Hacıxanımın Hacı dostu ilə "sevgi" macərası və qisası

Hacıxanımın Hacı dostu ilə "sevgi" macərası və qisası

5 Sentyabr 2011 16:16
Bəyəndim (0) Bəyənmədim (0)
Qobu sakinləri 10 ildən çox idi ki, ailəvi dost idilər

Məqalə ittiham aktına əsasən qələmə alınıb

Cinayət hadisəsi ötən ilin iyul ayının 14-də Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Həmin gün əslən Şuşa şəhərindən olan 1954-cü il təvəllüdlü Ağayev Elxan Fəxrəddin oğlu Qobu qəsəbəsindəki inşa etdirdiyi evin qarşısında güllələnib. Ağır yaralanmasına baxmayaraq, o, idarə etdiyi avtomaşına əyləşərək özünü Respublika Klinik Xəstəxanasına çatdırıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin izini isti izlərlə açmağa müvəffəq olublar. Keçirilən əməliyyat tədbirləri nəticəsində sözügedən cinayətin sifarişçisi 1973-cü il təvəllüdlü Töhfə Məmmədova, onunla bu işdə əlbir olan Əhməd Cəfərov, Vüqar Qasımov, sifarişi yerinə yetirən İlqar Hacıyev və ona bu işdə kömək edən Möhsini Fərhad tutularaq istintaqa təhvil veriliblər. Adıçəkilən şəxslərə AR CM-nin 29.120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5 (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 32.5 (Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş alətləri gizlətməyi, belə alətləri almağı və yaxud satmağı qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Məhkəməyə hakim Əlövsət Abbasov sədrlik edir.

İttiham aktını ixtisarla oxuculara təqdim edirik.

İstintaqla müəyyən olunub ki, Elxan Ağayevi öldürməyi Töhfə Məmmədova sifariş verib. Bizneslə məşğul olan Töhfə Məmmədova uzun müddət intim münasibətdə olduğu Elxan Ağayevin onu hədələyərək böyük məbləğdə pul tələb etməsindən bezərək sonuncunun qətlini sifariş vermək qərarına gəlib.

Hacıxanım əvvəllər fala baxmaqla məşğul olurmuş

Təqsirləndirilən şəxs qismində dindirilən Töhfə Məmmədova ifadəsində həbs olunanadək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərib: "1992-ci ildə Etibar Məmmədovla ailə qurmuşam. Birgə nikahdan bir oğlumuz olub. Xırdalan şəhəri Quşçuluq massivində qayınatama məxsus 3 otaqlı mənzildə yaşamışıq. 2005-2006-cı illərdə yaşadığımız binanın həyətində ev tikib oraya köçmüşük.

Elxan Ağayevi 10 ilə yaxındır ki, tanıyıram. Onunla arvadı Nüşabənin vasitəsi ilə tanış olmuşam. Əvvəllər kartla fala baxmaqla məşğul olurdum. Nüşabə də mənim yanıma gəlib-gedirdi. Çox zaman əri Elxan da onunla birlikdə gəlirdi.

İlkin tanışlıq, ailəvi dostluq, sevgi macərası

Həmin dövrlərdə oğlumun kiçik toy mərasiminə Nüşabəgili də dəvət etmişdik. O vaxtdan etibarən də ailələrimiz arasında dostluq yaranmışdı. Elxan həm ərimlə, həm də qayınatamla dostluq edirdi. Həmin ərəfələrdə Elxan dəfələrlə, "səni sevirəm, sənsiz yaşaya bilmirəm", - deyərək məni yoldan çıxardığından onunla yaxınlıq etmişdim. Onunla 2008-ci ildən yaxın münasibətdəyik. Hamıdan gizlin müxtəlif yerlərdə görüşürdük. Aramızdakılara son qoymaq istəyəndə isə Elxan məni hədələyirdi ki, onunla cinsi əlaqədə olmasam, hər şeyi açıb ailə üzvlərimə və qohumlarıma deyəcək. Ona görə də onunla əlaqəmi kəsə bilmirdim.

