Sabirabadda qardaş qardaşı bıçaqla öldürdü

Sabirabadda qardaş qardaşı bıçaqla öldürdü

8 Sentyabr 2011 16:32
Bəyəndim (0) Bəyənmədim (0)
Mübahisə televiziya verilişi üstündə baş vermişdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayon sakini 1986-cı il təvəllüdlü Fərzəliyev Mərfət Telman oğlunun məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs doğma qardaşını qətlə yetirməkdə ittiham olunur.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Mərfət Fərzəliyev ötən ilin yanvar ayının 24-də qardaşı Sahib Fərzəliyevlə yaşadıqları evin mətbəxində televizora baxarkən aralarında narazılıq yaranıb. Baş vermiş mübahisə zamanı Sahib qardaşının ayaqlarından yapışaraq onu yerə yıxıb və möhkəm əzişdirib. Qardaşının əlindən qurtulmağa çalışan Mərfət masanın üzərindən götürdüyü bıçaqla ona bir dəfə zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralını dərhal Sabirabad rayon xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Belə ki, həkimlər yaralını müayinə edərkən artıq onun keçindiyini söyləyiblər.

"Verilişə baxmaq üstündə aramızda dava düşdü"

Təqsirləndirilən şəxs qismində dindirilən Mərfət Fərzəliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən gün qardaşı Sahiblə birlikdə televizora tamaşa edirmiş: "Televizorda ilanlar haqqında sənədli veriliş nümayiş olunurdu. Mən də həmin verilişə baxırdım. Bu vaxt qardaşım Sahib buz üstündə sürüşmədən bəhs edən kinoya baxmaq istədiyini bildirərək pultu götürüb kanalı dəyişdi və kinoya baxmağa başladı.

Qardaşımın bu hərəkətinə etiraz etsəm də o, mənə əhəmiyyət vermədi. Sahib pultu masanın üstünə qoyandan sonra mən pultu götürüb öz baxmaq istədiyim verilişə çevirdim. Qardaşım bundan əsəbiləşərək ayağa qalxıb televizoru elektrik cərəyanından ayırdı.

"Əlimə bıçaq keçdi və..."

Mən durub televizoru cərəyana qoşdum. Elə bu zaman Sahib ayaqlarımdan dartaraq məni yerə yıxdı. Üstümə çıxıb başımdan, burnumdan yumruqla vurdu. Birtəhər Sahibi üstümdən itələyib sol dirsəyim üstünə qalxdım və əlimi stolun üstünə atdım. Əlimə bıçaq keçdi. Bıçağı Sahibin sinəsinə yavaşca toxunduraraq üstümdən durmasını tələb etdim. Sahib isə mənim əlimdən bezdiyini deyərək oturduğu yerdən qalxmadı. Onun hərəkətinə bərk əsəbiləşdiyim üçün bıçaqla sinəsindən altdan yuxarı möhkəm zərbə endirdim.

"Sahib yerə yıxılıb xırıldayırdı"

Bıçağı çıxaran kimi Sahib ayağa qalxdı. Yerində bir qədər gəzişdi. Mən ayağa durub əlimdəki bıçağı mətbəxdə yudum. Bu zaman Sahibin yerə yıxılıb xırıldadığını gördüm. Bıçağı yerə tullayıb qonşu otağa qaçdım və arvadım Fərqanəni köməyə çağırdım. Fərqanə Sahibin əllərindən, mənsə ayaqlarından tutub aynabənddəki qapının kənarına qoyduq. Qapıdan qışqırıb atamı və anamı evə çağıraraq hadisə barədə onlara məlumat verdim. Qonşumuz Rayisgilə qaçıb ondan maşınla Sahibi xəstəxanaya çatdırmasını xahiş etdim. Rayis də tez maşınla bizim həyətə gəldi. Atamla anam Sahibi xəstəxanaya apardılar. Mətbəxə keçib Sahibi vurandan sonra yerə atdığım bıçağı götürdüm və tutulacağından qorxaraq yataq otağındakı şkafın arxasında gizlətdim. Bir qədər sonra valideynlərim Sahibin meyitini xəstəxanadan evə gətirdilər.

"Qardaşımı öldürmək niyyətim olmayıb"

Qardaşım Sahiblə əvvəllər heç bir söz-söhbətim olmayıb, həmişə aramızda xoş münasibət olub. Qardaşım son vaxtlar çox əsəbi olmuşdu, ona heç bir şey demək mümkün deyildi. Sahib fiziki cəhətdən məndən güclü olduğuna görə və məndən əl çəkməsi üçün onu qorxutmaq məqsədi ilə bıçaqla vurub xəsarət yetirmişəm. Mən qardaşımı öldürmək niyyətində olmamışam".

