Şahidlərin Cahangir Hacıyevin məhkəməsinə məcburi gətirilməsi barədə qərar çıxarılıb

Şahidlərin Cahangir Hacıyevin məhkəməsinə məcburi gətirilməsi barədə qərar çıxarılıb

9 Sentyabr 2016 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Təqsirləndirilən C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev deyib ki, müvəkkili indiyə qədər qeydi aparılan məhkəmə protokolları ilə tanış olmaq istəyir. Hakim bildirib ki, hazırda bu, mümkün deyil. Ə.Hacıyev deyib ki, məhkəmə prosesi tamamlandıqdan sonrakı 3 gün ərzində protokollat tərəflərə təqdim olunacaq.

Məhkəmə şahidlərin ifadəsi ilə davam edib. Şahid Emma Həsənova deyib ki, təqsirləndirilən Azad Cavadovun keşmiş arvadının anasıdır. O, Azad Cavadovun xahişi ilə kredit müqaviləsini imzaladığını deyib.

Bankın Səbail filialının müdiri Ehtiram Əliyev də ifadə verib. O, kreditlərin ayrılması mexanizmi barədə danışıb.

A.Cavadovun keçmiş arvadının qardaşı Ələkbər Həsənov da ifadə verib. Ə.Həsənov cinayət işində soyuq silah kimi keçən xəncər haqda danışıb.

Şahid deyib ki, həmin xəncəri A.Cavadova ad günündə hədiyyə edib: "Xəncəri "28 may" metrostansiyasının yaxınlığında yerləşən mağazadan almışam".

Qeyd edək ki, ittiham aktında A.Cavadova həmin xəncərə görə Cinayət Məcəlləsinin 228.4-cü (soyuq silah saxlama) maddəsi ilə cinayət işi açılıb.

Bankın Sabunçu filialının müdir müavini Azər Kərimzadə rəhbərlik işdə olmadığı vaxtda bir kreditin ayrılması üçün sənədləri imzaladığını bildirib.

Digər 6 şahid prosesə qatılmadığı üçün onlar barəsində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılıb. Həmin şahidlər də ifadə verdikdən sonra məhkəmə istintaqı yekunlaşacaq.

Məhkəmə prosesi sentyabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin şəxslər 211 milyon manat pulu mənimsəməkdə təqsirli bilinirlər.

Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynovun barələrində həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.

Mediainfo.az