Uğurlu biznes

2006-cı ildən etibarən mən parfümeriya və pal-paltar satışı ilə məşğul olmağa başladım. Yaxşı pul qazanırdım. Elxan varlandığımı görüb özünün və ailəsinin ehtiyaclarını ödəmək üçün məndən pul tələb edir, mən də verirdim. Həmin vaxtlar o, heç yerdə işləmirdi. Yalnız arvadı Nüşabə məktəbdə müəllimə işləyirdi. 2006-cı ilin may ayında Elxanı İbrahim adlı tanışımın vasitəsi ilə ip əyirmə və pambıq zavoduna müdir vəzifəsinə işə düzəltdim. Deməsinə görə, ayda təxminən 300 manat əməkhaqqı alırdı. Düşünürdüm ki, Elxan işə düzələndən sonra məndən əl çəkəcək, daha pul tələb etməyəcək. Amma Elxan yenə də məndən əl çəkmir, pul tələb edir, rədd cavabı verdikdə isə "Hacıxanım, səni qohum-əqrəba içində biabır edərəm" deməklə hədələyirdi. Aramızda yaşananları oğlum, həyat yoldaşım bilməsin deyə onun tələb etdiyi məbləği vermək məcburiyyətində idim. Qorxudan onun hər dediyini yerinə yetirirdim. Hər ay Elxana əldə etdiyim gəlirdən 1000 manat verirdim.

165.000 manatlıq ev

Bir dəfə söhbət əsnasında Elxana Yeni Qobu qəsəbəsində torpaq sahəsi alıb orada ev tikdirmək fikrində olduğumu söyləmişdim. Təxminən 1 həftə keçmiş Elxan məndən tələb etdi ki, ona da qonşuluqda özümün evim kimi ev tikdirim. "Nəyə görə öz vəsaitim hesabına sənə ev tikməliyəm? Mən bunu etməyəcəyəm", - dedikdə yenə də şantaja başladı. Mən də ali savadı olmayan, kənd yerində tərbiyə almış bir qadın kimi çıxış yolu tapa bilmirdim, heç kimlə məsləhətləşə bilmir, Elxanın tələblərinə əməl etməyə məcbur olurdum.

2007-ci ildə Yeni Qobu qəsəbəsində inşa olunan məscidin (Həmin məscidi Hacıxanım tikdirirmiş - red.) arxa hissəsində özümə və Elxana 16 sot torpaq sahəsi aldım. 2008-ci ildə maddi vəziyyətim çox yaxşılaşdı. Elxan bunu görüb tələb edirdi ki, onun evinin tikintisinə başlayım. Artıq qorxu içində yaşayırdım. Onun bir sözünü iki eləyə bilmirdim. Elxan da bundan sui-istifadə edərək tələblərini daha da çox artırırdı. Düşünürdüm ki, bəlkə Elxana ev tikdirəndən sonra məndən əl çəkəcək. Nağd pula ehtiyacım olduğunu, evi hələ tikdirməyə tələsmədiyimi ona izah etməyə çalışdıqda, "... elə eləmə ki, səni el-oba arasında biabır edim, sənin ailən ola-ola mənimlə gəzirsən", - deyirdi. Tanışlarım və qohumlarım arasında rüsvay olacağımdan qorxurdum. Elxandan xahiş etdim ki, aramızdakılar barədə heç kimə heç nə deməsin, onun evinin tikintisinə vəsait verəcəyəm.

Həcc ziyarəti

2008-ci ilin payızında Elxan qohumlarımla Həcc ziyarətinə getdiyimi öyrənib məndən tələb etdi ki, öz hesabıma onu, arvadını, oğlanlarını, bacısını da Həcc ziyarətinə aparım. Elxanın xasiyyətinə yaxşı bələd olduğumdan ondan hər cür pislik gözləyirdim. Ona görə də çox ehtiyat edirdim. Çıxılmaz vəziyyətdə qaldığım üçün razılıq verdim. Onların hər birinin əvəzinə 3500 manat, ümumilikdə 17.500 manat pul ödədim. Anamı, xalamı, həyat yoldaşımı, qayınanamı, oğlumu da həcc ziyarətinə apardım. Düşünürdüm ki, bəlkə Elxan Həcc ziyarətindən sonra daha məni hədələməyəcək. Həcc ziyarətindən qayıdandan sonra Elxanla münasibətlərimi birdəfəlik kəsmək qərarına gəlmişdim.

1170 manatlıq telefon hədiyyəsi

2009-cu ilin aprel ayında Elxanın tələbi ilə onun üçün 1170 manata "Nokia 8800 ART" markalı mobil telefon alıb verdim.