"Həkimlər oğlumun öldüyünü dedilər"

Zərərçəkmiş şəxs qismində dindirilən Telman Fərzəliyev ifadəsində həyətyanı sahədə iş görən zaman gəlini Fərqanənin pilləkənə çıxıb qışqıraraq onu evə çağırdığını göstərib: "Gəlinim qışqıraraq məni evə çağırdı. Tez evə gəldim. İçəri keçəndə gördüm ki, oğlum Sahib aynabənddə yerdə uzanıb. Sahibin köynəyini yuxarı qaldıranda sinəsində bıçaq yarası olduğunu gördüm. Arvadım Yəmən mənə dedi ki, Mərfətlə Sahibin arasında nəsə mübahisə olub. Həmin vaxtı Mərfət evdə yox idi. Qonşuya qaçmışdı ki, maşın çağırsın. Mərfət qonşumuz Rayisi çağırdı. Arvadımla birlikdə Sahibi Rayisin idarə etdiyi maşınla xəstəxanaya apardıq. Xəstəxanada həkimlər bizə Sahibin öldüyünü söylədilər. Bundan sonra geri qayıtdıq. Oğlum Mərfət 2-ci qrup əlildir. Mərhum oğlum Sahib isə çox əsəbi idi. Sahib əsəbi olduğundan, Mərfətsə gözünün zəif olması səbəbindən hərbi xidmətə getməyiblər.

"Oğlumu bağışlayıram"

Sahibin bədənindəki bıçaq xəsarətindən başqa heç bir xəsarət görməmişəm. Mərfətin alnında şişkinlik, burnunda qançır yerləri vardı. Sonradan mənə məlum oldu ki, onlar televizora baxarkən sözləri çəpləşib, Sahib də Mərfəti yerə yıxaraq döyüb. Mərfətsə özünü Sahibin əlindən qurtarmaq və onu qorxutmaq üçün bıçaqla ona xəsarət yetirib. Hər ikisi mənim oğlumdur. Mənim Mərfətə qarşı heç bir şikayətim və ya tələbim yoxdur, onu bağışlayıram".

"Mərfət mənə qardaşının özü-özünü bıçaqla vurduğunu dedi"

Şahid qismində dindirilən Cəbrayıl Rüstəmov ifadəsində qonşusu Telmanın evindən səs-küy gəldiyini eşitdiyini göstərib: "Telmangilin evinə tərəf getdim. Gördüm ki, Rayisin idarə etdiyi avtomaşınla Telman, Yəmən və sonuncunun qucağında uzadılmış vəziyyətdə olan Sahib harasa gedirlər. Telmanın həyətinə girdikdən sonra Mərfətdən nə hadisə baş verdiyini soruşdum. Mərfət Sahibin özü-özünü bıçaqla vurduğunu dedi. Bundan təxminən bir saat sonra Telman Sahibin meyitini gətirdi. Həmin vaxt bildim ki, Sahiblə Mərfətin arasında mübahisə olub və mübahisə zamanı sonuncu bıçaqla Sahibi vuraraq xəsarət yetirib. Sahibsə aldığı bıçaq zərbəsindən dünyasını dəyişib".

"Sahibi halsız vəziyyətdə ata-anasının qucağında gördüm"

Şahid qismində dindirilən Rais Qurbanov ifadəsində göstərib ki, 24 yanvar 2010-cu ildə saat təxminən 15-16 radələrində öz evində olan zaman onu kimsə çağırıb: "Bayıra çıxanda gördüm ki, məni çağıran qonşumuz Mərfətdir. Mərfət həyəcanlı vəziyyətdə Sahibin vəziyyətinin ağır olduğunu, maşını götürüb onlara gəlməyimi və Sahibi xəstəxanaya aparmağımı xahiş etdi. Mənə məxsus olan QAZ 24-10 markalı avtomobili Telmanın yaşadığı evin həyətinə sürdüm. Pilləkənlərlə yuxarı qalxdıqda aynabəndin qapısının ağzında Sahibi halsız vəziyyətdə anası Yəmən və atası Telmanın qucağında gördüm. Sahibi təcili olaraq Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırdıq. Bir nəfər tanımadığım şəxs Sahibi xərəyə qoyub ikinci mərtəbəyə qaldırdı. Orada həkimlər artıq Sahibin öldüyünü söylədilər. Sonradan məlum oldu ki, Sahiblə Mərfətin arasında televizorda gedən ayrı-ayrı verilişlərə baxmaq üstündə mübahisə baş verib. Mübahisə zamanı Sahib Mərfəti yerə yıxaraq döyüb. Həmin vaxt Mərfət masanın üstündə olan bıçağı götürüb Sahibi vuraraq ona xəsarət yetirib".

Qeyd:

Məhkəmənin hökmü ilə Mərfət Fərzəliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

O gün qardaşlar televiziya proqramına baxa bilmədilər. Birinin televiziya ekranı ömürlük qaraldı, digərininsə həyatı qorxulu televiziya filmlərinin mövzusuna çevrildi. Halbuki, bir-birinə güzəşt etsəydilər, birlikdə neçə-neçə verilişlərə baxa bilərdilər...

İnarə Rafiqqızı

O.M.