Jurnalistin barəsində olan hökmdən verilən protest üzrə məhkəmə keçirilib

Jurnalistin barəsində olan hökmdən verilən protest üzrə məhkəmə keçirilib

15 İyul 2016 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Jurnalist Elçin Həsənovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və onun müdafiəçisinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə E. Həsənov çıxış edərək, məhkəmədən bəraət istəyib. Hakim isə qeyd edib ki, vəsatətə məhkəmə baxışında qiymət veriləcək.

Məhkəmə prosesinin baxış iclası avqustun 22-nə təyin edilib.

Qeyd edək ki, E.Həsənovun barəsində "Asiya" agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham olunub.

Nizami Rayon Məhkəməsinin hökmü ilə E.Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və E.Həsənovun müdafiəçisi Fariz Namazlı apellyasiya şikayəti verib.

Xatırladaq ki, E.Həsənov Sumqayıtda nəşr edilən "Yüksəliş naminə" internet-qəzetin redaktor müavini vəzifəsində çalışıb.

Mediainfo.az