Elxan məni daim qorxu altında saxlayırdı. Ondan hər zaman ehtiyat edirdim. Çünki aramızda yaşananlar barədə kiməsə məlumat verməsindən, rüsvay olacağımdan, bu ləkəni üstümdən silə bilməyəcəyimdən, ailəmin dağılacağından qorxurdum. İfşa olunmamaq üçün görüşləri kəsə bilmirdim, onun tələb etdiyi kimi mütəmadi olaraq pul, hədiyyələr alıb verirdim. Həmin telefonu da Elxanın tələbi ilə ad gününə hədiyyə kimi almağa məcbur olmuşdum.

Telefona çəkilən intim görüntülər

2009-cu ilin iyul ayında Elxan məndən evin tikintisini qurtarmağı, növbəti dəfə pul verməyi tələb etdikdə, ona artıq pulumun tükəndiyini, imkanım olmadığını, evinin tikintisini tamamlaya bilməyəcəyimi söylədim. Belə olan halda Elxan, "mənimlə bir yerdə olduğun zaman intim pozada, çılpaq vəziyyətdə şəkillərini və videogörüntülərini çəkmişəm, əgər dediklərimi etməsən, səni qohum-əqrəba arasında biabır edəcəyəm", - dedi. Onun dediklərinə inanmadım. Elxan telefondakı şəkilləri və videogörüntüləri mənə nümayiş etdirdi. Hər iki fotoşəkildə və videogörüntüdə özümü tanıdım. Bundan çox qorxdum, ağlamağa başladım.

Elxanın həmin fotoşəkilləri nə vaxt çəkdiyini bilməmişəm, xəbərim olmayıb. Həmin görüntüləri silməyi tələb etdikdə o, "bu görüntülər səni əldə saxlamaq üçün mənə lazımdır", - dedi və telefona kod qoydu ki, mən görüntüləri silə bilməyim. Dəfələrlə ağlayıb ona yalvarmağıma baxmayaraq, Elxan telefonun yaddaşındakı görüntüləri silmək istəmir, məni özündən asılı vəziyyətdə saxlayırdı.

Hacıxanım killer axtarışında

Elxanın tələblərindən cana doymuşdum. Onu cəzalandırmaq istəyirdim. Çünki bu görüntülərin, aramızda yaşananların nə vaxtsa ortaya çıxacağından qorxurdum. 2010-cu ilin yanvarında həyat yoldaşımın xalası Narıngülün əri Əhməd Cəfərov zəng vurub bir aya qaytarmaq şərti ilə məndən 20 000 manat borc pul istədi. "Nizami" metrosunun qarşısında Əhmədlə görüşüb ona 20 000 manat verdim. Bir aydan sonra Əhməd mənə zəng vurub görüşmək istədiyini dedi. Elə bildim ki, aldığı borcu geri qaytaracaq. Onunla yenə də "Nizami" metrosunun yanında görüşdük. Söhbət zamanı Əhməd mənə 7-8 ildir Milli Məclisdə işlədiyi vəzifədən çıxdığını, kiminsə onu vəzifəyə qaytaracağına söz verdiyini dedi. Şəhərin mərkəzində birotaqlı mənzilini və Nardaranda 3 mərtəbəli bağ evini satmaq niyyətində olduğunu söylədi. "Mənə təcili 60 000 manat pul lazımdır ki, vəzifəyə gedim", - dedi və təklif etdi ki, həmin mənzili və bağı alım. Əhmədin dedikləri ilə razılaşdım. İki-üç gündən sonra birlikdə əvvəlcə şəhərdəki evə, daha sonra isə Nardarandakı bağ evinə baxmağa getdik. Əhməd bağ evinin qiymətinin 350-400 min manat civarında olduğunu, amma mənə 250 min manata satacağını dedi. Evin sənədləri Əhmədin arvadı Narıngülün adına olduğundan o, sənədləşmə işinin 2-3 ay vaxt aparacağını bildirdi. Bağı almaq məqsədi ilə 3-4 gündən sonra Əhmədə ABŞ səfirliyinin qarşısında 60 000 manat verdim. Qalan pulu isə sənədləşmə işi bitəndən sonra verəcəyimi dedim.

2009-cu ilin aprel ayının əvvəllərində bağın sənədləşməsinin nə yerdə olduğunu soruşmaq üçün Əhmədlə görüşüb-danışmaq qərarına gəldim. Söhbət zamanı ona ailəvi dostumuz olan Elxanın məni narahat etdiyini, hədə-qorxu gəldiyini, telefona çəkdiyi videogörüntülərlə məni şantaj etdiyini danışdım. Əhməd də mənə narahat olmamağı tapşırıb, özü Elxan barədə tədbir görəcəyini söylədi.

