım arvadı Aygün bizə çay gətirdi. Varizin Aygünə pis nəzərlə baxdığını və onun ayağını qəsdən tapdalayaraq sataşdığını gördüm. Bundan bir neçə gün əvvəl də Aygün Varizin ona əxlaqsız təkliflər etdiyini demişdi. Varizin hərəkətlərinə əsəbiləşdim, qardaşım Gərayın namusuna toxunduğu üçün onu cəzalandırmaq istədim. Mətbəxə keçib bıçaq götürüb geri qayıdaraq Varizin qarın nahiyəsindən bir neçə dəfə vurdum. Onu qorxutmaq üçün "çıxıb getməsən səni öldürəcəm", - dedim. O da yaralı halda evdən qaçıb getdi. Mənim onu öldürmək niyyətim olmayıb. Mən həm xəstə, həm də fiziki cəhətdən Varizdən zəif olduğum üçün ona gücüm çatmayacağını görüb bıçaqla vurmuşam. Ruhi əsəb dispanserində qeydiyyatdayam, epilepsiya xəstəliyindən, eləcə də vərəmdən əziyyət çəkirəm. Qardaşım Gəray həbs edildikdən sonra onun arvadı və iki uşağı, eləcə də anam mənim himayəmdə qalıb. Anam pensiyaçıdır, qardaşım arvadı Aygün heç bir yerdə işləmir. Ailəyə yeganə qazanc gətirən mənəm. Göyərti əkib becərərək bazarda satmaqla anamın, qardaşım arvadının və onların azyaşlı uşaqlarının dolanışığını təmin edirəm. Məhkəmədən xəstə olmağımı, qardaşımın həbsdə olmağını, ailəmizin ehtiyac içində olduğunu nəzərə alıb mənə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edirəm".

"Bir qohum kimi hərdən onlara baş çəkirdim"

Zərərçəkmiş şəxs qismində dindirilən Variz Atamov ifadəsində təqsirləndirilən şəxsin onun arvadı Aybənizin bacısı Aygünün qaynı olduğunu göstərib: "Aygünun əri Gəray hadisədən bir neçə ay əvvəl həbs edildiyindən hərdən gedib bir qohum kimi onun ailəsinə baş çəkir, vəziyyətləri ilə maraqlanırdım. Hadisə baş verən gün Gəraygilə getmişdim, Gərayın qardaşı Zahid, anası Fəridə və baldızım Aygün evdə idilər. Gərayın vəziyyəti ilə maraqlandım, baldızım Aygün Zahidlə mənə çay gətirdi. Həmin vaxt Zahid qonşu otağa, oradan isə çölə çıxdı. Təxminən 5-10 dəqiqə sonra geri qayıtdı. Fəridə ilə söhbət edərkən Zahid qəflətən sinəmdən nə iləsə məni vurdu. Çıxıb getməyəcəyim təqdirdə məni öldürəcəyini dedi. Evdən çıxıb qaçdım, çöldə qayınatam Nadirlə rastlaşdım. O, məni yaşadığım evə apardı. Sonra təcili tibbi yardım çağıraraq məni 3 saylı Kliniki Şəhər Xəstəxanasına apardılar.

Zahid məni heç bir səbəb olmadan vurub, bizim aramızda heç bir narazılıq, ədavət olmayıb. Baldızıma heç vaxt cinsi əlaqədə olmağı təklif etməmişəm. Ümumiyyətlə, bu barədə heç bir söhbət olmayıb. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayətim və tələbim yoxdur, onu bağışlayıram və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edirəm".

"Mənə əxlaqsız təkliflər etmişdi"

Şahid qismində dindirilən Aygün Vəliyeva ifadəsində əri Gərayın narkotik vasitələr qəbul etdiyi üçün həbs edildiyini göstərib: "İki uşaqla qayınanamla yaşayıram. Qaynım Zahid bazarda göyərti sataraq bizi dolandırır. Ərim həbs edildikdən sonra bacım Aybənizin əri Variz mənə əxlaqsız təkliflər edir, mənimlə cinsi əlaqədə olmaq istəyirdi. Varizdən belə hərəkətlərinə son qoymasını tələb etsəm də, o, mütəmadi olaraq yaşadığım evə zəng vurur, məndən əl çəkmirdi. Bu barədə qayınanama, sonra isə qaynıma danışdım. Hadisə baş verən gün Variz sərxoş halda bizə gələrək Gərayla bağlı maraqlandı. Onlara çay gətirib verərkən Variz ayağı ilə ayağıma vuraraq mənə sataşanda Zahid bunu gördü. Mən uşaqlarla birlikdə digər otağa keçdim. Az sonra qayınanam Fəridənin qışqırıq səsini eşidib otağa qayıtdıqda, qaynım Zahidlə Varizin əlbəyaxa olduqlarını, Varizin qaçıb getdiyini, Zahidin əlində bıçaq yerə yıxılaraq qıc olduğunu gördüm. Bir qədər sonra Zahidin halı yaxşılaşdı. O, mənə sataşdığı üçün Varizi bıçaqla vurduğunu dedi. Qaynım Zahid ruhi əsəb dispanserində qeydiyyatda olmaqla epilepsiya xəstəsidir. Ərim Gəray həbs edildikdən sonra bütün ailə qaynım Zahidin himayəsində qalmışıq. Zahid ailəyə qazanc gətirən yeganə şəxsdir, ailəmizin ona ehtiyacı var".

QEYD: Məhkəmənin qərarı ilə Zahid Vəliyevin barəsində 2 il sınaq müddətinə şərti cəza təyin edilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalından azad edilib.

Son söz əvəzi

Yaxşı ki, cinayətlər hər zaman ölümlə nəticələnmir. Bu isə insanlara düşünməyə imkan verir. Gəlin dərindən düşünək. Axı biz insanıq...

İnarə Rafiqqızı

O.M.