Qızıl oğurlayanların cəzası azaldılıb

Qızıl oğurlayanların cəzası azaldılıb

29 İyul 2016 14:43
250
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Yevgeni Şepiya və Xalid Gülməmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, X.Gülməmmədovun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 aya, Y.Şepiyanın 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 6 ilə endirilib.

Qeyd edək ki, oğurluq hadisəsi ötən ilin dekabrın 24-də Sabunçu rayonunda baş verib. Bu rayonda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80 min manat dəyərində qızıl əşyalar oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Y.Şepiya və X.Gülməmmədov tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bu ilin may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Şepiya və X.Gülməmmədovun hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Mediainfo.az