Aradan bir müddət keçməsinə baxmayaraq, Əhməd nə bağ evini mənim adıma sənədləşdirmişdi, nə də Elxanın barəsində bir tədbir görmüşdü. Ona görə də Əhmədə zəng vurub bu işlərin nə yerdə qaldığını soruşdum. O, da hər iki məsələni yaxın vaxtda həll edəcəyinə söz verdi.

Ötən ilin may ayında Əhməd oğlunu evləndirəcəyini deyərək, 8-ci km qəsəbəsindəki mənzilini təmir etdirmək üçün məndən 30 min manat istədi. Mən də həmin məbləği ona verdim. Əhməd dedi ki, yerdə qalan 140 min manatı sənədləşmədən sonra alacaq. Ümumilikdə, Əhmədə 116 min manat verdim".

Qeyd

Əhməd Cəfərov Elxanı aradan götürəcəyi təqdirdə Töhfədən aldığı pulları geri qaytarmayacağını düşünür. Ona görə də killer axtarışına başlayır. Axtarış uzun sürmür. Əhməd bu işdə ona yardım etmək üçün bacısı oğlu Vüqar Qasımovu, onun əli ilə isə İlqar Hacıyevi tapır.

"Dedi ki, həmin adamı yox etmək lazımdır"

Təqsirləndirilən şəxs qismində dindirilən Vüqar Qasımov Töhfə Məmmədovanı 10 ilə yaxındır ki, tanıdığını göstərib: "Töhfəni bir qohum kimi tanıyıram. Ötən ilin may ayının axırlarında Töhfə mənə zəng vuraraq görüşmək istədiyini bildirdi. Onunla "Beşmərtəbə"nin yanında görüşdük. Töhfə məni bir kənara çəkib bir nəfərin ona hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini, yaşayışına mane olduğunu və şantaj etdiyini dedi. Həmin adamı yox etmək lazım olduğunu açıqladı. Həmin adamın kimliyi ilə maraqlananda Töhfə dedi ki, Elxan Ağayev adlı şəxsdir. Dedim ki, məsələyə baxaram, görüm Elxanı öldürmək üçün kimi axtarıb tapa bilərəm. Töhfə Elxanın şəklini, ev ünvanını, avtomaşının nömrəsini mənə yazıb verdi və onun "Kaspian plaza"-da işlədiyini dedi. Bundan sonra ayrıldıq.

Cinayətkar aləmə yaxın adam

Bu söhbətdən 1-2 gün keçdikdən sonra İlqar Hacıyevlə telefonda danışaraq "Qələbə" kinoteatrının qarşısında görüşməyə razılaşdıq. İlqarın "razborkalar"a gedib "problemlər"i həll edən birisi olduğunu bilirdim. İlqarı cinayətkar aləmə yaxın adam kimi tanıdığım üçün Töhfənin xahişi ilə bağlı ona müraciət etdim.

Dedim ki, mənim bir qadın qohumum var, ona mane olan şəxsi öldürmək lazımdır. İlqarda qətiyyət yaratmaqdan ötrü yalandan, "həmin şəxs Moskvada Hacıxanımın qohumunu zorlayıb, ona görə də onu cəzalandırmaq lazımdır", - dedim. İlqar da razılaşdı. Bu işin müqabilində ona 25 min manat pul veriləcəyini söylədim. İlqar isə öncədən 10 min manat beh istədi. İlqar Elxanı necə öldürəcəyini mənə demədi. Töhfə ilə görüşüb adam tapdığımı, bu işin 30 min manata başa gələcəyini dedim. Həmin puldan 5000 manat özümə götürməyi planlaşdırmışdım. Töhfə də razılaşdı. Belə qərara gəldik ki, 30 min manatın 10 min manatını Töhfə əvvəlcə, yerdə qalanını isə adam öldürüləndən sonra versin. Töhfədən aldığım 10 min manatı İlqarla görüşüb ona verdim. İlqar dedi ki, yaxın günlərdə sifariş yerinə yetiriləcək. Puldan 1000 manatını özümə götürdüm. İlqarla görüşən zaman Elxanın fotoşəklini, ev ünvanı, maşının nömrəsi yazılmış kağızı ona verdim. "Kaspian plaza"nın qarşısına gələrək İlqara Elxanı avtomaşından düşərək binaya girərkən göstərib tanıtdım.

