Tale Bağırzadə və digərlərinin məhkəməsi davam etdirilir

Tale Bağırzadə və digərlərinin məhkəməsi davam etdirilir

22 İyul 2016 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" hərəkatının həbsdə olan rəhbəri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Hazırlıq iclasında təqsirləndirilən Cahad Bala Babakişizadə, Şamil Abduləliyev və Əli Nuriyevin vəkilləri vəsatətlə çıxış edib. Onlar müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Dövlət ittihamçısı isə vəsatətlərin təmin edilməməsini istəyib.

Hazırlıq iclası günün ikinci yarısı davam etdiriləcək. Qeyd edək ki, Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində DİN xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis olmaqla ümumilikdə altı nəfər şəxs həlak olub. Əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.

AXCP sədrinin müavini F.Qəhrəmanlı barəsində ötən il dekabrın 8-də həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur.

İnarə Rafiqqızı