Dələduzların məhkəməsi davam etdirilib

Dələduzların məhkəməsi davam etdirilib

29 İyul 2016 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun cinayət işi məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə L.Abdullayevin vəkili Cavad Cavadov vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işində maddi sübutların olmadığını və işin ibtidai istintaqa qaytarılmasını istəyib. Vəsatət təmin edilməyib.

Həmçinin ötən prosesdə L.Abdullayevin vəkili Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsi vəsastətinə də baxılıb. Məhkəmə kollegiyası həmin vəsatəti də təmin etməyib.

Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev və T.Qasımov saxlanılıb. Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T. Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Mediainfo.az