Baş tutmayan qətl

Hadisədən bir neçə gün əvvəl Töhfə ilə Qobuya getdik. Töhfə mənə özünün və Elxanın evini göstərdi. Hadisənin Elxanın evinin qarşısında törədilməsini qərara aldıq. Qərara gəldik ki, 14 iyul saat 16-17 radələrində Töhfə Elxanın Qobudakı evinə gəlməsini təmin edəcək ki, İlqar Elxanı orada vura bilsin.

Hadisə baş verən gün Qobu qəsəbəsindəki inşa edilən məscidin qarşısına gəldim. Bir qədər sonra Töhfə də sürücüsü ilə gəldi, maşını buraxdı. Biz məscidin qarşısında görüşdük. Töhfə ilə söhbət edərkən Elxanın özünəməxsus avtomaşınla məscidin yanından keçib öz evinə tərəf getdiyini gördük. Töhfə mənim maşınıma əyləşdi və biz birlikdə onun tikdirdiyi uşaq bağçasına baxmağa getdik. Bağçaya baxdıqdan sonra şəhərə qayıtdıq. Yolda Elxan Töhfənin telefonuna zəng vuraraq yaralandığını dedi. Töhfənin tələbi ilə maşını saxladım. Töhfə maşından düşüb taksi ilə geri qayıtdı.

Axşam İlqar zəng vurub mənə Elxanı güllə ilə vurub yaraladığını, amma öldürə bilmədiyini dedi və pulun qalan hissəsini istədi. Dedim ki, işi başa çatdıra bilməmisən, nə pul istəyirsən? Sənə pul-zad verilməyəcək. Axşamtərəfi vəziyyəti öyrənmək üçün Abşeron RPŞ-nin rəis müavini Famil adlı tanışıma zəng vurdum. Aldığım cavabdan məlum oldu ki, Elxan Ağayev Qobuda yaralandıqdan sonra özünü xəstəxanaya çatdırıb. Polis əməkdaşları həmin işdə Töhfədən və qohumlarından şübhələndikləri üçün onun qohumlarını və özünü polis şöbəsinə dəvət ediblər. Dərhal polis şöbəsinə gələrək Töhfə ilə söhbət etdim. Töhfə mənə Elxanın sağ olduğunu, sadəcə qarın nahiyəsindən yaralandığını dedi. Bundan sonra mən İlqarın yaşadığı Fərhad Möhsinin evinə getdim. İlqara dedim ki, Elxanı öldürə bilməmisən, tapançanı mənə ver, polisə təqdim edəcəyəm. İlqar mənə tapançanı harasa atdığını, xatırlamadığını bildirdi. Həmin vaxt Famil adlı polis işçisi mobil telefonuma zəng vuraraq təcili şöbəyə gəlməyimi tapşırdı. Mən də getdim və hər şeyi olduğu kimi danışdım. Əməlimdən peşmanam".

"Töhfəni 16 ildir tanıyıram"

Zərərçəkmiş şəxs qismində dindirilən Elxan Ağayev ifadəsində 4 ildən artıqdır ki, Saatlı rayonunun Əlisultan kəndində sapəyirici zavodu inşa edən, "Sinti Line" Azərbaycan firmasının təsis etdiyi "İnter Spin" şirkətinin icraçı direktoru olduğunu, işlədiyi şirkətin ofisinin Bakı şəhərində "Kaspian plaza" mərkəzində yerləşdiyini göstərib: "Şirkət Saatlıda zavod tikintisi ilə məşğul olur. Töhfəni 16 il olar ki, tanıyıram. Əvvəllər Töhfə kartla fala baxırdı, mən də falıma baxdırmaq üçün onun yanına gedirdim. Bir neçə dəfə onu öz evimə falıma baxmaq üçün dəvət etmişəm. Həmin vaxtdan da ailəvi dostluq etməyə başlamışıq. O dövrdən də Töhfə ilə intim əlaqə yaradaraq onunla müxtəlif yerlərdə görüşüb ər-arvad kimi yaşayırdıq. Töhfə mənə danışırdı ki, əri Etibar xəstə olduğu üçün onunla yaxınlıq edə bilmir. Biz Töhfə ilə dəfələrlə xarici ölkələrdə olmuşuq.

