Azərbaycanlılardan ibarət cinayətkar qrup yaxalanıb

Azərbaycanlılardan ibarət cinayətkar qrup yaxalanıb

25 Avqust 2011 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Arxangelsk vilayətinin polisi regiona irihəcmli heroin tədarükünün qarşısını alıb. Tiryəkin regiona gətirilməsi və satışı ilə azərbaycanlılardan ibarət cinayətkar qrup məşğul olurmuş. Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin Arxangelsk vilayəti üzrə regional İdarəsindən verilən məlumata görə, qrupa 23-34 yaş arasında 7 nəfərdən çox şəxs daxil olub.

"Qruplaşmanın hər bir iştirakçısı ona etibar olunan işlə məşğul olurmuş. Onlardan kimsə tədarükçü ilə razılıq əldə edib, digəri narkotik maddələrin tədarükünü təşkil edib, kimsə isə "ağı" satmaq üçün potensial müştəri axtarışına çıxırmış. Heroin vilayətə iri partiyalarla Sankt-Peterburqdan gətirilib. Narkotik maddələr həm dəmir yolu, həm də avtomobil nəqliyyatı vasitəsilə daşınıb", - deyə İdarədən bildiriblər.

Polisin həyata keçirdiyi kompleks operativ-axtarış tədbirləri zamanı qrupun cinayətkar fəaliyyətinin qarşısı alınıb və onlardan təqribən 700 qram heroin aşkar edilərək götürülüb. Narkotikin təqribən 200 qram həcmində olan bir partiyası 27 yaşlı azərbaycanlıdan götürülüb. O, İsakoqorkadakı dəmir yolu stansiyası yaxınlığındakı ictimai nəqliyyat dayanacağında saxlanılıb. Digər 500 qram həcmli partiya 23 yaşlı həmyerlimizdən götürülüb. Polis onu M-8 federal trassında yaxalamağa müvəffəq olub.

Faktla bağlı cinayət işi qaldırılıb. Cinayətkar qrupun təşkilatçıları və əsas üzvləri həbs olunub. Narkotik alverçilərini 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Camaatın həyatını zəhərləyəcəkdilər, öz həyatları zəhər oldu.

Tofiq Əliyev

O.M.