"Nə mənim Töhfəyə, nə də Töhfənin mənə borcu qalmayıb"

2006-cı ildə Töhfə ilə qərara gəldik ki, Qobu kəndinin ərazisində yerləşən, "Yeni kənd" adlandırılan ərazidə hər birimiz 16 sot olmaqla yan-yana iki yer götürüb ailələrimiz üçün eyni proyektli 3 mərtəbəli evlər tikdirək. Evlərin eyni proyektlə tikdirilməsinin təşəbbüskarı Töhfə olub. Təxminən bir ay sonra mən həyətimin yanında daha 8 sot torpaq sahəsi aldım. 16 və 8 sot torpağa görə Töhfəyə 12.000 manat pul vermişəm. Evlərin inşa məsələlərinə Töhfə nəzarət edirdi. Dəfələrlə materialların alınması üçün beş min - on min manat civarında pulları Töhfənin anası Ruxsarə Əsgərovaya və qardaşı Rəsul Əsgərova vermişəm. Töhfənin anası da dəftərçəsində pulların hara xərclənməsinin hesabatını aparmışdı. İnşa etdirdiyim evimə təxminən 165.000 manat pul xərcləmişəm. Nə mənim Töhfəyə, nə də Töhfənin mənə borcu qalmayıb.

"Münasibətlərimizi bu qaydada davam etdirmək ayıbdır"

2008-ci ilin noyabr ayında mən öz ailə üzvlərimlə, Töhfə də öz ailəsi ilə birlikdə təyyarə ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə Həcc ziyarətinə getmişdik. Ailə üzvlərimin ziyarətə getməsi üçün 17.500 manat pul ödəmişəm. Həcc ziyarətinə getmə ərəfəsində Töhfəyə təklif etdim ki, aramızda olan intim münasibətlərə son qoyub dost kimi münasibət saxlayaq. Töhfə isə, "mənimlə yaxınlıq etməsəm, özümü öldürəcəyəm", - dedi. Başa saldım ki, artıq sənin oğlun böyükdür, münasibətləri bu qaydada davam etdirmək ayıbdır. Məsələ burasındadır ki, Töhfə ilə aramızda olanları onun əri də daxil olmaqla bütün qohumları ehtimal edirdilər. Bəlkə mənim ailəmdə də bunu bilirdilər, amma büruzə vermirdilər.

Münasibətlərə son

2008-ci ilin payızında Töhfə ilə aramızda olanlara son qoydum və həmin vaxtdan onunla yaxınlıq etmədim. 2009-cu ilin ortalarında Töhfə mənə dedi ki, onda ginekoloji şiş xəstəliyi var və müalicə olunmaq üçün Moskvaya gedib-gəlir. Həmçinin Töhfə həkimlərin ona cinsi həyatla yaşamağı qadağan etdiyini söyləmişdi. Təxminən 3-4 ildir ki, mən sap əyirmə zavodunun inşası ilə əlaqədar Saatlı rayonunun Əlisultanlı kəndində kirayə ev tutmuşam. Hələ 2007-2008-ci illərdə zavodun inşası ilə əlaqədar Saatlıya gedəndə Töhfə də mənimlə birlikdə bir neçə gün orada qalmışdı. Töhfə ilə daim telefon əlaqəsi saxlamışıq. Hadisədən əvvəl son bir ay ərzində Töhfəyə zəng edəndə o, müalicəsi ilə bağlı Moskva şəhərində olduğunu və gələndən sonra mütləq görüşəcəyimizi deyirdi.

"Görüşməyi təkid etdi"

Hadisə baş verən gün Töhfə mənə zəng vuraraq görüşməyi təklif etdi. O, müalicədən yeni qayıtdığını, Qobuda inşa etdirdiyi məscid və uşaq bağçasına baxmağa gedəcəyini dedi. "Sürücünü buraxıb bir qədər söhbət edərik, sonra birlikdə şəhərə qayıdarıq", - deyərək mənim də oraya gəlməyimi təklif etdi. Razılaşdım. İşdən çıxıb Qobuya yollandım. Avtomaşını darvazadan təxminən 12 metr aralıda, yolun əks tərəfində saxlayıb həyətə girdim. Pilləkənlə evin ikinci mərtəbəsinə qalxıb eyvana çıxanda gördüm ki, evin sağ tərəfindəki torpaq sahəsində orta yaşlı, bir qədər arıq bədən quruluşlu, gözündə eynək olan bir şəxs addımları ilə torpaq sahəsini ölçür. Eyni zamanda məscidin həyətinə baxanda gördüm ki, Töhfə orada bir nəfər qara kostyumda olan kişi ilə gəzişir. Öz evimə tərəf dönəndə məscidin qarşısında da qara rəngli "Cip"in dayandığını gördüm. Bir qədər həyətdə dayandım, Töhfənin gəlib çıxmadığını görüb darvazanı qıfıllayıb getmək istədim. Bu zaman bir qədər əvvəl balkondan gördüyüm şəxsin mənə tərəf gəldiyini gördüm.

"Atəş səsləri eşitdim"

O, mənə yaxınlaşıb salam verdi, torpağın bir sotunun qiymətini soruşdu. Ona Qobu Bələdiyyəsinə müraciət etməyi məsləhət gördüm. Sonra çevrilib maşına minmək istədikdə atəş səsləri eşitdim, özümə zərbə dəydiyini hiss etdim. Cəld geri dönüb həmin şəxsin üzərinə getdim ki, bir daha atəş aça bilməsin. Onun üzərinə gəldiyimi görəndə əlləri əsdi, tapança əlindən yerə düşdü, tələsik tapançanı götürüb əks istiqamətə qaçdı. Yaralandığımı başa düşüb özümü tez həkimə çatdırmaq üçün avtomaşına oturub yola çıxdım. Töhfəyə zəng vurub tanımadığım bir nəfərin məni tapança ilə vurduğunu dedim. Töhfə məndən harada olduğumu soruşduqda, Qobu xəstəxanasına getdiyimi söylədim. Xəstəxananın qarşısındakı qadınlara yaralı olduğumu bildirərək, xəstəxanada cərrah olub-olmadığını soruşdum. Dedilər ki, içəridə heç kim yoxdur. Bundan sonra maşını Respublika Kliniki Xəstəxanasına sürdüm. Yolda olarkən Töhfəyə, özəl xəstəxanaların birində cərrah işləyən tanışım Nazim Quliyevə və oğluma zəng vurub yaralı vəziyyətdə Kliniki Xəstəxanaya getdiyimi dedim.

"24 saat ərzində səni vuran adamı tapdıracağam"

Xəstəxananın qarşısında məni Nazimlə oğlum qarşıladılar. 2-ci cərrahiyyə şöbəsinə apardılar. Qəbul şöbəsində mənə baxanda maykamın altındakı güllə yerə düşdü. Məni rentgenə aparıb şəkillərimi çəkəndən sonra reanimasiyaya yerləşdirdilər. Xəstəxanaya gələndən 10-15 dəqiqə sonra Töhfə özünü çatdırdı. Bir daha kimin və nəyə görə atəş açdığını soruşdu. Dedim ki, heç nə bilmirəm. Töhfə dəhlizdə qışqıra-qışqıra deyirdi ki, 24 saat ərzində məni vuran adamı tapdıracaq.

İlqar Hacıyevi, Vüqar Qasımovu, Möhsini Fərhadı əvvəllər tanımamışam, onlarla heç bir münasibətim olmayıb. Töhfənin hansı səbəbə görə məni öldürtmək istədiyini bilmirəm. Heç vaxt Töhfənin intim pozada və çılpaq vəziyyətdə şəkillərini və videogörüntülərini çəkməmişəm. Həmin fotoşəkilləri kiməsə göstərib onu rüsvay edib hörmətdən salacağımla hədələyib pul tələb etməmişəm. Mənim pula ehtiyacım yoxdur, ayda 300 manat alıram. Mobil telefonumda olan videogörüntüləri və şəkilləri mən çəkməmişəm. İstifadəmdə olan telefonu mənə Töhfə hədiyyə alıb. Telefonun yaddaşına heç vaxt baxmadığım üçün orada Töhfənin intim pozada videogörüntüləri olmasını bilməmişəm. Ola bilər ki, Töhfə həmin görüntüləri telefonun yaddaşına daxil edib, sonradan telefonu mənə verib. Həmin fotoşəkillərin kim tərəfindən və hansı şəraitdə çəkildiyini bilmirəm".

QEYD: Məhkəmə davam edir. Çıxarılacaq qərarla Sizləri yaxın günlərdə tanış edəcəyik

İntizar Rafiqoğlu

O.M.